“Öz dilimizdə ibadət edirik” – Alban Xristian İcmasının sədri

   “Öz dilimizdə ibadət edirik” –    Alban Xristian İcmasının sədri
  06 Aprel 2024    Oxunub:1933
“ABŞ Dövlət Departamentinin əməkdaşlarını Azərbaycana dəvət etmişəm ki, ölkəmizdə dini etiqad azadlığına heç bir məhdudiyyət qoyulmadığına əmin olsunlar. Hərçənd, gəlib Azərbaycandakı dini vəziyyəti görsələr də, yenə də bu barədə təhrif olunmuş məlumatlar yaymaqdan əl çəkməyiblər”.
Bu sözləri AzVision.az -a alban-udi xristian icmasının sədri Robert Mobili ABŞ Dövlət Departamentinin Azərbaycanda dini etiqad azadlığının guya məhdudlaşdırılması barədə hesabatını şərh edərkən söyləyib. O bildirib ki, hökumətin nümayəndə heyətinin tərkibində Dövlət Departamentində bu məsələ ilə bağlı görüşlər də keçirib.

“Bizim icma öz ayinlərini alban dilində həyata keçirir. Belə bir vəziyyətdə ölkədə dini etiqad azadlığının sıxışdırıldığını necə dilə gətirmək olar? Martın əvvəlində Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə ilk dəfə “Dinlərarası harmoniya” festivalı baş tutdu. Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” adlı beynəlxalq konfransın xarici qonaqları bu festivalda da iştirak etdilər. Məhz belə beynəlxalq tədbirlər vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq. May ayında ölkədəki dini vəziyyətə qərəzli münasibəti gündəmə gətirəcək dinlərarası forumun da keçirilməsi planlaşdırılır. Eləcə də ötən günlərdə ölkəmizə gəlmiş Albaniya Prezidenti ilə Qəbələdə görüşüb, ona icmamızın fəaliyyəti haqqında məlumat verdim”, - Robert Mobili deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Din  





Xəbər lenti