Dünya elmində ağır itki: Hiqs 94 yaşında vəfat etdi

   Dünya elmində ağır itki:    Hiqs 94 yaşında vəfat etdi
  10 Aprel 2024    Oxunub:1282
Dünyanın ən məşhur fiziklərindən biri olan, fizika üzrə Nobel mükafatı laureatı Piter Hiqs vəfat edib.
Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, alimin 94 yaşı olub.

Britaniyalı elm adamının ölüm xəbərini ilk olaraq onun işlədiyi Edinburq Universiteti elan edib. "Professor Piter Hiqs 94 yaşında vəfat edib. O, qısa sürən xəstəlikdən sonra evində rahat şəkildə dünyasını dəyişib", - universitetin saytında dərc olunan məlumatda deyilir.

Qeyd edək ki, "Hiqqs bozonu" və ya "Hiqqs hissəciyi" məhz britaniyalı fizikin şərəfinə adlandırılıb. Belə ki, 1964-cü ildə Hiqs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürüb. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Braut, Fransua Enqler və onlardan başqa daha üç fizik- Qerald Quralnik, Karl Haqen, Tom Kibbl apardıqları tədqiqatlarda oxşar nəticəyə gəliblər. Hələ ki, ancaq fərziyyəyə əsaslanan bu sahə Hiqqs sahəsi adlandırılır. Sonradan Piter Hiqs öz hesablamaları üzərində düzəliş apararkən o, həmin sahənin daşıyıcısı kimi kütləyə malik bozonun mövcud ola biləcəyi ideyasını irəli sürüb. Beləcə bu hissəciyə Hiqqs bozonu və ya Hiqqs hissəciyi adı verilib.
AzVision.az



Teqlər: Fizik  





Xəbər lenti