Naməlum əməliyyat: Üç sərhədçimiz səkkiz düşməni necə məhv etmişdi – FOTOLAR

      Naməlum əməliyyat:    Üç sərhədçimiz səkkiz düşməni necə məhv etmişdi –    FOTOLAR
  31 Yanvar 2022    Oxunub:18602
Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda baş verən Vətən Müharibəsi sıravi əsgərlərin misilsiz qəhrəmanlıq və fədakarlıqları ilə doludur. Ancaq onların çoxu hələ də tam işıqlandırılmayıb. Dövlət Sərhəd Xidmətinin bölmələrindən birinin hərbi qulluqçularının öz təşəbbüslərilə həyata keçirdikləri cavab əməliyyatlarından biri bu qəbildəndir. Bu hadisə nəsillərin yaddaşında hökmən qalmalıdır ki, düşmənlərimiz kiminlə qarşı-qarşıya olduqlarını bilsinlər.
...2020-ci il oktyabrın ikinci yarısında Azərbaycan ərazisini və Xudafərin SES-in yuxarı hissəsi də daxil olmaqla bütün perimetrini faktiki olaraq işğal edən İran tərəfi ilə gərgin danışıqlar bahasına problem həll olundu. Ancaq Dövlət Sərhəd Xidmətinin mexanikləşdirilmiş bölmələri növbəti maneə ilə üzləşdilər. Xudafərin kəndinə Soltanlı kəndindən dolama yolla keçərək, az qala bir gün vaxt itirən və itirilmiş vaxtı kompensasiya etməyə çalışan sərhədçilərimizi işğalçı kontingentin komandanlığının ultrazoom müşahidə kamerası ilə izlədiyi (onun vasitəsilə hücuma keçən bölmələrimizə açılan artilleriya atəşi də koordinasiya edilirdi) adsız yüksəklik gözləyirdi.


2016-cı ilin aprel fiaskosundan sonra işğalçının İran İslam Respublikası ilə bütün keçmiş təmas xətti və “sərhəd” əraziləri boyunca quraşdırdığı kameralar təkcə quldur birləşmələrinə nəzarəti itirmiş erməni komandirlərin deyil, həm də məğlubların təlaş içində geri çəkilməsini səliqəylə kəsib çıxarandan sonra artilleriya zərbələri ilə yenidən montaj edilmiş bəzi uğurlu döyüşlərin videosunu təqdim edən erməni təbliğat maşınının son ümid yeri idi.
Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ön dəstəsinin komandiri müəyyən məqamda başa düşdü ki, təpələrlə əhatə olunmuş çökəklikdə minalanmış ərazini yarmaq ona həvalə edilmiş bölməni işğalçının adsız yüksəklikdə quraşdırılmış və dirəkdəki kamera vasitəsilə atəşini koordinasiya edən artilleriyasının birbaşa zərbəsi altına qoymaq olardı. Onun bir neçə kilometr məsafədə kiçik hədəfi məğlub etmək, eləcə də ona həvalə edilmiş sahənin şimalında artıq düşmən istehkamlarını darmadağın edən artilleriyanın köməyini istəmək imkanı yox idi.

Problem, onu aradan qaldırmağı könüllü olaraq üzərinə götürən üç sərhədçinin səyilə həll olundu. Onlar yüngül hərəkətlərlə Araz çayının sahilyanı sərhəd hissəsi boyunca təpəyə, yəni cinahın kənarına və ya düşmənin müşahidə texnikasının “kor zonasına” dırmaşdılar. Yorulmuş sərhədçilər düz bir saatdan sonra yüksəkliyi arxa tərəfdən dövrə vurmaqla keçərək və ona dırmaşaraq, kameranın elektrik naqillərini təpənin arxa tərəfində quraşdırılmış günəş panellərindən kəsib, ayırdılar. Amma elə həmin dəqiqə yanacaq generatoru işə düşdü və təhlükəsizlik kameralarının enerji təchizatını bərpa etdi. Məlum oldu ki, düşmən gündüzlər günəş panelləri, gecələr isə yanacaq generatoru ilə işləyən qurğudan istifadə edir.


Problem dərhal öz həllini tapdı - generatorun müntəzəm gurultusunu döyüşçülərdən birinin avtomatından açılan atəşlər kəsdi. Ancaq növbəti anda komanda tələsməklə ölümcül səhvə yol verdiyini anladı. Məlum oldu ki, heç kim özü ilə ratsiya və ya raket siqnalı götürmək haqda düşünməyib. Odur ki, indi əsas bölmələrə tapşırığın yerinə yetirildiyi haqda məlumat və irəliləmək işarəsi vermək mümkün deyil...

Özünü söyüb-qınayan azərbaycanlı sərhədçilərdən biri yandırıla biləcək hər şeyi kamera dirəyinin altından dartıb çıxarıb, tonqal qaladı ki, bizimkilər onun tüstüsünü binoklla görə bilsinlər. Digər iki nəfər isə cəbhənin o biri tərəfindəki təpəyə aparan yeganə yol boyu müdafiə mövqelərini tutdu və məlum oldu ki, əbəs deyilmiş. Düz 15 dəqiqədən sonra uzaqda adsız yüksəkliyə sürətlə yaxınlaşan nazik toz zolağı göründü. Daha bir neçə dəqiqə keçdikdə hərbi avtomobilin günəşi əks etdirən çatlaq qabaq şüşəsi parıldamağa başladı. Maşını müşayiət edən yox idi, deməli, döyüşmək lazım idi.

Sərhəd xidmətinin çavuşu qısa qışqırıqla yoldaşına nəqliyyatın istiqaməti barədə işarə verdi, sonra iki dolu sandığı və bir qumbaranı qarşısında yerə qoydu. İkinci əsgər təpədəki qurumuş otların arasına uzandı və demək olar ki, gözdən itdi.
Döyüş sürətli və qəfil oldu. Müşahidə kameralarını “təmir etmək” üçün göndərilən erməni qəsbkarları 20-25 metr məsafədən atəşə tutuldu. Dolanbac torpaq yolun yoxuşunda iki cəsəd uzanmışdı, biri də arxa oturacaqda böyrü üstə yük heybəsinin üstünə düşmüşdü.


Uğurlu pusqu cəsədlərə və avtomobilə baxış mərhələsinə keçdi. Ancaq dəlik-deşik olmuş “UAZ-469” işə düşmədi. Maşındakı mineral su dolu plastik butulkalar məhv edilmiş düşmənin qanına bulaşmışdı. Əməliyyatda iştirak edən sərhədçilərdən biri sonralar xatırlayırdı ki, düşmənə olan ikrah hissi bu an onun vəhşi susuzluğuna qalıb gəlib və o, suya toxunmayıb.

Artıq cəsur sərhədçilərin əlində “RPK-74”, iki avtomat silah, ələ keçirilən silahlara aid bir neçə sandıq, bir cüt smartfon, GPS naviqatoru, siqaretlər, köhnə sovet durbini, bir kanistr yanacaq və... kiminsə davamlı olaraq ermənicə bağırdığı ratsiya vardı.
Heç kim öz rabitəsinin tezliklərini və şifrələrini bilmirdi, buna görə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin çavuşu düşməni ələ salmaq qərarına gəldi və ələ keçirilən smartfonun pleyerini işə salaraq, onu tam gücü ilə işləyən ratsiyanın qarşısına qoydu. Gəbərmiş patrulun komandiri efirdə kədərli rabisi* dinləməyə məcbur olduğu vaxtda üç sərhədçi avtomobili yoldan dərəyə itələdilər.

İndi benzin kanistrini və durbini götürüb əsas işi davam etdirmək olardı. Sərhədçilərdən biri təpəyə geri qayıtdı. Ancaq bir neçə dəqiqədən sonra başqa bir düşmən nəqliyyatının yüksəkliyə yaxınlaşdığını qışqıraraq, yoldaşlarının yanına qaçdı.

İkinci pusqunu artıq üçlükdə qurmuşdular. Döyüşçülər başqa, daha əlverişli mövqelər seçərək, kolluğa uzandılar. Səhvi təkrarlamamaq üçün hamının “UAZ-23632”dən düşməsini və bir qədər aralanmasını gözlədilər ki, avtomobili zədələmədən ələ keçirsinlər.

İkinci “təmir briqadası” avtomobili təpədən bir qədər aralıda saxladı. Pikapdan düşən düşmən əsgərləri döyüşə hazır idilər və əllərində silah ətrafı gözdən keçirməyə başladılar. Məlum oldu ki, bunlar xüsusi təyinatlılardır və ilk atəş səsini eşidən kimi sığınaqlara cumacaqlar.

Sükutu oktyabr ayının qeyri-ənənəvi isti küləyi və... smartfondan ratsiyaya ötürülən axmaq musiqi pozurdu. “Görəsən ratsiyanın enerjisi tez qurtaracaq, yoxsa telefonun?”- Sərhəd Xidməti çavuşunun ağlından absurd fikir keçdi və bu an havanı uzun pulemyot qatarı kəsdi. Onun ardınca ikinci sərhədçi döyüşə girdi. O, bir qədər gözlədi ki, yoldaşı “RPK-74”ü yenidən doldurarkən düşməni atəşə tutmağa davam etsin. Bir neçə saniyədən sonra yenidən döyüşə qoşuldu.

Hər şey bitmişdi... Düşmənin haradan atəş açıldığını anlamağa belə vaxtı yox idi. Bir dəqiqə gözlədikdən sonra çavuş pulemyotçuya qışqırdı ki, olduğu yerdə qalsın, özü isə sandığı dəyişə-dəyişə yavaş-yavaş yola tərəf getdi. Arxa tərəfdən əlindəki silahı yuxarı qaldırmış ikinci atıcı diaqonal boyu torpaq yola yaxınlaşırdı.


Lakin o, Ermənistan Silahlı Qüvvələri xüsusi təyinatlılarının məhv edilmiş əsgərlərindən birinin avtomatını ayağı ilə itələyən kimi, pikapın yük yerindən nəsə gurultuyla düşüb, dolanbac yolla əks tərəfə qaçaraq toz qaldırdı. Atmaq faydasız idi - UAZ obyektin görünmə sahəsini xaincəsinə bağlamışdı, təqib etməyə isə güc qalmamışdı. Elə bu anda təpədəki pulemyotçu qaçanın trayektoriyasını əngəlləmək üçün bir neçə qısa atəş açdı və... vurdu. Sonradan etiraf etdiyinə görə, bu, şüurlu qərardan çox, məşqlərdə dəfələrlə sınaqdan çıxarılmış instinktiv hərəkət idi.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Hücum bölməsinin əsas qüvvələri adsız yüksəklikdə olan ərazini ələ keçirərkən üç Azərbaycan sərhədçisi 8 işğalçını və düşmənin bir texnikasını məhv edib. “UAZ-23632”, bir neçə atıcı silah, rabitə vasitələri və döyüş sursatları qənimət kimi ələ keçirilib.

Çavuş, bölmə komandirindən tapşırığın öhdəsindən gəldiklərini necə müəyyənləşdirdiyi haqda soruşduqda, o, cavab vermişdi ki, “ön bölmələrimizin hərəkət zonasında ərazinin artilleriya atəşinə tutulmasının tam dayandırılması sayəsində”...

* Rabis - not plagiatı və primitiv mətnin qarışığından yaranan populyar erməni musiqi üslubu

P. S. Materialdakı fotoşəkil Azərbaycan Dövlət Sərhəd Xidməti bölmələrinin 44 günlük müharibə zamanı həyata keçirdiyi xüsusi əməliyyat zamanı çəkilib.

Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün

Müəllifin əvvəlki yazıları:

Dağlardakı sübut: Azərbaycan-Ermənistan sərhədi buradan keçib – FOTOLAR
“Yataq diplomatiyası”: ABŞ senatorunun erməni sevgisinin səbəbi aydın oldu
İblis xisləti: Ermənilərin minaladığı Laçın qəbiristanlığı – FOTOLAR
Yersiz erməni sevinci, yaxud “Buran”haqqında acı reallıq – FOTOLAR



Teqlər:   Vətən-Müharibəsi   Qarabağ  





Xəbər lenti