5 dövlət, 4 protokol, 1 konvensiya: Xəzəri qorumaq üçün nə etmirik?

 5 dövlət, 4 protokol, 1 konvensiya:  Xəzəri qorumaq üçün nə etmirik?
  31 Yanvar 2022    Oxunub:3128
Son illər Xəzərdə suyun səviyyəsinin enməsi Xəzəryanı ölkələr üçün həm də ekoloji baxımdan təhlükəlidir. Yaranacaq təhdidlərin qarşısının alınması Xəzər hövzəsi dövlətlərinin səylərinin birləşdirilməsi zərurətini aktuallaşdırır. Bu baxımdan, həmin ölkələrin əməkdaşlığı müstəvisində atılan addımlar gələcəyə nikbinlikə baxmağa əsas verir.
SSRİ-nin dağılmasından sonra planetin ən unikal qapalı su hövzələrindən biri olan Xəzər dənizində suyun səviyyəsinin tərəddüdləri nəticəsində yaranan ekoloji və iqtisadi problemlərin həlli müstəvisində yeni bir yanaşmanın işlənib-hazırlanması zərurəti meydana çıxdı. Müstəqillik dövrünə qədəm qoymuş postsovet ölkələrində bazar iqtisadiyyatının formalaşmasının ilkin mərhələsində müşahidə olunan bir sıra neqativ məqamlar, Xəzərin bioresurslarının nəzarətsiz istismarı, dənizin sahilində təsərrüfat subyektlərinin yaradılmasında yol verilən nizamsızlıq, çirkli suların unikal su hövzəsinə axıdılması bu zərurətin aktuallığını daha da artırırdı.

Məhz belə təhdidlər fonunda Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası imzaladılar. Azərbaycan 2006-cı ilin aprelində bu sənədi ratifikasiya edib. Sovet İttifaqının süqutundan sonra Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilə bağlı ilk hüquqi sənəd kimi bu Konvensiyanın böyük əhəmiyyətini vurğulayan Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Çərçivə Konvensiyasının qəbulunu şərtləndirən məqamlara aydınlıq gətirib.

“Təəssüflər olsun ki, Sovet dövründə Xəzər dənizi insan fəaliyyəti nəticəsində, həm dənizdə, həm də quruda yerləşən mənbələrdən daha çox çirklənməyə məruz qalırdı və bu da ekosistemin deqradasiyasına gətirib çıxarmışdı. Xəzər dənizinin ekoloji problemlərinin yeganə həll yolu regional yanaşma idi ki, bununla da bağlı Xəzəryanı ölkələr arasında əməkdaşlığın təmin edilməsi üçün Tehran Konvensiyası hazırlandı. Konvensiyada 5 Xəzəryanı ölkə arasında Xəzər dənizinin ətraf mühitinin idarə edilməsində dövlətlərarası əməkdaşlıq prinsipləri müəyyənləşdirilib. Konvensiyanın əsas məqsədi Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, həmçinin bioloji ehtiyatların mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsindən ibarətdir ki, Konvensiyanın qəbul olunması da bu istiqamətdə uzunmüddətli müsbət nəticələrin əldə edilməsini nəzərdə tutur” – Faiq Mütəllimov bildirib.



Təəssüf ki, əhəmiyyəti həqiqətən böyük olan bu Kovensiyanın ərsəyə gəlməsinə xeyli vaxt sərf olunması nəticəsində ötən əsri 90-cı illərində Xəzərin ekoloji problemləri daha da artdı. Faiq Mütəllimov bu yubanmanın bir sıra amillərlə bağlı olduğunu və ümumiyyətlə belə sənədlərin hazırlanması prosesinin adətən çox vaxt apardığını deyib.
- Tehran Konvensiyasının hazırlanmasına bu qədər çox vaxtın sərf edilməsinin əsas səbəblərindən biri hələ 1990-cı illərdə Xəzər dənizinin ekoloji vəziyyətinin ürəkaçan olmamasıdır. Bununla əlaqədar onun mühafizəsi üçün zəruri tədbirlərin görülməli olduğu aydınlaşdırılandan sonra beynəlxalq təşkilatlara müraciətlər edilib. Beynəlxalq təşkilatlar bütün 5 Xəzəryanı ölkəyə səfərlər edərək müzakirələr aparıblar. Daha sonra isə ekoloji vəziyyətin öyrənilməsi, çirklənmənin səbəblərinin araşdırılması, bu istiqamətdə təhlillərin aparılması və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər müəyyən edilib. Xəzəryanı ölkələrin nazirlikləri, müvafiq idarələri və ekspertlərindən ibarət işçi qruplar yaradılmış və müvafiq təhlillər aparıldıqdan sonra Konvensiyanın mətni üzrə müzakirələrə başlanıb. Belə əhəmiyyətli hüquqi sənədin hazırlanması üçün bəzən 12 ildən də artıq vaxt tələb olunur,- Ekologiya və Təbii Sərvətlər nazirliyinin şöbə müdiri vurğulayıb.

Sözsüz ki, Kovensiyanın müddəaları və onun qəbulu barədə aparılan müzakirələr zamanı fikir ayrılıqları olub. Çünki, geosiyasi nöqteyi-nəzərdən çox strateji və həssas mövqedə yerləşən Xəzər regionu ətrafında istənilən sahədə və mövzuda, o cümlədən də ekoloji istiqamətdə müzakirələr, hər hansı bir sənədin razılaşdırılması prosesi elə də asan keçmir. Məhz belə gərgin və müştərək əmək sayəsində bu sənəd ərsəyə gəlib.

“Bu prosesdə həm qanunvericilik aktlarının hazırlanması üzrə Xəzəryanı ölkələrin mütəxəssisləri, həm beynəlxalq ekspertlər cəlb olunub. Çoxlu müzakirələr, uzun sürən, çoxsaatlı mübahisələrin nəticəsi olaraq bu sənəd ərsəyə gəlib. Deyildiyi kimi, ekoloji mövzu olmasına baxmayaraq, bu sənəd Xəzər dənizinin ətraf mühitinin mühafizəsi istiqamətində əsas prinsipləri və çərçivəni müəyyənləşdirdiyindən uzun müzakirələrin və gərgin mübahisələrin məhsuludur. Bu illər ərzində müxtəlif Xəzəryanı ölkələrdə onlarla görüşlər keçirilib və nəhayət 2003-cü ildə sənəd Tehran şəhərində qəbul edilib”,- Faiq Mütəllimov bildirib.

Bu Konvensiyanın müddəalarının Xəzəryanı ölkələrin tərəfindən qəbul edilməsi və təsdiqlənməsi bütün tərəfləri razı salan bir sənədin hazırlandığını sübuta yetirir. Çərçivə sənədinin prinsiplərinə söykənən xüsusi protokollar isə hər hansı bir Xəzəryanı ölkənin yol verəcəyi xətaların necə müəyyənləşdirilməsini və belə hallarda hansı sanksiyaların tətbiqi mexanizmin özündə ehtiva edir. Amma bu istiqamətdə indiyədək 4 protokol imzalansa da, təəssüf ki, tərəflərin hamısı ratifikasiya etmədiyindən, onların 3-ü hələ də qüvvəyə minməyib.

- Adından da göründüyü kimi Tehran Konvensiyası ətraf mühitlə bağlı problemlərin həllində regional əməkdaşlığı nəzərdə tutan hüquqi çərçivə sazişidir. Sənəddə dənizin ətraf mühitinin mühafizəsi ilə bağlı müxtəlif istiqamətlərdə Konvensiyanın protokollarının hazırlanması və Xəzəryanı ölkələr tərəfindən həyata keçirilməsi müddəası yer alıb. Artıq həmin protokollarda konkret olaraq öhdəliklər nəzərdə tutulur. Konvensiyanın 4 protokolu işlənib hazırlanıb. Onlardan yalnız “Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol” qüvvəyə minib. “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Biomüxtəlifliyin mühafizəsi haqqında” Protokollar isə qəbul olunsa da, bütün tərəflərin təsdiqləmədiyinə görə hələ də qüvvədə deyillər. Konvensiyanın tərəfləri konvensiya və onun protokollarının müddəalarının yerinə yetirilməsi ilə bağlı proseduralar işləyib hazırlayırlar. Eyni zamanda beynəlxalq hüququn prinsip və normaları nəticəsində əgər protokolların hər hansı müddəasının prinsipləri pozularsa və dənizin ətraf mühitinə ziyan dəyərsə, əlbəttə ki, bunu törədən tərəf müvafiq sanksiyalara məruz qalacaq,- Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qeyd edib.

Sözügedən Konvensiyanın prinsipləri çərçivəsində qəbul olunmuş Protokolların hələ ki, hamısı qüvvəyə minməsə də, bu sənədin böyük əhəmiyyət kəsb etdiyi danılmaz faktdır. Təsadüfi deyil ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyada Xəzər dənizinin təbii mühitinin və ekologiyasının qorunması, çirkləndirilməsinin qarşısının alınması, bioloji resursların mühafizəsi, bərpası və səmərəli istifadəsi, Xəzər dənizinin qorunması əsas prinsiplər kimi müəyyən edilib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Xəzər   Ekologiya  





Xəbər lenti