Diplomatik “Krım müharibəsi”

// Rusiya Türkiyənin vasitəçiliyilə razılaşmalı olacaq

   Diplomatik “Krım müharibəsi”
  04 Fevral 2022    Oxunub:5378
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Ukraynaya rəsmi səfəri və prezident Vladimir Zelenski ilə görüşünün əsas rəsmi nəticəsi kimi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və təhlükəsizlik sahəsində əməkdaşlığa dair razılaşmaların imzalanması oldu. Ticari razılaşmanın mahiyyəti ondan ibarətdir ki, ikitərəfli ticarət dövriyyəsinin həcmi 7 milyard dollardan 10 milyarda qədər artırılacaq.
Təhlükəsizlik sahəsində isə Kiyevlə Ankara “Bayraktar” PUA-larının birgə istehsalını təşkil etmək qərarına gəldilər. Söhbət müxtəlif konfiqurasiyalı “Bayraktar”ların Ukrayna istehsalı olan mühərriklərlə təchiz edilməsi və bu ölkənin ərazisində yığılması üçün ayrıca müəssisənin tikintisindən gedir. Türkiyə Ukrayna ərazisində PUA zavodunun tikintisini maliyyələşdirməyə hazır olduğunu da bildirib.

Təbii ki, Ərdoğanın Ukrayna səfəri bir neçə razılaşmanın imzalanması ilə çərçivələnmir. Səfər daha çox Türkiyənin çoxdandır yeritdiyi Qərblə Rusiya arasında vasitəçiyə çevrilmək kimi qlobal geosiyasi strategiyasının tərkib hissəsidir. Əvvəllər bu missiyanın icrasını daha çox Paris öz üzərinə götürməklə bir tərəfdən Vaşinqton və Brüsselin yanında nüfuzunu artırır, digər tərəfdən isə, Moskvanın siyasi xəttinə təsir imkanları əldə edirdi. Türkiyənin bu strateji rola iddia etməsi təbii ki, Fransanın ürəyincə deyil və ikitərəfli münasibətlərdə mütəmadi müşahidə olunan gərginliyin altında yatan əsas səbəb budur.


Rusiya tərəfindən süni şəkildə yaradılmış Ukrayna böhranı əslində Kreml üçün Qərbə təzyiq vasitəsidir və zaman-zaman buradakı gərginliyi artırıb-azaltmaq yolu ilə Moskva Vaşinqton və Brüsseldən özünə münasib qərarlar əldə etməyə çalışır. Uzun müddətdir ki, davam edən bu geosiyasi oyun əslində bütün tərəfləri, həm də əsas vasitəçilər olan Fransa ilə Almaniyanı qane edirdi. Hər dəfə gərginliyin artması vasitəçilərin əhəmiyyətini ortaya çıxarır, müəyyən razılaşmalar əldə olunur, gərginlik azaldılır, ancaq problem yenə də həll olunmamış qalırdı.
Zelenski Makronun təklifini etibarsız saydı

Qərb ilə Rusiyanın münasibətlərində yaranmış gərginliyin hazırkı pik nöqtəsi onu göstərir ki, Amerika və Avropa artıq oyunu davam etdirmək istəmirlər və Rusiyadan böhranın tam həllini tələb edirlər. Buna cavab olaraq isə Rusiya kartlarını açaraq deyir ki, o zaman siz də bizim sərhədlərimizdə raket yerləşdirməyin və s.

Ukrayna prezidenti Zelenski ölkəsinin Qərb-Rusiya qarşıdurmasında vasitə olduğunu və bu prosesə müdaxilə etmək üçün ciddi təsir gücünə malik olmadığını anlamamış deyil. Ancaq Zelenski həm də onu da yaxşı bilir ki, Fransanın vasitəçiliyi problemin həllinə demək olar, heç bir təsir göstərmir və məhz bu səbəbdən Kiyev Ankaranın vasitəçiliyinin tərəfdarıdır.


Doğrudur, Türkiyənin bu proseslərə cəlb edilməsi Ankaranın qlobal nüfuzunu artırmaqla yanaşı, Avropa məkanına da təsirini yüksəldəcək. Bu isə məlum səbəblərdən ümumavropa maraqlarına ziddir. Ancaq Ukrayna milli maraqları üçün məcburdur ki, özünü bir parçası saydığı Avropanın siyasi strategiyasına qarşı çıxsın. Türkiyənin vasitəçi kimi effektivliyini təsdiq edən əsas faktor isə Ermənistan-Azərbaycan münaqişəsində oynadığı roldur və Kiyev öz seçimində məhz bu reallığı əsas götürür.

Rusiya öz növbəsində anlayır ki, Qərblə konfrontasiyanın son nöqtəsindədir və bundan sonrakı mərhələ ancaq atom silahından istifadəyə əl atmaqdır. Yalnız bu yolla Moskva Qərbin hərbi qüdrəti qarşısında üstün görünə bilər. Moskva müxtəlif dolayı vasitələrlə – məsələn Jirinovskinin dili ilə bu atom zərbəsini istisna etmədiyini səsləndirməklə əslində nüvə müharibəsindən qorxmadığını göstərməyə çalışır. Ancaq təbii ki, Kreml bu addımı atmaq niyyətində deyil. Belə olan halda Moskvanın əlində yeganə seçim Ukraynada yenidən gərginliyin yaradılması ola bilər ki, Ankara bununla bağlı artıq öz xəbərdarlığını səsləndirib.

Ərdoğanın Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında ”Krım da daxil olmaqla Ukraynanın ərazi bötövlüyünü dəstəkləyirik” deməsi və ardınca “görüş zamanı başda Krım tatarları olmaqla soydaşlarımızın vəziyyətini də müzakirə etdik” əlavə etməsi əslində Kremlə ünvanlanmış dolayı ismarışdır. Yəni əgər Rusiya Ukraynaya hansısa formada hərbi müdaxiləyə qərar verərsə, Türkiyə anoloji qaydada “öz soydaşlarını qorumaq üçün” proseslərə qarışacaq. Və burada söhbət Donbasdan deyil, Rusiyanın öz ərazisi saydığı Krımdan gedir.

Qeyd olunanları nəzərə alaraq güman etmək olar ki, Rusiya da Türkiyənin prosesdə vasitəçiliyinə razılaşmalı olacaq. Yaxın vaxtlarda Putin ilə Zelenskinin görüşü məhz İstanbulda baş tutacaq. Bu məsələdə Belarus prezidenti Lukaşenkonun Avropanın gözündə öz legitimliyini itirməsi və Minskin artıq neytral məkan kimi beynəlxalq əhəmiyyətinin qalmaması da öz təsitrini göstərir.

Tofiq Vahid
AzVision.az



Teqlər: Ukrayna   Türkiyə   Ərdoğan  





Xəbər lenti