Öldürülərək quyuya atılan uşağın atası barəsində həbs qətimkan tədbiri seçilib

   Öldürülərək quyuya atılan uşağın atası barəsində həbs qətimkan tədbiri seçilib
  05 Fevral 2022    Oxunub:803
Bakıda öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov həbs olunub. AzVision.az xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, T.Allahyarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4-cü (Əzab vermə) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. M. Mansurov barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.

Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

Bu görüntülərdən sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti