Avropa İttifaqı Minsk qrupunun səhvini təkrar etməməlidir

   Avropa İttifaqı Minsk qrupunun səhvini təkrar etməməlidir
  05 Fevral 2022    Oxunub:1324
Azay Quliyev
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri,
ATƏT PA-nın vitse-prezidenti


Fevralın 4-də Fransanın Prezidenti və Avropa İttifaqının dönəm sədri kimi Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi.
Əlbəttə, post-münaqişə məsələlərinin həlli ilə bağlı belə yüksək səviyyəli görüşlərin keçirilməsi təqdirəlayiqdir, amma bu görüşlərin dərhal nəticə verəcəyini və bütün məsələlərin həll olunacağını düşünmək də dorğu olmaz. Ona görə ki, müzakirə olunan məsələlər həm genişdir, həm də kifayət qədər həssasdır və xüsusilə, onların həlli Ermənistan tərəfindən ciddi siyasi iradə tələb edir. Buna baxmayaraq, hər dəfə, bu kimi görüşlərdən sonra ictimaiyyəti bir sual maraqlandırır: “Görüşdə hansı məsələlər müzakirə edildi və nəticəsi nə oldu?”

Aydındır ki, bu kimi Zirvə görüşlərində bir qayda olaraq müzakirə olunan məsələlərin bütün detalları haqqında ictimaiyyətin məlumatlandırılması məqsədəmüvafiq hesab edilmir. Lakin hörmətli Prezidentimiz cənab İlham Əliyevin mətbuata verdiyi müsahibələrdən, həm də görüşlərin yekunu ilə bağlı ümumi şəkildə yayılan açıqlamalardan Azərbaycanın gündəliyində olan proritet məsələlərin nədən ibarət olduğu heç kimə sirr deyil. Bunlar ilk növbədə belə sıralana bilər:

1. İki ölkə arasında kommunikasiyaların, xüsusilə, dəmir və avtomobil yolları vasitəsilə Zəngəzuz dəhlizinin açılması, regional əməkdaşlıq və işbirliyi üçün etibarlı əsasların yaradılması;
2. Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin milli maraqlarımıza uyğun şəkildə delimitasiyası və demarkasiyası;
3. Hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında əhatəli sülh sazişinin hazırlanmasına və imzalanmasına, o cümlədən regionda qalıcı sülhün və barışın təmin olunmasına nail olunması.

Bununla yanaşı Ermənistanla Azərbaycan arasında normallaşma mərhələsinin başlanması və uğurlu davamı üçün paralel olaraq digər məsələlərin həlli də vacib hesab olunur. Bura:
a) Ermənsitan tərəfindən dəqiq və etibarlı mina xəritələrinin verilməsi,
b) Sülh məramlıların müvəqqəti yerləşdiyi ərazilərdən silahlı dəstələrin 10 noyabr bəyanatına uyğun olaraq tam çıxarılması,
c) Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi,
ç) Revanşıst çağırışlara və Azərbaycana qarşı əsassız iddialara birdəfəlik son qoyulması,
d) Qarşılıqlı etimad mühitinin yaradılması kimi məsələlər aiddir.

Müxtəlif vasitəçilərin təşəbbüsü ilə keçirilən danışıqlarda Azərbaycanın gündəliyinin nədən ibarət olduğunu qısa olaraq bu cür dəyərləndirmək olar.

Göründüyü kimi, Azərbaycanın həllinə nail olmaq istədiyi məsələlərin hamısı beynəlxalq hüququn norma və prinsiplərilə tam uyğundur, eyni zamanda, bu məsələlərin həlli Cənubi Qafqaz regionuna əbədi sülhün, barışın, əmin-amanlığın, rifahın və nəhayət, davamlı inkişafın gətirilməsinə hesablanıb.

İndi seçimi Ermənsitan etməlidir: ya daimi sülhü, əmin-amanlığı və inkişafı seçməli, ya da əbədi düşmənçilik, gərginlik və səfalət içində yaşamağı. Seçim çox sadə, həm də həlledicidir. Azərbaycan qalib ölkə kimi hər iki varianta hazırdır.

Ancaq təəssüflə qeyd edilməlidir ki, Ermənistanın İkinci Qarabağ savaşından ibrət dərsi götürmək və əvvəlki xislətindən əl çəkmək fikri hələlik hiss olunmur. Son günlər bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın (keçmişdə ATƏT PA-nın nümayəndə heyətinin üzvü olduğundan onun nə qədər təxribata meyilli olduğunu bilirəm) delimitasiya ilə bağlı irəli sürdüyü qəbuledilməz şərti AŞPA və ATƏT PA-dakı nümayəndə heyətlərinin sülhdən və barışdan uzaq, təxribatçı çıxışları və davranışları bunu deməyə əsas verir.

Ona görə də bu kimi yüksək səviyyəli görüşləri təşkil edən Avropa İttifaqı Minsk Qrupu üçlüyünün səhvlərini təkrar etməməli, Ermənistanın qeyri-konstruktiv mövqeyinin qarşısının alınması və regionda əbədi sülhün bərqar olması üçün Azərbaycanın xoş niyyətli təkliflərinin həyata keçməsi üçün konkret addımlar atmağı bacarmalıdır.


Teqlər: Avropa-İttifaqı   Ermənistan   Qarabağ  





Xəbər lenti