"Tərtər işi" üzrə həbs edilənlərin cəzaları azaldılıb

   "Tərtər işi" üzrə həbs edilənlərin cəzaları azaldılıb
  17 May 2024    Oxunub:742
“Tərtər işi” ilə bağlı ittiham edilən general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
AzVision.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəkir Orucovun cəzası 9 il 6 aydan 6 il 6 aya endirilib. Digər təqsirləndirlən şəxslərin cəzaları isə 4 ay azaldılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma - ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə - ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər: məhkəmə   həbs  





Xəbər lenti