Xınayaxdı niyə “Henna Party”yə çevrilir? │ Elmi müzakirə
Məruzədə ənənəvi xınayaxdı ilə müasir “Henna Party” mərasimi müqayisə olunub, onların iştirakçı tərkibi, ritual elementləri, folklor mətnləri, musiqi və təqdimat formalarındakı dəyişikliklər təhlil edilib. Eyni zamanda, mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunaraq müasir xınayaxdı mərasimlərinə cəmiyyətin münasibəti və sosial media təsirləri barədə məlumat verilib.
Qeyd olunub ki, ənənəvi xınayaxdı ilə müasir “Henna Party” arasındakı əlaqə folklorun davamlılıq və dəyişmə prinsiplərinin qarşılıqlı vəhdətdə təzahürünün nümunəsi kimi dəyərləndirilə bilər.
AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Sərxan Xavəri mədəniyyətin diaxron inkişaf modelinə diqqət çəkərək müxtəlif tarixi dövrlərə, inanclara və sosial təcrübələrə aid elementlərin zamanla bir-birinə əlavə olunaraq vahid mədəni sistem formalaşdırdığını bildirib. O, xınayaxdı mərasimi kimi ritual nümunələrinin mədəni sistemin nüvə elementləri kimi çıxış etdiyini, onların rəqəmsal mühitə daşınmasının isə yeni mədəni tendensiyaların və transformasiya proseslərinin meydana çıxmasına şərait yaratdığını vurğulayıb.
Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi professor Almaz Həsənqızı xınayaxdı mərasimlərinin folklor və etnoqrafik xüsusiyyətlərinə toxunaraq bu sahədə apardığı uzunmüddətli müşahidə və tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, ənənəvi xınayaxdı mərasimləri yalnız haxışta və nəğmələrdən ibarət olmayıb, eyni zamanda, qadınlar tərəfindən icra olunan müxtəlif oyun-tamaşa formalarını, qarşılıqlı deyişmələri və dramatik səhnələri də özündə ehtiva edib.
Professor xüsusilə qadınların müxtəlif sosial rollara girərək nümayiş etdirdikləri tamaşaların mərasimin mühüm komponentlərindən biri olduğunu vurğulayıb və bu materialların folklorun performativ xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
Teqlər: Folklor







Vaxtında, Aydın, Lazımlı!


