Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
  10 İyun 2026    Oxunub:223
2026-cı il iyunun 9-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub, ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev və Hüquq fakültəsinin tələbələri ilə görüş keçirib.

Bu barədə AzVision.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş zamanı qonaqları salamlayan rektor Elbrus İsayev universitetin Hüquq fakültəsinin formalaşma tarixi, fəaliyyəti və son illərdə əldə etdiyi inkişaf göstəriciləri barədə ətraflı məlumat verib. Rektor VK ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək, iki qurum arasında imzalanmış memorandumun tələbələrin praktiki biliklərinin artırılmasına, onların peşə yönümlü hazırlığının gücləndirilməsinə və gələcək hüquqşünasların formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

Həmçinin Elbrus İsayev son illərdə gənclərin vəkillik peşəsinə marağının əhəmiyyətli dərəcədə artdığını bildirərək qeyd edib ki, onlar arasında bu sahəni seçənlərin sayı ildən-ilə çoxalıb. Bu da ölkədə vəkillik institutunun nüfuzunun yüksəlməsinin və həyata keçirilən islahatların müsbət nəticələrinin göstəricisidir.

Görüşdə Kollegiya sədri Anar Bağırov çıxış edərək göstərilən səmimi qəbula görə minnətdarlığını ifadə edib, vəkillik peşəsinin cəmiyyətdəki rolu, hüququn aliliyinin təmin edilməsində onların funksiyası barədə geniş məlumat verib.

Sədr xatırladıb ki, VK tərəfindən ölkədə Hüquq fakültələri fəaliyyət göstərən bütün ali təhsil müəssisələri ilə, o cümlədən Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb və bu istiqamətdə tələbələrin vəkil qurumlarında təcrübə keçməsi, müxtəlif hüquqi layihələrdə iştirak etməsi üçün geniş imkanlar yaradılıb. Nəzərə çatdırılıb ki, Kollegiyanın təşəbbüsü ilə keçirilən intellektual yarışlarda, təqaüd proqramlarında və vəkil qurumlarında istehsalat təcrübəsində Naxçıvan Dövlət Universitetinin tələbələri də fəal iştirak edib və bu, onların hüquqi biliklərinin dərinləşdirilməsinə, praktiki bacarıqlarının inkişafına, eləcə də peşəkar formalaşmasına mühüm töhfə verib.

Sədr bildirib ki, gələcəkdə də Naxçıvan Dövlət Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramlarının ayrılması nəzərdə tutulur. Vurğulanıb ki, bu təşəbbüs hüquq təhsili alan gənclərin təşviq edilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və gələcək hüquqşünas kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Bağırov söyləyib ki, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsi son illər ölkənin hüquq sisteminə dəyərli töhfələr verən, peşəkar və savadlı hüquqşünaslar yetişdirir. Bu təhsil ocağı artıq ixtisaslı hüquq kadrlarının formalaşdığı mühüm bir mərkəzə, etibarlı kadr bazasına çevrilib.

Sonra nümayəndə heyəti universitetin infrastrukturu, auditoriyaları, tədris imkanları və tələbələr üçün yaradılmış müasir akademik mühitlə yaxından tanış olub. Eyni zamanda ali təhsil müəssisəsində həyata keçirilən tədris prosesi, Hüquq fakültəsinin fəaliyyəti, maddi-texniki baza və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.

Daha sonra Anar Bağırov Hüquq fakültəsinin tələbələri ilə görüşdə peşə təcrübəsini bölüşərək vəkillik institutunun keçdiyi inkişaf yolu, son dövrlər bu sahədə aparılan islahatlar, əhalinin keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi, regionlarda vəkillik xidmətlərinin əlçatanlığının artırılması və gənc hüquqşünasların peşəyə cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı danışıb.

Ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində həyata keçirilən müasir islahatlar və gənc hüquqşünaslar üçün yaradılan imkanlar barədə danışan Anar Bağırov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasəti nəticəsində vəkillik institutu keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Sədr tələbələrə müraciət edərək bildirib ki, bu inkişaf mühiti onlar üçün peşəkar fəaliyyət göstərmək, özlərini hərtərəfli inkişaf etdirmək və cəmiyyətə layiqli töhfə vermək baxımından əlverişli zəmin yaradır. Diqqətə çatdırılıb ki, Kollegiya gənc kadrların peşəkar yetişməsinə, hüquqi bilik və bacarıqlarının artırılmasına bundan sonra da həmişə dəstək olmağa hazırdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qalereya




Teqlər:



Xəbər lenti