Danimarka Səfiri: "Daha sağlam həyat naminə Azərbaycanda etibarlı tərəfdaşlığımızı davam etdirəcəyik"

Danimarka Səfiri: "Daha sağlam həyat naminə Azərbaycanda etibarlı tərəfdaşlığımızı davam etdirəcəyik"
  05 İyun 2026    Oxunub:181
Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti "Novo Nordisk" Azərbaycandakı fəaliyyətində mühüm bir mərhələyə imza atıb.
Şirkət piylənmə ilə yaşayan insanlara dəstək məqsədilə ölkəmizdə “Live Lighter – Az Çəki, Çox Həyat” adlı yeni sosial kampaniyaya start verib. Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında rəsmilər, səhiyyə mütəxəssisləri və media nümayəndələri bir araya gəlib.

Tədbirdə çıxış edən Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ole Toft piylənmə və diabetlə mübarizədə qlobal tərəfdaşlığın önəmini vurğulayıb. Səfir bildirib ki, "Novo Nordisk" xroniki xəstəliklər ətrafında maarifləndirmə və elmi əsaslara söykənən dialoqu dəstəkləmək öhdəliyini Azərbaycanda da qətiyyətlə davam etdirəcək.

"Səhv məlumatlar ictimai sağlamlığa təhlükə yaradır"

Dünyada və Azərbaycandakı mövcud tendensiyalara toxunan səfiri Ole Toft tibbi kommunikasiyada medianın rolunu xüsusi qeyd edib:

Səhv məlumatların əhalinin sağlamlığına mənfi təsir göstərə bildiyi bir dövrdə, etibarlı tibbi informasiya və məsuliyyətli kommunikasiya hər zamankından daha vacibdir. Və bu kontekstdə, təbii ki, medianın da rolu olduqca böyükdür. Buna görə də əminəm və ümid edirəm ki, 'Novo Nordisk' dəqiq və cəmiyyətə yönəlmiş məlumatlarla buradakı səhiyyə mütəxəssislərini, pasiyentləri və bütövlükdə cəmiyyəti dəstəkləyən etibarlı tərəfdaş kimi mühüm rol oynamağa davam edəcək.

Piylənməyə qarşı yeni və şəfqətli yanaşma

Diplomat qeyd edib ki, bu kampaniya cəmiyyətdə piylənmədən əziyyət çəkən şəxslərə qarşı yanaşmanı dəyişməyi hədəfləyir:

Bugünkü tədbirin piylənmə probleminə daha məlumatlı, şəfqətli və nəticəyönümlü yanaşmaya töhfə verəcəyinə ümid edirəm. Bu, elə bir yanaşma olmalıdır ki, piylənmədən əziyyət çəkən insanlara dəstək olsun və onları stereotiplərdən uzaq duraraq düzgün tibbi məsləhət almağa təşviq etsin.

Birgə fəaliyyət çağırışı

Səfir çıxışının sonunda həm yerli, həm də beynəlxalq qurumları bu qlobal problemlə mübarizədə həmrəyliyə çağırıb:

Gəlin, piylənmənin yaratdığı çətinliklərlə mübarizə aparan insanlar üçün daha yaxşı anlayış, daha keyfiyyətli qulluq, habelə daha sağlam, daha yüngül və ümidvaram ki, həm də daha xoşbəxt bir həyatı təmin etmək naminə birlikdə – Danimarka, Azərbaycan, səhiyyə mütəxəssisləri, dövlət qurumları və özəl sektor olaraq çiyin-çiyinə çalışmağa davam edək.

Konfrans çərçivəsində "Live Lighter" kampaniyasının Azərbaycandakı fəaliyyət planı təqdim olunub və piylənmənin müasir tibbi müalicə üsulları ətrafında müzakirələr aparılıb.
AzVision.az


Teqlər:



Xəbər lenti