Feysbukun azərbaycanlı tipləri: Özünüzü tanısanız, inciməyin

  14 İyun 2017    Oxunub : 36955

Azərbaycan insanının son 30 ildə keçdiyi ictimai yol qısaca belə təsvir oluna bilər: sosializm quruculuğundan sosial şəbəkə qırıcılığına. Hamı vəhşicəsinə sosial şəbəkədə nə isə edir: status yazır, layklayır, söyür, mız qoyur, “qız tutur”, xəbər paylaşır, səsli mesaj göndərir, yalan xəbərlər yayır, mırtlaşır... Çox xaotik vəziyyətdir. Amma zənnimcə, bu xaosa nizam elementləri gətirməyə bir cəhd etmək lazımdır ki, kimin kim olduğunu bilək.

Ona görə də, feysbukun azərbaycanlı istifadəçilərini kateqoriyalara ayırmaq, yaxud, türkiyəlilər demişkən, kateqorizə etmək qərarına gəldim. Bu, əlbəttə, şərti təsnifat olacaq. Hətta biologiya kimi dəqiq elmin təsnifatında kirpi ilə siçan eyni sinfə aiddirlərsə, feysbuk istifadəçilərinin təsnifatından yüksək dəqiqlik gözləməyə heç dəyməz. Amma cəhd etmək, hər halda, lazımdır. Əgər vaxtilə Linney canlılar aləminin təsnifatını aparmasaydı, Lamark və Darvin Təkamül ideyalarına gəlib çıxa bilməzdilər (bax: 7-ci qrup).

Mən illərdir sosial şəbəkədə papağını günə yandıran biri kimi müşahidə etmişəm ki, Markın qurduğu dünyada azərbaycanlılar əsasən bu tiplərə bölünürlər:

1. Mızantroplar

Bunlar, dəxli oldu-olmadı, hər şeyə mız qoyan adamlardır. Məsələnin ona aidiyyatı varmı, yoxmu, söhbətdən halidirmi, deyilmi – fərq etməz; mütləq nəsə əlaqəsiz bir şərh yazmaqla, mızını qoymalıdır. Bu, həmin adamların kainata “mən də varam” deklamasiyasını ötürmək üsuludur. Adam öz mövcudluğunu dünyaya başqa heç cür göstərə bilmir. Bizim statuslarımız onun üçün varlığını təsdiqləməyin ideal poliqonudur. Eqo gülləsini səfehlik patronuna taxır, sonra telefonuna yükləyir və sağa-sola atəş açır.

2. Mıxaliflər

Ağzında çoxlu mıxları tutub, bir-bir götürərək, əlindəki çəkiclə mıxlayan dülgərləri müşahidə etmisinizmi? Bax, Azərbaycanda real həyatda müxalifət yoxdur, sosial şəbəkədə isə çoxlu mıxalif fikirli insan var: ağzında hazır mıx-fikirlər saxlayır, əks mövqeli insan görən kimi, klavişlərlə onun statusunun altına mıxlayır. Həmin mıx-fikirlərin bir qayda olaraq, hamısında mütləq “...Bu rejimin yarıtmaz siyasəti nəticəsində...” sözləri olur. Məsələn, kimsə son zəng haqqında status yazsa, adam girib altında belə bir komment mıxlayacaq: “Bu rejimin yarıtmaz siyasəti nəticəsində zənglərin də sonu çatdı”. Onlara görə, ətrafda nə baş verirsə hamısı pisdir, hər şey pisliyə doğrudur və ölkənin tezliklə dağılacağına işarədir. Ən naxoş tiplərdən biridir, kütləyə psixoloji viruslar yoluxdurmaqla məşğuldurlar.

3. Yanıq Kərəmlər

“Xanım, profil şəklinizdəki özünüzsünüz?”, “Sevib ərə getmisiniz?”, “Xoşbəxtsinizmi?”, “Ey büti-şəngül, bəlkə inboxa keçək?” – bu qəbildən olan komment, mesaj və statusları sosial şəbəkəyə ifraz edənlər əsasən Kərəm babamızın nakam eşqinin, düyməyə dəyən oxunun varisləridirlər. Adamlar ilk düymələri sürətlə adlayır, amma sonuncuda ilişəndən sonra başqa qadın profilinə qonurlar. Onlar üçün sosial şəbəkə Hirkan qoruğu, profil şəklində dişi fərdə oxşayan hər kəs isə potensial ovdur. Əksər hallarda bloklanır, bundan sonra bir müddət qadınları aşağılayan statuslar və sevgi şeirləri paylaşmaqla psixoloji bərpa prosesi keçirlər. Sonra hər şey yenidən təkrarlanır.

4. Yanıq Hərəmlər

Yanıq Kərəmin asimmetrik tərs tipidir. Niyə asimmetrik? Çünki adətən başqa xalqlardan olan erkək fərdlərin şəkillərini paylaşaraq, heyran-heyran “Adam niyə belə yaraşıqlı olsun ki?!” tipli statuslar yazırlar. Elə bilirlər, Azərbaycandan kənarda yaşayan bütün kişilər Kris Hemsvort kimidirlər, ölkəmizdə isə ancaq hobbitlər və leprekonlar məskunlaşıb. Əvvəllər Kanadanın baş naziri Castin Trüdonu xüsusilə çox sevirdilər. İndi Makron daha dəbdə olsa da, prinsipcə onlar üçün kimliyin fərqi yoxdur: boyu 1.90-dan yuxarı, gözü göy, saçı sarı olan istənilən erkək cinsli homo sapiens bu tipə aid olanların xəyal obyektidir.

5. Nakam şairlər

“Qara bəxtim oyanmazmı” üslubunda ölçüsüz, qafiyəsiz, məzmunsuz, formasız, lazımsız, əhəmiyyətsiz, - siz, -sız, -suz, -süz, (süz, şair, süz) mətnlər tərtib edir və nəyə görəsə bunu şeir sayırlar. Bura qədər prinsipcə ziyansız sayıla bilərdilər, amma dərd ondadır ki, hər bir bulanıq söz axınına azı 50 nəfəri tag edirlər. Tag sayının 50-dan az olması, deyəsən, bu tip şairlərin arasında “zapadlo” sayılır. Və sən məcbursan ki, onu da, ülvi hisslərini də söyə-söyə özünü oradan “untag” edəsən.

6. Paylaşanlar

Adam hansısa saytın əməkdaşı və ya redaktoru, yaxud, redaktoru və ya əməkdaşı, bəzən isə ikisi birində həm redaktoru, həm də əməkdaşıdır, çünki “sayt” deyilən nəsnə ancaq onun özündən və noutbukundan ibarətdir. Sayta qoyduğu hər xəbəri pulemyot lentinə keçirib, dostuluğunda olanları amansızcasına atəşə tutur. Feysbukun istifadə qaydaları haqqında anlayışı yoxdur. Başa düşmür ki, biz onun özünü dostluğa qəbul etmişik, iş yerini yox; gün ərzində şəxsən sənə maraqlı gələn 3-5 xəbəri dostlarınla paylaşmaq normaldır, amma qalanları üçün “page” deyilən bir şey var.

7. Dindoşlar

Məqsədləri sosial şəbəkəni “Hər gün Aşura, hər yer Kərbəla” devizinin qüvvədə olduğu bir məkana çevirməkdir. Adətən savadsızdırlar, nə dindən, nə də dünyəvi elmlərdən başları çıxır. Amma din əleyhinə haradasa nəsə yazılanda kütləvi şəkildə axışıb, status müəllifini linç etməyə çalışırlar. Həddindən artıq çoxdurlar. Xüsusilə Təkamül Təlimindən yazanda, lampadan çıxan cin kimi dəmadəm haradansa peyda olurlar. Ən çox işlətdikləri fkir “İnanmasan da, hörmət elə!” şəklindədir. Hərçənd, yanlış bir şeyə niyə hörmət eləməli olduğumu hələ ki, heç biri mənə izah edə bilməyib. Əksəriyyəti hansısa dini qruplara və mərkəzlərə bağlıdırlar.

8. Mırtdanlar

Baş verən hadisənin ciddilik dərəcəsi nə olursa-olsun, onu lağ-lağıya çevirməyə, “mırt” tutmağa çalışacaqlar. Caps düzəldəcəklər, öz düşüncələrinə görə gülməli olan replikalar yazacaqlar... Bu adamlara görə ümumiyyətlə, dünyada ciddi heç nə yoxdur. Etiraf edim ki, bəzən həqiqətən də replikaları gülməli olur, xüsusilə də bunu ustalıqla bacaran bir neçə nəfər var.

9. Qlamurlar

Feysbuk ilə İnstagramı dəyişik salıblar. Faktik olaraq şəkil paylaşmaqdan başqa heç nə etmirlər, həmin şəkillərin də əksəriyyəti ya “selfi”, ya da güzgüdən çəkilmiş olur. Bunu qızlar edəndə adamı elə də qıcıqlandırmır, amma axır vaxtlar qlamur və ya ona yaxın pozalarda şəkil paylaşan kişilərin də sayı xeyli artıb. “Sarı ayaqqabı və topuqsuz corablarla, gözümdə sarı gün eynəyi ilə İçərişəhərin qədim küçələrində bardaş qurarkən mən” tipli kişi fotolarını görəndə ağlıma gələn ilk sual bu olur: “Axı, niyə?!”

10. Sözsüzlər

Bir qrup da var ki, deməyə heç bir sözü yoxdur, amma onlar da sosial şəbəkənin iştirakçısı olmaq istəyirlər. Ona görə də “Sabahınız xeyir, əzizlərim”, “Allah hamınıza gözəl günlər qismət eləsin” tipli statuslarla varlıqlarını göstərməyə çalışırlar. Bunlar, əlbəttə, ziyansız adamdırlar, sadəcə, nəzərə almırlar ki, sosial şəbəkə televiziya deyil. O, səhər yazır “Sabahınız xeyir, əzizlərim”, amma mən onu axşam görürəm.
Bu qrupa daxil olan digərləri həqiqətən ağıllıdırlar və daha düzgün hərəkət edirlər: deməyə sözləri olsa da, özləri heç nə yazmır, ancaq başqalarının paylaşımlarını oxuyurlar. Çün, bilirlər ki, status paylaşmaq gümüşdürsə, susmaq qızıldır.

Vüsal Məmmədov
AzVision.az

Teqlər: #Feysbuk   #Sosial-Şəbəkə   #Facebook