Kainat insan üçün nizamlanıbmı?

  09 Avqust 2017    Oxunub: 10118

Kainatdakı “incə nizam” anlayışı kosmoloqlar, fiziklər, filosoflar tərəfindən uzun müddətdir müzakirə edilən bir mövzudur. Bu yanaşmaya görə dünyanın, həyatın, xüsusilə də şüurlu canlıların meydana gələ bilməsi üçün bəzi təməl fiziki sabitlərin incə şəkildə nizamlanması lazımdır. Çünki onların dəyəri indikindən azacıq fərqlənsə, həyatın yaranması mümkün olmayacaqdı.

Məsələni şərh edən teist filosoflar və kosmoloqlara görə, Kainatın bu dərəcədə incə nizamlanmış olması bir Yaradanın varlığının sübutudur. Teist olmayan filosof və kosmoloqların bir qisimi isə “multivers” nəzəriyyəsini ortaya atıblar. Həmin nəzəriyyəyə görə, əslində kainat bir deyil, sonsuz sayda kainatlar var. Onların hər birində təməl fiziki sabitlər fərqlidir. Bizim olduğumuz kainatdakı təməl fiziki sabitlər canlı aləmin meydana gəlməsinə imkan verir, buna görə də biz məhz bu cür “nizamlanmış” görünən kainatda yaşayırıq. Digər kainatların çoxunda bildiyimiz mənada həyat yoxdur. Sonsuz sayda kainatların birində həyatın meydana gəlməsi isə təəccüblü deyil.

Multivers geniş müzakirə edilən nəzəriyyə olsa da, bu yazının mövzusu deyil. Bu yazıda kainatımızın yeganə olduğu ehtimalından çıxış edərək, “incə nizam” haqqında iddiaları cavablandırmağa çalışacağıq.

Fiziki sabitləri hər dəfə dəyişdirdiyimiz zaman bir-birinə bənzəməyən fərqli kainatlarla qarşılaşırıq. Bizim kainatımızın özəlliyi burada şüurlu həyatın mövcudluğudur. Ancaq bu vəziyyətin Kainatımızı fərqli etməsi insan düşüncəsindən müstəqil bir fakt deyil, bizim subyektiv dəyərləndirməmizdir.

Bu düşüncə tərzi “antropik yanılma” adlandırılır. Çünki bu fakt kainatın şüurlu olaraq dizayn edildiyinin dəlili sayıla bilməz. İnsan düşüncəsindən asılı olmayan, müstəqil bir sübut lazımdır. Kainatın ölçülərini düşünsək, antropik yanılma daha da dərinləşir. Yüz milyardlarla qalaktika, trilyonlarla ulduz sadəcə kiçik bir planetdə insanın meydana gəlməsi üçün yaradılmış ola bilərmi? Bu, doğru olmaq ehtimalı çox zəif bir iddiadır.

Fərz edək ki, bir nüvə müharibəsi baş verdi və Yerdəki həyatı məhv etdi. Kainat bütün bu olanlardan təsirlənəcəkmi? Əlbəttə, yox. Kainatın bizim varlığımıza bir ehtiyacı yoxdur. İnsanlıq tamamilə yox olsa belə, kainatın üçün bu, okeandan bir damcının azalması qədər əhəmiyyətsiz olacaq.

Kainatın yaşını 1 il düşünsək, şüurlu insanın ortaya çıxması 31 dekabr, saat 23.59-a uyğun gəlir. Bu faktları göz önünə gətirəndə kainatın təməl fiziki dəyərlərinin insan şüurunu ortaya çıxarmaq üçün xüsusi olaraq nizamlanmadığını anlaya bilərik.

Əlimzdəki məlumatlarla, elmi metoda uyğun olaraq çıxara biləcəyimiz yeganə məntiqli nəticə budur: Hazırda bizə məlum olmayan mexanizmlərin, təməl fiziki dəyərlərin meydana gətirdiyi tarazlıqlar kainatın ilk anlarında ortaya çıxıb. Zaman keçdikcə qalaktikalar, ulduzlar və planetlər meydana gəlib. Yer Planetinin ortaya çıxması təxminən 10 milyard ili çəkib. Plametimizdə həyatın yaranması üçün daha 1 milyard il lazım gəlib. Bundan sonrakı 3 milyard il ərzində həyat formaları bioloji təkamül nəticəsində getdikcə müxtəlifləşib, inkişaf edib və bu çox uzun prosesin nəticəsində adına “insan” deyilən şüurlu bir canlı yaranıb.

Yəni, kainatdakı fiziki sabitlərin insanın ortaya çıxması üçün indiki dəyərlərini aldığını göstərən heç bir məlumat yoxdur. İnsanın yaranması mövcud fiziki dəyərlərin olduğu kainatda çox uzun müddət davam edən bir adaptasiya prosesinin nəticəsidir.

Taryel Abdullayev
AzVision.az üçün

Teqlər: #Elm   #Kosmologiya   #İncə-nizam   #Antropik-yanılma