Min budağa qonanlar

  15 Noyabr 2017    Oxunub: 6182

Günay Arda

Osmanlı Dövləti tarixində ən çox müzakirə edilən mövzulardan biri “devşirmə” olub. Osmanlılar hücum etdiyi torpaqlardan yaşı altıdan on beşə qədər oğlanları özləri ilə gətirirdilər. Uşaqlar gələr-gəlməz müsəlmanlaşdırılır, dövlət işləri üçün xüsusi rejimdə yetişdirilirdi. İçlərindən seçilmişlər, şansı gətirənlər dövlət idarəetməsində rol alırdılar.

Bu “devşirmələr” Osmanlı Dövlətinin həyatında böyük rol oynamış, dövlətin sarsılması üçün əllərindən gələni eləmiş, nifaq salmış, xəyanət oyunları qurmuşdular. Bunları tarixdən oxuduğunuza əmin olmasam da, serialdan İbrahim Paşanı, Sokollunu, Rüstəm Paşanı tanıdığınıza əminəm. Odur ki, çox çürütmədən keçirəm digər dönüklərə.

İslamda “münafiq” anlayışı var. Bildiyim qədərilə, İslamda ən çox lənətlənən, alçaldılan insanlardır. Özünü müsəlman göstərib, daxilən İslama inanmayan şəxslərə deyilir. O insanlar ki, ya başının dincliyinə, ya da qarnının toxluğuna görə özünü əslində inanmadığı şeylərə inanmış göstərirlər.

90-cı illərdən qalmaqallı açıqlamaları ilə yadımızda qalan Kərim Kərimovu çoxu tanıyır. Amma hansı qalmaqala səbəb olsa da, kimsə nə partiya mənsubiyyətini müzakirə edib, nə də sədaqətindən şübhələnib.
Əli Əhmədov YAP-ın sədr müavini və 1999-cu ildən həmin partiyanın icra katibidir. Mətbuata açıqlığını jurnalistlər inkar etmir. Sədaqətini isə hamı aksiom kimi qəbul edir.
“YAP-ın Gənclər Təşkilatı” deyiləndə gəncliyi doxsanıncı illərə düşənlər Siyavuş Novruzovu xatırlayırlar. AXCP fəallarının basqıları, gərginliyin yüksək olduğu, hələ Heydər Əliyevsevərliyin qiymətləndirilmədiyi vaxtlar yada düşür. Siyavuş Novruzov həmişə gündəmdədir. Dediyi hər söz, açıqlama müzakirə olunur.

Bu siyahını uzatmaq olar: Ziyafət Əsgərov, Hadı Rəcəbli, Hacıbala Abutalıbov, Bahar Muradova... Hamısının haqqında çox oxumuşuq, çox söz deyilib. Ancaq heç vaxt onlar haqqında “dönük” deyən olmayıb. İqtidarla razılaşmayanlar belə, bu insanlara “dönük” deməyiblər, kimsə onlardan şübhələnməyib. Çünki onların mövqeləri konkret olub.

Gündə bir budağa qonana, əqidəsindən dönənə, bir vaxtlar təhqir etdiyinə sonra tərif yağdırana heç kim heç vaxt inanmır, hörmət etmir. Onlar tarixə əqidəsindən dönmüş adamlar kimi möhür vururlar. Bu qavrayış təkcə siyasilərə yox, siyasi mövqeyi olan media adamlarına da aiddir. Mövqeyi olmaq, əqidəsindən dönməmək, hər şeyə rəğmən əqidəsini öz mənfəətlərindən uca tutmaq xalq tərəfindən qiymətləndirilib.

Xalq hər şeyin yaxşısını bilir, hamının keçmişini xatırlayır, gələcəyi haqda da təxminlərini edir. “İngilis bayrağı” olmaq ağır dərddir. O qədər ağır dərddir ki, hər an iynə üstündə olurlar. Heç kimə güvənmirlər, hamıdan xəyanət gözləyirlər, hamını xəyanətdə ittiham edirlər. Bu xof onları öz zəhərlərində boğulmağa məcbur edir. Əmindirlər ki, onlardan həmişə xəyanət gözləyənlər var. Onlar əqidəsindən dönməyin xəfif xoşbəxtliyini yaşasalar da, onlara kimsənin inanmadığını da bilirlər.

P.S: Bizdə əqidə azadlığı var. Əqidə azadlığına hamı hörmət edir. Əqidə dəyişmək azadlığı da var. Buna hörmət edənlər varmı - sual həmişə açıqdır...

Teqlər: