“Leyla Yunus “Azadlığ”ın müxbirini vertolyotdan atmağı əmr etmişdi”

  20 Noyabr 2017    Oxunub: 25786

Sahib Məmmədov
AzVision.az üçün

“Dünən ilk dəfə ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Anasının qəbrinin harada olduğunu başa saldı. Vəsiyyət elədi ki, bir gündən artıq yas olmasın… O, həddindən artıq emosional idi və qızını unutmamağı xahiş etdi, həyat yoldaşı Arifin vəziyyətindən narahatlığını bildirdi”.
(“Yeni Müsavat” qəzeti “Leyla Yunus vəsiyyət etdi” 26.11.2014-cü il)

Yazıda Leyla Yunus bildiridi ki, bir həftə ömrü qalıb. Məncə o, elə həmin vaxt ölüb. İndi Hollandiyada yaşayan ya əsl Leyla Yunus deyil, ya da xortlayıb.

Mənim də Leyla xanım barədə zəngin “xatirələrim” var. Bir neçəsini onun parlaq olmayan xatirəsinı yad etmək üçün bölüşürəm.

1992-ci ildə Leyla Yunusun qılıncının həm dalı, həm də qabağı kəsən vaxtlar idi. Müdafiə Nazirliyinin Analitik-İnformasiya İdarəsinin rəisi, Respublikanın Baş Hərbi Senzoru, polkovnik Leyla Yunusun adı gələndə çoxlarını vahimə basırdı. Xanımın sərəncamında 12 nəfərdən ibarət silahlı dəstə də var idi.

Mən o zaman Yasamal rayonunda icra hakimiyyətinin başçısı idim. Yumşaq desək, Rəhim Qazıyevlə də çox gərgin münasibətlərimiz vardı. Leyla Yunus bizim rayonun sakini idi, Mərkəzi Univermağın yanıdakı mənzilində yaşayırdı (Bakıda daşınmaz əmlakının sayını sonra daha da artırdı).

Bir gün PATS deyilən telefonla mənə zəng edib, evində su olmadığını bildirdi. Mən də ona lazımi cavabı verdim. Gördü ki, girişə biləcəyi adamlardan deyiləm. Bir az sakitləşdi. Araşdırdım ki, Bakı Şəhər Su Kəmərləri İdarəsi qəzaya görə suyu kəsib. Ona zəng edib, məsələni izah etdim və yaxın 3 saata suyun olacağını bildirdim.

Sonra baş verənlər isə belə olub: Leyla Yunus silahlı dəstəsi ilə Bakı Su Kəmərləri İdarəsinə basqın edib, rəisi girov götürdüb. İşçilər danışırdılar ki, hətta stolun üstündəki içərisində su olan güldanı təpiklə vurub, dağıtmışdı.

Leyla Yunusun bəzi KİV-ləri görməyə gözü yox idi. Xüsusilə də “Azadlıq” qəzetini. Bir dəfə jurnalistlərlə birlikdə vertolyotla cəbhə xəttinə uçanda kimsə Leylaya “Azadlıq” qəzetinin indi adını unutduğum əməkdaşını göstərib ki, bəs, o yazıları yazan budur. Leyla dərhal onun vetolyotdan atılmasını əmr verib. Deyilənlərə görə, rəhmətlik Elmira Əmrahqızı onu birtəhər xilas edibmiş.

Onun Müdafiə Nazirliyi haqqında dərc edilmiş məlumata görə “Azərtac”a silahlı basqını bir ayrı mövzudur. Bu barədə o zaman “Azərtac” direktorunun birinci müavini olan Əflatun Amaşov və oranın keçmiş əməkdaşı Dilarə Əfəndiyeva (Hazırda Dilara Əliyeva adında Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin aparıcı simalarındadır) daha müfəssəl danışa bilərlər.

Bir dəfə o zaman Bakı şəhər İcra Hakimiyyətinin başçısı işləyən rəhmətlik Rauf Gülməmmədov zəng etdi ki, Rəhim Qazıyev onu boğaza yığıb, Leyla Yunus üçün bina istəyir. Xahiş etdi ki, kömək edim. Mən də dedim ki, bizdə müvafiq yer yoxdur. Bir neçə gün sonra yenidən zəng elədi ki, “Kömürçü bazarı”nın yanına gəl. Getdim ki, bir binanın qabağıda durub. Dedi, bura “Tudə” partiyasının binasıdır. İçəridən bir nəfər çıxdı (Sonra bildim ki, partiyanın rəhbəri budur) Rauf Gülməmmədovla ərklə danışdı, xeyli məzəmmət elədi. Dedi, niyə gəldiyini təxminən bilirəm, amma yerim yoxdur. Gülməmmədov onu çətinliklə razı saldı. O da 5-6 otağı boşaltmağa söz verdi.

Sonra baş verənlər isə belə olub: Leyla Yunus gəlib yerə baxmağa, ona bildiriblər ki, bu, “Tudə” partiyasının binasıdır. - Nə?!,- deyib Leyla,- Bu, KQB yaradan, İranla bağlı partiyadır? Dərhal hamısını atın bayıra!

Beləliklə, binanı bütövlükdə zəbt eləyib, 1995-ci ilin sonuna qədər özündə saxlamışdı. O zaman sosial-demokratların bir qanadını partiyaya çevirmişdi və həmin binadan ofis kimi istifadə edirdi.

1995-ci ildə Milli Məclisə namizədliyini irəli sürəndə (məndən xahiş eləmişdi ki, vəkili olum) hakimiyyətə ismarıclar göndərirdi ki, seçilsəm, əməkdaşlığa hazıram. Bunu başqa bir nəfərin vasitəsilə edirdi. Amma fikir verən olmadı. Az sonra Leyla hüquq müdafiəçisi kimi zühur etdi. Bu isə artıq başqa tarixçədir...

Teqlər: #Leyla-Yunus