İflasa bərabər işğal

  28 Noyabr 2017    Oxunub: 2866

Yaxud Ermənistanda “hərbi xidmətə çağırışdan möhlət” davasının əsas səbəbləri

Elçin Mirzəbəyli

Bir müddət öncə Ermənistanda ali məktəb tələbələrinin "Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə" qanun qəbul edilməsinə qarşı etiraz aksiyası keçirməsi işğalçı ölkədə təhsil sahəsində olan problemləri və demoqrafik vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu da ortaya çıxardı.

Xatırladım ki, yeni qanuna görə Ermənistanda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydaları dəyişir və təhsilini davam etdirmək üçün yalnız Ermənistan Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət veriləcək.

Müqaviləyə əsasən, möhlət alan şəxs, seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməli və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində) qulluq etməlidirlər.

Bütün bunlar sübuta yetirir ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətində həm müddətli, həm də müddətdən artıq xidmət keçən hərbi qulluqçularla bağlı ciddi problemlər var. Yəni Ermənistan silahlı qüvvələri təkcə əsgər qıtlığı deyil, həm də zabit çatışmazlığı yaşayır. Ermənistan gənclərinin hərbu qulluq keçməmək üçün ölkəni həmişəlik tərk etmələri kimsəyə sirr deyil. Rəsmi statistikaya görə, yalnız aprel döyüşlərindən sonrakı 3 ay arzində Ermənistanı tərk edənlərin sayı 60 min nəfərdən çoxdur ki, onların da böyük əksəriyyətini gənclər təşkil edir. Amma qanunla bağlı gün işığına çıxan başqa bir reallıq da var: Ermənistan gəncləri nəinki əsgər, hətta öz ölkələrinin silahlı qüvvələrinin zabiti olmaqdan belə imtina edirlər. Ermənistan rəhbərliyi gəncləri hərbi məktəblərə cəlb edə bilmir və ordudakı zabit qıtlığını təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət hüququ alsınlar deyə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur olan şəxslərin hesabına təmin etmək istəyir. Bu fakt həmçinin Ermənistan KİV-lərinin körüklədiyi vətənpərvərlik şoularının da heç bir əsası olmadığını, əksinə silahlıq qüvvələrlə vətəndaşlar arasında ciddi bir uçurumun yarandığını nümayiş etdirir.

Ermənistan Müdafiə Nazirliyinin hazırladığı və parlamentin qəbul etdiyi "Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə" qanun eyni zamanda bu ölkədə insan hüquq və azadlıqları, həmçinin vətəndaşların qanun qarşısında bərabərliyinin təmin olunması ilə bağlı ciddi problemlərin olduğunu göstərir. Belə ki bu qanunla Ermənistan vətəndaşının fasiləsiz təhsil almaq kimi müstəsna konstitusion hüququnun həyata keçirilməsi icra orqanını – Ermənistan Müdafiə Nazirliyinin müəyyənləşdirilir. Ermənistan Müdafiə Nazirliyi isə bu müstəsna hüququn gerçəkləşməsi üçün vətəndaşları təhsillərini başa vurmaq üçün öncədən silahlı qüvvələrdə 3 il xidmət edəcəkləri barədə öhdəlik götürməyə məcbur edir.

Azərbaycanla Ermənistanın bu və ya digər sahədə müqayisə edilməsinin tərəfdarı deyiləm. Lakin mənzərə aydın olsun deyə bəzi məqamlara toxunmağı özümə borc bilirəm:
Azərbaycanda ali təhsilin bakalavriat pilləsində təhsil alan bütün tələbələr istisnasız olaraq hərbi xidmətdən möhlət hüququna sahibdir. Prezident İlham Əliyevin 2016-cı il 21 iyun tarixli sərəncamı ilə magistrantlar və doktorantlara da hərbi xidmətdən möhlət hüququ verilib. Hətta Azərbaycan prezidenti bu təşəbbüsü “Elm haqqında qanun”unda yeni düzəlişdə əks olunmuşdur.

Bunun artıq ilkin müsbət nəticələri də var. 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib, başqa sözlə, 74 faiz artıb.

Qeyd edim ki, Azərbaycanda peşə təhsili alanlara da növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Bu, “Peşə təhsili haqqında” qanun layihəsində də öz əksini tapıb. Qanunun 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Təqdim etdiyim statistika və real faktlar Azərbaycan dövlətinin vətəndaşların fasiləsiz təhsil almaq hüququna verdiyi önəmlə yanaşı, ölkədəki demoqrafik vəziyyəti, silahlı qüvvələrimizdə şəxsi heyətlə bağlı hər hansı bir problemin yaşanmadığını, Azərbaycan Silahlı Qüvvələrinin zabiti adını daşımağın hər bir Azərbaycan vətəndaşı üçün şərəf məsələsi olduğunu nümayiş etdirir.

Düşünürəm ki, bu müstəvidə Azərbaycan və Ermənistanın ali təhsil müəssisələri ilə bağlı reallıqlara nəzər salmaq da yerinə düşər:
Dünyada ən nüfuzlu reytinq agentliyindən biri - “Quacquarelli Symonds”un açıqladığı “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq cədvəlində Ermənistanın ali təhsil müəssisələrindən heç biri yer almayıb.

Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub. Nəzərə almaq lazımdır ki, reytinqdə təmsil olunan ali məktəblərimizin sayı əvvəlki illərlə müqayisədə artıb.

Azərbaycanın ali məktəblərinə sıralamada Bakı Dövlət Universiteti başçılıq edir.
Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
Ermənistanda orta ümumtəhsil müəssiələri ilə bağlı vəziyyət də kifayət qədər acınacaqlıdır. Bu ölkənin təhsil naziri Levon Mkrtçyanın açıqlamasına görə, 2017-cü il ərzində ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 14 məktəb fəaliyyətini dayandırıb və hazırda fəaliyyətdə olan digər məktəblərə birləşdirilib.

Onu da qeyd edim ki, son 10 il ərzində Ermənistanda məktəblilərin sayı 100 min nəfər azalıb. Ölkədə yeni məktəblərin tikintisi isə az qala sensassiya xarakterli hadisə sayılır. Son 10 il ərzində Ermənistanda 30-a yaxın məktəbin yarıdan çoxu ianələrin hesabına inşa edilib.
Onu da qeyd edim ki, hazırda Ermənistanda 1385 məktəb fəaliyyət göstərir. 2012-ci ildə isə bu rəqəm 1450 məktəb təşkil edib. Bu isə o deməkdir ki, son 5 il ərzində Ermənistanda 65 məktəb fəaliyyətini dayandırıb.

Azərbaycanda isə son 10 il ərzində 3000 –dən çox məktəb tikilib. Müsbət demoqrafik artım şagirdlərimzin artan sayı ilə proporsionaldır. Bu il Azərbaycanın orta məktəblərinə 165 mindən artıq şagirdə birinci sinfə gedib ki, bu da iki-üç il əvvəlki göstəricidən 30-35 min nəfər artıq deməkdir.

Zənnimcə, təqdim etdiyim statistik məlumatlar Ermənistandakı demoqrafik vəziyyəti və təhsilin real mənzərəsini müəyyən etmək üçün yetərlidir. Bu mənzərənin əsas səbəbi isə Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsidir.

Teqlər: