30 il əvvəlin Bakısına səyahət

  15 Dekabr 2017    Oxunub : 3063

“Bakı Soveti stansiyası. Sonuncudur”. Bu elan şəhərin ətrafından metro ilə gələnlər üçün Bakının mərkəzinin başlanğıcına işarə edirdi. Maşinist tərəfdən ikinci vaqonun axırıncı qapısından minəndə perrondan stansiyaya çıxan eskalatora yaxın ən birinci tağın qabağında düşürdük. Və esklatora tərəf tez-tez gedirdik ki, birinci minək.

Eskalatoru işıqlandıran uzun, silindr formalı lampalar stansiyanın yadda qalan elementlərindən idi.
Stansiyanın ağır açılan şüşəli qapılarından küçəyə çıxanda sol tərəfdəki su budkasından şirin su içmək olardı. Bir pəncərədə su, o birində kokteyl satırdılar. İnanın mənə, həmin kokteylin dadından indi doğurdan da, heç yerdə yoxdur. Böyründə gül dükanı da var idi.

Stansyanın arxa tərəfində avtobus dayanacağına 57, 52, 65, 39 nömrəli marşrutlar gələrdilər. Həmin avtobusların son dayanacağı idi bura. O vaxtlar avtobuslardan başqa, marşurut taksilər də vardı. Həmin dayancaqdan 177 nömrəli “marşurutka” çıxırdı. Son dayanacağı Yasamal idi. Avtobuslar 5 qəpik olanda bu “marşurutka”larla getmək Sovet Azərbaycanının vətəndaşına 20 qəpiyə başa gəlirdi. “Marşurutka” dediyimiz RAF maşınları idi ki, onların da qabaq oturacağında oturmaq başqa aləm idi...

İran səfirliyinə dönən küçənin tinində qəzet köşkü yerləşirdi. Həmin köşkdən qəzetdən–zaddan, bir də atamın çəkdiyi “Kosmos” siqaretini alardım. Qəzet budkasından bir az qabaqda poçt var idi. İndi də var. Poçtdan sonra... bəli... gəldik çıxdıq məşhur “sosisoçnı”ya. İçəridən həmişə sosiskanın spesefik iyi gəlirdi. Qorçitsa. Deyəsən, pivə də verirdilər. Noxud da öz yerində. Bura çox qədimi yer idi, deyilənə görə, qəzəlxan Vahid də orada oturarmış. Belə bir əhvalat da danışırdılar ki, bir dəfə Vahid kiminləsə oturubmuş həmin kafedə. Qonşu stolda “Narxoz”un tələbələri varmş - qızla oğlan. Qız oğlanla söhbət əsnasında deyir ki, “dəftərim evdə qalıb”. Və Əliağa Vahid bundan ilhamlanaraq
Dedi ol yar mənə, dəftərimiz evdə qalıb,
Eşqə dair yazılan sözlərimiz evdə qalıb
rədifli qəzəlini yazıbmış. Hər halda, mən belə eşitmişdim.

Bu “sosisoçnı” Bakıda çox məşhur idi. Üzbəüzdəki “Narxoz”un tələb-müəllim heyəti oranın daimi müştərilərindən idilər. Satıcı yaşlı bir kişi idi, həmişə ağ xalatda, səliqəli. Orada yeyilən sosiskadan və əvəzində verilən minimal hesabdan indi heç yanda yoxdu.

Sosiskanı yeyəndən sonra o vaxtkı Kommunist küçəsi ilə üzüaşağı düşərdik. Bu küçənin o vaxtkı “Poluxin”lə kəsişməsində kitab dükanı da var idi. Kitab iyi... Bundan gözəl iy yox idi bizim üçün uşaqlıqda. Almasaq da, o dükana girib, həmin iyi içimizə çəkərdik. Kitab rəflərində klassiklərdən Nizaminin, Füzulinin, Sabirin əsərləri ilə yanaşı, Anarın, İlyas Əfəndiyevin, Rəsul Rzanın əsərləri olardı...



Kitab mağasından çıxıb aşağıya gedəndə sol tərəfdə bir əmanət kassası vardı. Ordan gələn pulun iyi də, boynumuza alaq ki, həmişə aktual idi. Bir az da aşağı gedəndə “Sünbül” çörək dükanını görürdük. 92-93-cü illərdə çörəyin qıt vaxtlarında saatlarla həmin dükanda növbə gözləyərdik... Getsin o günlər, gəlməsin...

Küçənin axırında svetafora çatanda “Monolit” adlanan binanın altında kafeteriya vardı. Məktəb illərində həmişə orada pirojna yeyıb, kakao içərdik. Kafeteriyadan çıxıb, svetoforu gözləyib, yolu keçib, “parapet”ə tərəf gedərdik. Svetoforu gözləmək mütləq idi. Qaydanı pozsaydın, tindəki DAM əməkdaşı dərhal cərimələyə bilərdi.

“Baksovet”in arxasındakı “koneçni”dən tərpənən bəzi avtobusların ilk dayanacağı Nizami parkının yanı idi. Baksovetdən bura qədər ayaqla gəlməyə ərinib, avtobusa minənlər orda düşər və əksinə, yuxarıya qalxmağa həvəsi olmayanlar 57, 52 ya da 65-ə minərdilər.

Sol tərəfdə “Azərnəşrin çayxanası” deyilən obyekt yerləşirdi. Yayda orada açıq havada oturub, domino vuranların səs-küyü hələ də qulaqlardadır.

Bir az aralıda yerləşən “Araz” kinoteatrının yanında eyni adlı kafe də var idi. İndi həmin yer xaricilərin daim oturduğu restorana çevrilib. O vaxtlar bu kafe daha sadə və aurası tam başqa idi. Sinif yoldaşlarımızla dərsdən qaçanda bura gələrdik.

“Araz” kinoteatrının girişində 15 qəpiklik oyun avtomatları, qapısında isə zəhmli görünüşü və gur səsi olan nəzarətçi dayı vardı. Ondan hamımız bir az çəkinirdik. O da, deyəsən, bunu hiss eləmişidi və statusundan istifadı edərək, hərdən üstümüzə qışqırırdı. Sonralar “Araz”ın zalında ilk kompüter oyunları peyda oldu. “Kukaraçi” və “Persdiskiy zaliv” ən çox sifariş edilən oyunlardan idilər.

“Araz” Bakıda ilk stereofilmləri yayımlayan kinoteatr idi. Seansa gələnlərə eynək verirdilər. Bu, indinin 3D filmləri kimi bir şey idi.

Kinoteatra girməyib, bir az da irəli getsəydin, mərkəzində fəvvarələr olan parka gəlirdin. Sağa dönsən - bulvara, düz getsən – “Torqovı”. Bulvara gedən yolda “Dinamo” mağazası var idi, idman malları satırdılar. “FİFA topu” dediyimiz topun qiyməti, səhv etmirəmsə, 25 rubl idi. “Desna-2”, “Orlyonok” velosipedləri, “Adidas” idman forması və s. də olurdu həmin dükanda.



Natəvanın heykəlilə üzbəüz dayanıb sağ tərəfə baxanda “Firuzə” adlı qızıl-brilyant mağazası vardı, sola baxanda isə “Prodmaq”: Donmuş ət və balıqdan tutmuş, şüşədən olan toppuş qablarda smetana, göy qapaqlı qatıqlara qədər hər cür ərzaq malları satılırdı həmin dükanda.

Natəvanın heykəlinə tərəf dönməyib, düz getsəydin, sağ tərəfdə böyük bir su dükanı var idi. İçində böyük yumru işıqlardan interyer qurulmuş, divarları maraqlı şüşəli materialla suvaqlanmışdı. Orada şirin su ilə yanaşı, “Sirab”, “Badamlı” da satardılar. Sonralar o su dükanını bağlayıb, ABC disk dükanı elədilər.

Köhnə “Malıgin”, indiki Tağıyev küçəsinin lap əvvəlində hazırda “Azercell”in müştəri xidmətləri var. O vaxt isə aptek yerləşirdi. “Makdonalds”, “İSR plaza” olan hissə avtomobil dayanacağı, arxa tərəfi isə 16 nömrəli məktəbin stadionu idi.

“Şaxnoviçin dükanı” adlanan mağaza ilə üzbəüz isə uşaqların ən çox sevdiyi yer - “Cırtdan” mağazası yerləşirdi. Sovet dövrünün bütün uşaqlarının arzusu idi ki, onu həmin dükanda unudub, getsinlər. Orada rəngbərəng, cürbəcür oyuncaqlar satırdılar. Məktəbli formaları da öz yerində. Dükanın 2 girişi və çıxışı var idi.

…İnkişaf labüddür, qaçılmazdır, heç kim bunun qarşısını ala bilməz. Şəhər görkəmini dəyişir, yeni binalar tikilir, köhnələr yeni üslubda bərpa olunur. Bu, normal prosesdir. Amma o vaxtın Bakısı onu görənlərin hamısının xatirəsindədir. Bu, bizim uşaqlığımız, bizdən böyüklərin isə cavanlığıdır.

Bir muzey istərdim. İçində köhnə Bakımızın maketini düzəltsinlər. Həmin o yerləri təzədən görə bilməyimiz üçün.



Musa Əliyev

AzVision.az üçün

Teqlər: #Nostalji   #Köhnə-Bakı