Qadından istifadə etmək üçün müasir kişi kələyi – SƏSLİ KÖŞƏ

  25 Yanvar 2018    Oxunub: 26133

Günay Arda
Yazını müəllifin səsi ilə dinləyin:



Yazının məqsədi ağbirçəklik və ya mənasını bilmədiyim menatilet söhbətləri deyil. Həyatınızı kiminsə məsuliyyətsizliyinə qurban verməyin. Sizi kişilərin məsuliyyətsizliyindən ancaq qanunlar xilas edə bilər.

Feminizmi kişilər düşünüb. Məqsəd isə qadının yükünü çəkməmək üçün hər cür yola getmək olub. Yəni ki, sən güclüsən, özün bacararsan. Sənin kişi gücünə ehtiyacın yoxdur. Ana dilində desək, canın cəhənnəmə!!!

Belə fırıldaqlar inkişafının ən yaxşı dövrünü yaşayır. Tərəflər tanış olur. Məlum olur ki, oğlan çooxx müasirdir. Onun üçün evlilik, nikah, ailə dəyərləri – bütün bunlar əslində arxaik anlayışlardırlar. Evlənənlərin hamısı geridəqalmış və axmaqdırlar. Bircə bizim yaraşıqlı ağıllıdır. Odur ki, yaşının ən gözəl çağlarını yaşayan qıza vətəndaş nikahı təklif edir.

Vətəndaş nikahı isə o deməkdir ki, mən, hazırda evlənmək istəmirəm. Yaxud da evlənmək istəyirəm, amma məhz sən mənim evlənəcəyim qadın deyilsən. Nə vaxt ki, qarşıma səndən daha gözəl, gənc, ağıllı, uşaqlarımın anası olmağa layiq qadın çıxarsa, o zaman sənə mədəni şəkildə “xoşca qal” deyəcəyəm. Daha mənə fərqi yoxdur ki, sənin aylarını, illərini, ömrünün ən gözəl çağını özümə xərclədim. Sənin nə hiss etdiyin, məndən sonra həyatını qurub-qurmayacağın mənim heç vecimə də deyil. Vətəndaş nikahı məsuliyyətsiz və qorxaq kişilərin bəhanələrinin ümumi nəticəsidir.

Carpe Diem. “Anı yaşa”. Bu günlə yaşa. Sabaha ümid yoxdur, dünən isə çox uzaqlardadır. Guya bizim bəy əfəndi geniş dünya görüşünə sahibdir. İşinə gəlincə fəlsəfə xırdalayan, fransız kişisi ədasına girənlərin əksəriyyəti sonradan ya xalası qızı, ya da anasının təklif etdiyi “ev qızı” ilə evlənirlər. Hamısı unudur ki, bir gün hər kəs nə vaxtsa başqasının keçmiş sevgilisi ilə evlənir.

Düşünün ki, bizim kimi adət-ənənəsinə bağlı cəmiyyətdə bir qadın üçün hansı faciəvi vəziyyət yaranır. İllərini verdiyi, nə vaxtsa onunla evlənəcəyinə inandığı kişi ürəyi istədiyi vaxt ondan ayrılır, öz həyatını qurur. Qadın isə darmadağın, əzab içində, kişimərkəzçi cəmiyyətdə uzun müddət həyatını qura bilmir.

Vətəndaş nikahında yaşamaq təklifi təxminən belə bir şeydir: “Gəl, bərabər yaşayaq. Sən qadın kimi bütün ehtiyaclarımı ödə, evi təmizlə, yemək bişir, qulluqçuluq et. Mənim isə sənin qarşında heç bir maddi və mənəvi borcum yoxdur. Niyə? Çünki səni mənə qanunla heç nə bağlamır. Amma biz birgə yaşayaq. Yaxşı çıxsan, bəlkə səninlə evlənə də bilərəm”.

Belə qiymətləndirmə əşyalara qarşı olur. Qadın özünü sınaq müddətinə təhvil verir. Bu müddətdə zəhmət çəkir, ən yaxşı tərəflərini göstərir, hər şeyin yaxşı olmağına çalışır. Hətta uşaq da doğur. Elə bu andaca şahzadəfason yoxa çıxır. Geridə zəifləmiş, bütün enerjisini xərcləmiş qadın və qeyri-rəsmi nikahdan doğulmuş körpə qalır. Kişilər məsuliyyətdən qaçmaq üçün müasirlik nağılları ilə qadınların həyatını alt-üst edir. Sonra isə özlərinə gün işığı görməmiş, mələməmiş quzu alıb, el adəti ilə evlənirlər.

Heç kim demir ki, rastlaşdığınız ilk adama ərə gedin, sırf ərə getmək xatirinə həyatınızı xərcləyin. Bir nüansı unutmayın ki, geridə sizə nikahdankənar uşaqlar və istifadə olunmağın ağırlığı qalacaq.

Günay Arda
AzVision.az

Teqlər: #Vətəndaş-nikahı   #Feminizm