Ərazi separatçılığı, ona yol açan hüquqi boşluqlar və Azərbaycan təcrübəsi – ANALİZ

  16 Fevral 2018    Oxunub: 9914

Ramin Lev
Məlumatların hüquqi ekspertizası və təhlili üzrə ekspert
AzVision.az üçün

Artıq iki əsrə yaxındır ki, insanın yaşamı sadəcə coğrafi parametrlərlə səciyyələnən məkan anlayışının üzərində qurulmur. İnsan mövcudluğunu və azadlığını məhdudlaşdıran təbii faktorların (məsələn, biologiyanın qanunları, fizikanın qanunları və s.) sırasına daha biri – əhəmiyyətli dərəcədə iqtisadi mahiyyətə malik ərazi faktoru da əlavə olunub.

Yer kürəsində insan sayının çoxalması, əhalinin ərzaqla təminatı sahəsində ciddi problemlərin meydana gəlməsi, mərkəzləşmiş və bir-birilərilə kəskin geopolitik rəqabətdə aparan dövlətlərin, güc mərkəzlərinin sayının artması, ayrı-ayrı ölkələr arasında sərhəd xətlərinin dəqiq müəyyənləşdirilməsi, elm və texnologiyaların da inkişafı nəticəsində hər dövlətin öz ərazisi və sərhədlərini daha səmərəli biçimdə kontrol etmək imkanları qazanması, “insan-cəmiyyət-dövlət” münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və s. nəticəsində “ərazi” anlayışı siyasi-iqtisadi və hüquqi baxımdan artıq əvvəlki əsrlərdəki “coğrafi məkan” konsepsiyasından köklü surətdə fərqlənir.

Yeni ərazi konsepsiyası çoxdandır ki, insana tam sərbəst hərəkət etmək azadlığını tanımır. İnsan artıq kimsədən icazə almadan istədiyi coğrafi ərazidə məskunlaşmaq, orada bitkiçilik, balıqçılıq, ovçuluq, ticarət və s. kimi məşğuliyyətlərə qurşanmaq, istədiyi şəkildə ailə qurmaq və nəsil artırmaq, övladlarını istədiyi metodlarla böyütmək, başqalarını istədiyi kimi cəzalandırmaq, ümumiyyətlə, istədiyi kimi tam azad ömür sürmək lüksünə malik deyil. Çünki insan dövlət fenomeninin, onun yaratdığı qayda və qanunun – davranış təlimatlarının tələblərinə mütləq əməl etməlidir.

Məsələn, dövlət orqanlarından şəxsiyyəti müəyyənləşdirən sənədlərin əldə olunması, ictimai asayişə və hüquq qaydasına riayət edilməsi, vətənin müdafiəsində iştirak, peşə və ya sənətə yiyələnmək naminə rəsmi dövlət sənədlərinin qazanılması, hər hansı fəaliyyət növü ilə məşğul olmaq üçün dövlət büdcəsinə vergi və digər sosial ödənişlərin keçirilməsi, xarici ölkələrə istənilən məqsədlə səfərlər gerçəkləşdirmədən öncə həmin dövlətlərin aidiyyatı qurumlarından rəsmi icazələr alınması və s. sözügedən tələblərdən sadəcə bir neçəsidir. Əvəzində isə, dövlət insanı və cəmiyyəti xaosun, özbaşınalığın və cinayətkarlığın qurbanına çevrilməkdən, yadelli basqınlarından, işsizlikdən, xəstələndikdə və qocaldıqda maddi imkansızlıqdan, ərazisinə yeni gəldikləri ölkələrdə hüquqsuzluqdan, o cümlədən müxtəlif xəstəlik və epidemiyalardan, maddi və mənəvi qıtlıqdan, müasir dövrün təbii fəlakətlərdən və s. qoruyur.

Bu qoruma aktının uğuru isə birbaşa dövlətin sərəncamındakı resurslardan asılıdır. Dövlət nə qədər geniş və əhatəli imkanlara malik olarsa, insan və cəmiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri də bir o qədər uğurla yerinə yetirə və daha da möhkəmlənə bilər. Bu baxımdan, hazırda ərazi müasir insanın hər gün üzləşdiyi, son dərəcədə mürəkkəb bir varlığa - “dövlət” konsepsiyasına ayrılmaz tellərlə bağlıdır. Çünki dövlətin mövcudluğunun özülünü təşkil edən resurslar məhz dövlətə aid ərazilərdə yerləşir. Əraziyə sahiblənmədən oradakı istənilən resursa çıxış əldə etmək ya qeyri-mümkün, ya da həddindən artıq məsrəfli və iqtisadi cəhətdən az sərfəli olur. Aşağıdakı diaqramda ərazi və resurslar arası əlaqəni diqqətinizə təqdim edirəm.



Diaqramda 3 fərqli ərazi tipi, habelə həmin ərazilərin hər birindəki mövcud resurslar təsvir edilir. Göründüyü kimi, dövlət hələ ki, həmin ərazi tiplərindən sadəcə birincisinə, nisbətən də ikincisinə mütləq hakimdir. Dövlətin mövcudluğunu şərtləndirən başlıca resurslar da, hələlik, məhz həmin iki növ ərazilərdən əldə edilir. Resursların işlənilməsi və paylanılması prosesinin özü isə, insan-cəmiyyət-dövlət üçbucağında maddi və mənəvi maraqlar toqquşmasından meydana gələn gərgin və proqnozlaşdırılması çətin rəqabət elementlərindən təşkil olunub.

Bu araşdırmanı sözügedən rəqabət elementlərindən ən mürəkkəbinə, dəhşətlisinə və doğurduğu nəticələrə görə ən təhlükəlisinə - ərazi separatçılığına həsr etmişəm. Yazıda əvvəlcə ərazi separatçılığının anlayışı verilir və onun xüsusiyyətləri sadalanır. Bunun ardınca, ərazi separatçılığı hüquq və beynəlxalq hüquq müstəvisində nəzərdən keçirilir. Növbəti bölmədə Azərbaycan Respublikasının ərazi separatçılığı ilə mübarizə təcrübəsinə diqqət yetirilir. Nəhayət, sonda bu fenomenlə effektli mübarizə imkanlarına dair fikirlər səsləndirilir.


Ərazi separatçılığının anlayışı

Təkrarlamaqda yarar görürəm ki, ərazi separatçılığı müasir dövrün ən təhlükəli çağırışlarından biridir. Bu fenomen uzun illərdir, həm ayrı-ayrı dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, buna paralel olaraq da beynəlxalq sülh və təhlükəsizliyə qarşı həm real, həm də potensial təhdid doğurmaqdadır. Lakin təəssüflər olsun ki, müxtəlif səbəblərdən ərazi separatçılığına qarşı beynəlxalq müstəvidə, vahid və koordinasiyalı mübarizəyə yetərli diqqət göstərilmir. Sözügedən təhdidin qarşısının milli və ya dövlətdaxili səviyyədə alınması isə, heç də həmişə gözlənilən nəticələri vermir. Bunun da, bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Zənn edirəm ki, ərazi separatçılığının anlayışının verilməsi, o cümlədən ona xas əlamətlərin sadalanması ilə sözügedən səbəblər də gün işığına çıxacaq.

Beləliklə, ərazi separatçılığı dedikdə, istənilən bir dövlətin müasir beynəlxalq hüquq normaları çərçivəsində hamılıqla tanınmış sərhədləri daxilində, irq, din, etnik kökən, dil, ideologiya və s. əlamətlər baxımından konkret bir regionda kompakt yaşayan, həmin dövlətlə ayrılmaz siyasi-hüquqi bağlara malik, eləcə də həmin dövlətin yerdə qalan əhalisinə nisbətdə azlığı təşkil edən əhali kütlələrinin adından sui-istifadə edən “liderlər” və “hökumətlər” tərəfindən bu azlığın məskunlaşdığı ərazinin, müxtəlif siyasi, sosial-iqtisadi, tarixi, mədəni və s. bəhanələr uydurmaqla, əksər hallarda da, zorakı üsullara əl atmaqla, siyasi, iqtisadi və hüquqi cəhətdən sözügedən dövlətdən çoxluğun iradəsinin ziddinə ayırmaq cəhdləri başa düşülür.

Ərazi separatçılığının xüsusiyyətləri

Yuxarıdakı anlayış nisbidir və subyektiv qiymətləndirilə bilər. Lakin hər halda, hesab edirəm ki, bu anlayışın köməkliyi ilə ərazi separatçılığının əsl mahiyyətinə xeyli aydınlıq gətirilir. Anlayışın əsasında ərazi separatçılığının aşağıdakı səciyyəvi cəhətlərini fərqləndirmək mümkündür.

Birincisi, adından da göründüyü kimi, ərazi separatçılığı insanın və dövlətin mövcudluğu üçün ən önəmli ünsürə - əraziyə birbaşa qəsdi özündə ehtiva etdirir. Təbii ki, ikinci gizli hədəf isə, həmin ərazidəki resurslardır. Ərazi separatçılığının son dərəcədə geniş miqyasda dağıdıcı gücə malik olması, səmərəli həlli üzrə imkanların, demək olar ki, yoxluğu məhz bu amillə bağlıdır. Müasir dövrdə hər hansı bir dövlətin ərazisinə qəsd isə, beynəlxalq sülh və təhlükəsizliyin siyasi-iqtisadi əsaslarına birbaşa qəsd deməkdir.

İkincisi, ərazi separatçılığında ən destruktiv yer və rol əsl niyyətlərini, karyera hirslərini və arzularını, mən deyərdim, hətta şəxsi kin-kidurətlərini son dərəcədə məharətlə vətənpərpərlik, azadlıq, millətsevərlik, haqpərəstlik və s. kimi örtüklər altında gizlədə bilən, xarici ünsürlər tərəfindən dəstəklənən “liderlər”dən formalaşmış de facto “hökumətlər”ə aiddir. Burada separatçı zona əhalisinin rolu çox az hallarda həlledici olur. Fikrimcə, ölkənin həm separatçı, həm də dövlətçi düşərgəsini təmsil edən dinc əhali əksər hallarda ərazi separatçılığının əsas qurbanıdır. Xüsusilə də, birinci düşərgəyə gəldikdə, dinc, siyasiləşməmiş əhali kütlələrinin böyük əksəriyyətinin ərazi separatçılığına qatılması aşağıdakı iki qeyri-iradi səbəb üzündən baş verir:

a) əhalinin əksəriyyəti cəmiyyətdən kənarlaşdırılma, mülkiyyətdən məhrum edilmə, zorakılığa məruz qoyulma, hətta qətlə yetirilmə qorxusu altında ifrat radikal ünsürlərə, onların müharibə çağırışlarına açıq və birbaşa etiraz edə bilmir;
b) əhalinin müəyyən qismi isə, zərərli ideologiyaların təsiri altına düşür və onlara “qızıl dağlar” vəd edən “qəhrəmanlar”ın güdazına gedir.


Üçüncüsü, hər nə qədər demokratiya donu geyindirilirsə geyindirilsin, ərazi separatçılığı həmişə demokratiyanın ən vacib prinsiplərindən birinin – çoxluğun iradəsinin üstünlüyü prinsipinin ən kobud surətdə tapdalanmasından başqa bir şey kimi qiymətləndirilməməlidir. Belə bir pozuntu özünü iki formada biruzə verir:
a) separatçı zonadakı dinc yanaşı yaşamağa meylli olan əhali (böyük əksəriyyət) ifrat radikal millətçi ünsürlərin (azlığın) təsiri altında müharibəyə sürüklənir;
b) ərazi separatçılığına məruz qalmış ölkə əhalisinin (mütləq çoxluq) iradəsi separatçı zonanın əhalisinin (azlıq) iradəsinə tabe etdirilməyə çalışılır.

Dördüncüsü, ərazi separatçılığı birmənalı şəkildə silahlı münaqişə və müharibələrə aparıb çıxarır. Çünki istənilən halda çoxluğun azlığa tabe olmaması və istənilən dövlətin öz yurisdiksiyası altında olan ərazi və resursları bütün mümkün vasitələrlə qorumağa çalışması təbii qarşılanmalıdır.

Beşincisi, dünya dövlətləri arasında ərazi separatçılığına münasibətdə vahid praktiki hüquqi-siyasi mövqe formalaşmadığından, ikili standrtların tətbiqi ərazi separatçılığının geniş vüsət almasına əlverişli şərait yaradır. Dərin təəssüf hissi ilə qeyd etmək istərdim ki, hətta bir sıra hallarda açıq hərbi təcavüzə cürət etməyən bəzi dövlətlər məqsədli şəkildə qonşu ölkələrin ərazisində separatizm ocaqları yaradır, beləliklə də, həmin ölkələri daxildən parçalamaq və onların ərazisini ələ keçirməyə cəhd göstərirlər. Digər tərəfdən, beynəlxalq təcrübədə geniş tətbiq olunan “mülki vətəndaşların işlərinə qarışmama” və de fakto tanıma institutları ərazi separatçılığı iqtisadiyyatının, müəyyən qədər də olsa, çiçəklənməsinə yol açır.

Altıncısı, təcrübə də göstərir ki, ərazi separatçılığı gec, ya tez milli və beynəlxalq yurisdiksiyadan kənar “boz zonalar”ın formalaşmasına gətirib çıxarır. Belə ərazilər də, ən müxtəlif kriminal təşkilatlar üçün son dərəcədə əlverişli fəaliyyət məkanına çevrilir.

Yeddincisi, bütün yuxarıda sadalanan “xüsusiyyətləri” özündə cəmləşdirən ərazi separatçılığı fenomeni irqi, milli, dini, ideoloji və s . zəmində ədavət və düşmənçiliyi artırır, mövcud milli və beynəlxalq hüquq qaydasının əsaslarını sarsıdır, müharibə cinayətləri və genosid cinayətləri kimi xüsusilə ağır əməllərin törədilməsini inanılmaz dərəcədə asanlaşdıran hüquqi-təşkilati boşluq əmələ gətirir, milli, regional, hətta qlobal miqyasda davamlı sosial-iqtisadi inkişafa ağır zərbə vurur, insanların yaşam şəraitini olduqca dözülməz hədlərə çatdırır, bəşəriyyətin əvəzsiz mədəni irs nümunələrinin amansızcasına məhvinə səbəb olur, habelə ətraf mühiti son dərəcədə zərərli təsirlərə məruz qoyur.

Ərazi separatçılığına milli hüquq müstəvisindən baxış

Yuxarıda sadalananlar sübuta yetirir ki, ərazi separatçılığı həm də çoxlu sayda cinayətlərin törədilməsi ilə nəticələnən mürəkkəb, uzun sürən bir siyasi, sosial-iqtisadi və hərbi prosesdir. Bu proses ərzində saysız-hesabsız cinayətlərin – soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s. kimi milli və beynəlxalq hüquqla qadağan edilmiş son dərəcədə ictimai təhlükəli əməllərin törədilməsi, ən elementar insan haqlarının belə kütləvi, sistemli, ardıcıl və miqyaslı şəkildə, kobud surətdə tapdalanması ehtimalı həddindən artıq yüksəkdir. Belə olan halda, bəs insanlığın ən humanist kəşflərindən biri – hüquq ərazi separatçılığına qarşı hansı mövqeni sərgiləyir?

Ilk növbədə, qeyd etmək istərdim ki, müasir hüququn ərazi separatçılığına münasibəti ikili xarakterə malikdir. O, bir tərəfdən, ərazi separatçılığını həm bir siyasi-hərbi proses kimi görür, onunla hər hansı əlaqə və ya ünsiyyətə girmək istəmir, həm də onu ictimai həyatın siyasət, iqtisadiyyat və s. başqa sahələrində meydana gələn, insan, cəmiyyət və dövlət üçün çox zərərli nəticələrə səbəb olan bir problem kimi qavrayır. Lakin hüquq sanki ərazi separatçılığını hüquqi problem kimi tanımağa cəhd belə göstərmir.

Digər tərəfdən də, hüquq həmin bu siyasi, iqtisadi, etnik, dini, hərbi və s. problemlə əlaqədar törədilən əməlləri müstəqil cinayət tərkibi yaradan əməllər kimi tövsif edir və onları törədən şəxslər üçün müvafiq cəzalar nəzərdə tutur. Başqa sözlə, hüquq ərazi separatçılığna münasibətdə sanki, bir qədər qeyri-rəsmi səslənsə də, “Daldan atılan daş topuğa dəyər” davranışını sərgiləyir. Yəni ərazi separatçılığı müstəqil cinayət tərkibi yaradan əməl kimi müəyyənləşdirilmir, lakin hüquq tərəfindən tanınmasa da, reallıqda mövcud olan bu əməl törədildikdən, onlarla başqa cinayət əməllərinin baş verməsinə səbəb olduqdan sonra, hüquq meydana atılır və ilkin, əsas əməllə deyil, məhz sonrakı, nəticəvi əməllərlə mübarizəyə başlayır.

Belə bir qeyri-müəyyən mövqe də vəziyyəti xeyli mürəkkəbləşdirir. Çünki siz hüquqi problem kimi tanımadığınız hər hansı problemin hüquqi yolla həll məsələsini qaldıra bilməzsiniz. Apardığım araşdırmalar göstərir ki, əksər dövlətlərin konstitusiyalarında ərazi separatçılığı barədə hər hansı müddəa yoxdur. Ümumiyyətlə, əsas qanunlar bu anlayışdan yan keçir və dövlət ərazisi, həmin ərazinin bütövlüyü, toxunulmazlığı və bölünməzliyi, ərazi bötüvlüyünün bütün mümkün vasitələrlə, o cümlədən hərbi güc tətbiqi yolu ilə qorunmasının zəruriliyi, dövlət suverenliyinin dövlətin bütün ərazisinə şamil olunması və s. kimi ümumi müddəalarla kifayətlənirlər.

Konstitusiyalar dövlətlərin ərazi bütövlüyünün pozulmasının yalnız və yalnız bir qanuni və hüquqi yolunu müəyyənləşdirirlər. Həmin yol da, təbii ki, müasir hüquqi-demokratik idarəçilik metodları ilə tam uzlaşan ümumxalq səsverməsinin, yəni referendumun keçirilməsindən ibarətdir. Lakin dövlət ərazisinin ayrılmasına icazə verən referendum yalnız bir halda qanuni və hüquqi ola bilər ki, həmin referendumun nəticələri sadəcə separatçı zona sakinlərinin deyil, bütün ölkə əhalisinin iradəsini nəzərə almış olsun.

Beləliklə, ərazi separatçılığına münasibətdə konsitusion-hüquqi mövqe aşağıdakı tezislərlə ifadə oluna bilər:

1. konstitusiya hüququ ərazi separatçılığı deyə hər hansı hüquqi konsepsiya tanımır;
2. lakin konstitusiya hüququnda dövlətin ərazi bütövlüyünü qoruyan və həmin ərazinin özgəninkiləşdirilməsini qadağan edən müddəalar mövcuddur;
3. beləliklə, dövlətin öz ərazisini qorumaq məqsədilə istənilən imkandan istifadə, o cümlədən adekvat güc tətbiqi hüququ vardır;
4. istənilən zonanın beynəlxalq hüquqla tanınmış hər hansı bir dövlətdən ayrılması aşağıdakı şərtlərlə hüquqi, qanuni və legitim sayıla bilər:

a) separatçı zona ayrılmaqla bağlı iddialarının həm hüquqi, həm də praktiki əsaslarının mövcudluğunu sübuta yetirə bilərsə;
b) ayrılma aktı dinc, hüquqi yollarla həyata keçirilərsə;
c) məsələ ilə əlaqədar keçirilən referendumda bütün ölkə əhalisi iştirak edərsə;
d) bu referendumda ölkə əhalisinin böyük əksəriyyəti ayrılmanın lehinə səs verərsə.

Ərazi separatçılığı, mahiyyəti üzrə, qeyri-hüquqi və qeyri-qanuni olsa da, əksər ölkələrin konstitusiya hüququnda və konstitusiyasında, nə də başqa bir qanunda onun anlayışı və müxtəlif hüquqi aspektləri, bu fenomenlə hüquqi mübarizə yolları ilə bağlı konkret prinsip və normalar mövcud deyil.

Göstərilənlərdən əlavə, hansı əməllərin cinayət məsuliyyəti yaratdığını, belə əməllərə görə tətbiq edilən cəzaları, habelə cinayət cinayət məsuliyyətindən və cəzadan azadetmə şərtlərini və s. müəyyənləşdirən qanunlarda – cinayət məcəllələrində də “ərazi separatçılığı” müstəqil cinayət tərkibi yaradan əməl kimi nəzərdən keçirilmir. Cinayət qanunlarında “separatçılıq” anlayışı belə yoxdur. Təbii ki, ərazi separatçılığı cinayət qanununda cinayət əməli kimi nəzərdə tutulmadığına görə bu işlə məşğul olan şəxslərin əməllərinə zamanında adekvat hüquqi qiymət verilməsi, beləliklə də, gələcəkdə onlar tərəfindən törədilə biləcək daha böyük faciələrin qarşısının vaxtında alınması işi mürəkkəbləşir. Ərazi separatçılığı ilə məşğul olan şəxslərin əməlləri digər cinayət tərkibləri – dövlətə xəyanət, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qeyri-qanuni silahlı qruplaşmalar yaratma, silahlı qiyam, dövlət əleyhinə açıq çağırışlar, milli, irqi, sosial və ya dini ədavət salınması, terrorçuluq, qəsdən adam öldürmə və ya qəsdən sağlamlığa ağır xəsarət yetirmə, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə tövsif olunur.

Sadalanan cinayət əməlləri, zahirən ərazi separatçılığı ilə uzlaşan, onu əhatə edən cinayətlər kimi görünsə də, mahiyyət etibarilə bu cinayətlərin heç biri ərazi separatçılığını tam ehtiva etmir. Məsələn, ərazi separatçılığı özünün məqsəd və motivləri baxımından onların hamısından tamamilə fərqlənir. Beləliklə, onun törədilməsində əsas məqsəd bir dövlətin konkret ərazilərinin qeyri-hüquqi, qeyri-qanuni və qeyri-legitim yollarla həmin dövlətdən ayrılmasıdır. Həmin məqsədə nail olmaq üçün separatçılar yuxarıda sadalanan cinayətlərdən birini, bir neçəsini və ya onların hamısını törədə bilərlər. Problem burasındadır ki, şəxsin məhz dövlət ərazisini parçalamaq məqsədi ilə, istər “yumşaq güc”, istərsə də, silahlı güc tətbiq etməklə, qanunsuz fəaliyyətlərə girişməsi barədə təkzibedilməz sübutlara (şəxs özü bir qayda olaraq öz çıxışlarında belə niyyəti olmasını səsləndirir, kütləvi informasiya vasitələrinə müsahibələr verir və s.) malik ola-ola, ona münasibətdə tamamilə digər maddələrlə cinayət işi açılır.

Bundan əlavə, mütləq müasir dövrün acı təcrübəsini də nəzərə almaq lazımdır ki, ərazi separatçılığı təkcə dövlət suverenliyi və onun konstitusion quruluşu əleyhinə yönəlmiş cinayət deyildir. Ərazi separatçılığı, cinayət hüququ nöqteyi-nəzərindən, dövlətin ərazi bütövlüyünü parçalamaq məqsədi ilə bir qrup şəxs, əksər hallarda da dövlətdaxili və xarici ünsürlərdən təşkil olunmuş mütəşəkkil cinayət birlik tərəfindən açıq surətdə, birbaşa qəsdlə, “yumşaq güc” və ya silahlı güc tətbiqi vasitəsilə törədilən, beynəlxalq sülh və təhlükəsizliyin əsaslarına qarşı yönəlmiş, ən təməl insan hüquq və azadlıqlarının sistemli, geniş miqyaslı, ardıcıl və kobud surətdə tapdalanmasına gətirib çıxaran xüsusilə ictimai təhlükəli, tamamilə qeyri-hüquqi, qeyri-qanuni və təqsirli cinayət əməlidir.

Deməli belə çıxır ki, müasir milli hüquq bir cinayət əməli kimi ərazi separatçılığının adını çəkmir, ona toxunmur. Lakin ərazi separatçılığının ayrı-ayrı tərkib elementlərini kriminallaşdırır. Belə olan halda xüsusilə nəzərə almaq lazımdır ki, sözügedən tərkib ünsürlər (məsələn, genosid, silahlı qiyam, terrorçuluq və s.) məhz ərazi separatçılığı cinayətinin məqsədinə nail olmaq üçün törədilən ikinci dərəcəli, bir növ köməkçi cinayətlərdir. Məsələn, soyqırım cinayəti məhz hansısa əraziləri başqa etnik, dini və s. qrupun nümayəndələrindən təmizləmək məqsədilə törədilir. Eləcə də, silahlı qiyam, bütün ölkədə hakimiyyətin ələ keçirilməsi halları istisna olmaqla, məhz ərazisi separatçılığına nail olmaq üçün əl atılan ifrat zorakı metodlardan sadəcə biridir. Ona görə də hesab edirəm ki, milli hüququn və milli qanunvericiliyin göstərilən məqamlara daha həssaslıqla diqqət yetirməsi məqsədəmüvafiq olardı.

Ərazi separatçılığı beynəlxalq hüququn, yoxsa beynəlxalq hüquq ərazi separatçılığının nişangahında?..

Mərkəzləşmiş məcburetmə aparatının yoxluğu, normaların hazırlanması zamanı əksər subyektlərin maraq və mənafelərinin nəzərə alınmasının labüdlüyü, həmin subyektlərin – dövlətlərin son dərəcədə mürəkkəb, saysız-hesabsız maraq və mənafelərin daşıyıcısı olmaları və s. baxımından ərazi separatçılığı ilə mübarizədə, əgər milli hüquqla müqayisə edərsək, beynəlxalq hüquq daha qeyri-müəyyən və daha zəifdir. Üstəlik, beynəlxalq hüquq ərazi separatçılığına münasibətdə açıq-aşkar ikili mövqe nümayiş etdirir.

Sözügedən mövqelər isə, bir-birilərinə daban-dabana ziddir. Bu baxımdan da, hazırkı beynəlxalq hüquq xaotik, ziddiyyətli və “qaynayan” beynəlxalq münasibətlər sisteminin belə qəliz bir elementini tənzimləmək üçün əsla praktik və yetərli deyil. Çünki ərazi separatçılığı presedentlərinin araşdırılması göstərir ki, belə halların əksəriyyətində ayrı-ayrı dövlət rəsmiləri, xarici kütləvi informasiya vasitələrinin nümayəndələri beynəlxalq hüquq qaydasının nüvəsini təşkil edən “güc tətbiqinin qadağanı”, “daxili işlərə qarışmama”, “suevern bərabərlik”, “sərhədlərin toxunulmazlığı”, “mübahisələrin dinc həlli”, “dinc yanaşı yaşama” və s. kimi normaların hamısını saymazyana surətdə bir kənara qoyaraq, müəyyən səbəblərdən simpatiya bəslədikləri ərazi separatçılarının “öz müqəddaratını müəyyən etmə” hüququndan yapışır, onları beynəlxalq ictimaiyyətə “partizanlar”, “azadlıq mücahidləri” və s kimi pozitiv sifətlərlə tanıdır, onlara hər cür, hətta silah-sursat və hərbi texnika dəstəyi və yardımı göstərir.

Belə acınacaqlı vəziyyət isə, əsla və əsla, beynəlxalq hüququn ruhuna uyğun deyildir. Beynəlxalq hüququn ruhu ən güclü dövlətlər arasında belə mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsini tələb edir. Beynəlxalq hüququn ruhu iqtisadi, hərbi və s. cəhətdən zəif dövlətlərin hüquqlarının həmin güclü dövlətlər qarşısında belə lazımınca qorunmasını şərtləndirir. Beynəlxalq hüququn ruhu bütün qərarların çoxluğun iradəsinə müvafiq surətdə qəbul olunmasını nəzərdə tutur. Beynəlxalq hüququn ruhu, səbəb və bəhanələrin mahiyyətindən və məzmunundan asılı olmayaraq, güc tətbiqini, fərdi və kollektiv özünümüdafiə halları istisna olmaqla, tamamilə qadağan edir. Təbii ki, beynəlxalq hüququn dövlətə belə güc tətbiqini qadağan edən ruhu tam beynəlxalq hüquq subyektliyi belə qazanmamış separatçı zonalara həmin hüququ “hədiyyə” edə bilməz. Əlbəttə ki, həmin ruh ərazisində ictimai asayiş lazımınca qorunan, insan hüquqlarına maksimum hörmət edilən, əhalinin bütün kəsimlərinin maraq və mənafeləri nəzərə alınan dövlətlərin ərazilərinin parçalanmasına icazə verə bilməz. Çünki parçalanmaların özü beynəlxalq hüququn mahiyyəti, ruhu və məqsədi ilə ziddiyyət təşkil edir.

Ancaq təəssüflə qeyd etmək istərdim ki, ərazi separatçılığına münasibətdə beynəlxalq hüququn tam ədalətli və iqtisadi reallığa cavab verən mövqeyi beynəlxalq hüquqi sənədlərdə hələ də layiqli əksini tapmamışdır. Məsələn, yuxarıda sadaladığımız “güc tətbiqinin qadağanı”, hətta “xalqların öz müqəddaratını müəyyən etmə” kimi prinsiplər BMT Nizamnaməsi, “Beynəlxalq hüququn prinsipləri haqqında” 1970-ci il tarixli Bəyənnamə, 1975-ci il tarixli Helsinki Bəyənnaməsi və s. beynəlxalq hüquqi sənədlərdə nəzərdə tutulur. Üstəlik, beynəlxalq hüquq da milli hüquq kimi məhz ərazi separatçılığından doğan onlarla dəhşətli əməli cinayət elan etmiş, onları kriminallaşdırmışdır. Müharibə cinayətləri, genosid, “partizanlar” tərəfindən həyata keçirilən qanlı terror aksiyaları və s. xüsusilə ictimai təhlükəli əməllər çoxdandır ki, beynəlxalq hüququn nişangahındadır. Ərazi separatçılığına gəldikdə isə, bu sahədə vəziyyət heç də ürəkaçan deyil və qeyd etmək istərdim ki, məhz beynəlxalq hüquq özü xeyli müddətdir ki, ərazi separatçılığının nişangahındadır. Təəssüflər olsun ki, bu fenomenin sadalanan beynəlxalq cinayətlərin törədilməsi səbəbləri arasında, bəlkə də, ilk yeri tutmasına baxmayaraq, onunla bağlı iqtisadi reallığa köklənmiş, ədalətli və effektli beynəlxalq hüquqi mövqe hələ də formalaşmamışdır.

Bir sözlə, müasir beynəlxalq hüquq ərazi separatçılığı fenomeninə münasibətdə “ikili standartlar” təcrübəsinin ən parlaq nümunələrindən biridir. Ən pisi odur ki, bu neqativ təcrübə bir sıra dövlətlərin sərgilədiyi təcrübələrlə üst-üstə düşür. Lakin bu o demək deyildir ki, beynəlxalq birliyə daxil olan bütün dövlətlər bu cür ikili mövqe nümayiş etdirirlər. Məsələn, Azərbaycan dövlətinin ərazi separatçılığına münasibətdə göstərdiyi ədalətli və prinsipal mövqe beynəlxalq hüququn ruhu ilə bütün aspektlərdə tam şəkildə uzlaşır.

Ərazi separatçılığına qarşı mübarizədə Azərbaycan təcrübəsi

Son iki əsr ərzində Azərbaycan xalqı dünyada ərazi separatçılığına ən sistemli və ardıcıl surətdə məruz qalmış xalqlardan biridir. Həm Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920-ci illər), həm Azərbaycan SSRİ dönəmində (1920-1991-ci illər), həm də müasir Azərbaycan Respublikasının yarandığı ilk illərdə (1991-1993-cü illər) xalqımız dəfələrlə ərazi separatçılığı fenomeninin son dərəcədə neqativ təsirlərinin acı nəticələrini yaşamalı olmuşdur. Nəticədə, milyonlarla soydaşımız doğma torpaqlarından didərgin düşmüş və mal-mülkünü, sağlamlığını itirmiş, yüz minlərlə Azərbaycanlı yaşamaq hüququndan məhrum edilmişdir.

1993-cü ildə Ümummilli Öndərimiz Heydər Əliyev cənablarının ölkədə hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqını və dövlətini birləşdirən, vahidləşdirən dəyərlər ön plana çəkildi və ən yüksək səviyyədə qoruma altına alındı. Buna paralel surətdə xalqın hər hansı formada parçalanmasına, zərrə miqdarda belə olsun, ehtimal yarada biləcək bütün həssas məsələlər köklü surətdə öz həllini tapdı. Müdirk rəhbərimizin son dərəcədə uzaqgörənliyi nəticəsində Azərbaycan məkanındakı və bütövlükdə regionumuzdakı iqtisadi-siyasi reallıqlara söykənən bu siyasət və strategiya sadəcə müsbət təcrübələr, ideya və bəyanatlar olaraq qalmadı. Onların hamısı mükəmməl, sabit və təməl hüquqi prinsiplər kimi 12 noyabr 1995-ci il tarixli konstitusiyamızda əksini tapdı.

Doğrudur, Azərbaycan Respublikasının Konstitusiyasında da, konkret olaraq, ərazi separatçılığının anlayışı və xüsusiyyətləri barədə ümumi hüquqi formulalar yoxdur. Lakin bu məqam əsas qanunumuzun hazırlandığı və qəbul olunduğu zamanın tələblərindən irəli gəlirdi. Ölkəmizin konstitusiyası həmin təhdidi “ərazi bütöblüyünün pozulması”, “ərazinin özgəninkiləşdirilməsi” kimi tanıyır və bu əməlləri tamamilə qadağan edir. Ümumiyyətlə, Azərbaycan Respublikasının həmin təhdidə qarşı mübarizəsi aşağıdakı beş konstitusion təməl prinsipin üzərində qurulmuşdur:

1. Effektli dövlət idarəçilik aparatının yaradılması, bu aparatın fasiləsiz, operativ və səmərəli fəaliyyət göstərməsi;
2. İctimai asayişin, hüquq qaydasının, eləcə də əsas insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması;
3. Azərbaycan dövlətinin və xalqının ərazisindəki bütün mədəniyyətlərə dərin hörmət və ehtiramla, bərabər əsaslarla yanaşması;
4. Azərbaycan dövlətinin suverenliyinin və Azərbaycan dövləti ərazilərinin bütövlüyünün qorunması və Azərbaycan dövlətinin və xalqının ərazi itkiləri ilə heç zaman barışmaması;
5. beynəlxalq miqyasda ərazi separatçılığına münasibətdə vahid, barışmaz və dəyişməz, ikili standartlardan tamamən xali bir mövqe sərgilənməsi.

Sadalanan prinsiplər əslində təkcə ərazi separatçılığına qarşı mübarizədə gərəkli deyil, onlar həm də Azərbaycan dövlətçiliyinin ən təməl prinsipləridir. Xatirinizdədirsə, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində “azadlıq”, “şəffaflıq”, “demokratiya” dalğaları ön plana çəkilmişdi. Ancaq insan hüquq və azadlıqlarının qorunması, eləcə də demokratiyanın təmin olunması məqsədilə, ilk növbədə, güclü fə effektli dövlət strukturlarının tələb olunduğunu çox az insan dilə gətirirdi. Dahi Heydər Əliyev şəxsiyyəti insan cəmiyyətinin bu dəyişməz reallıqlarını ən xırda detallarına qədər apaydın görürdü. Ona görə də, gənc, müstəqil Azərbaycan Respublikasının təməlləri yuxarıda sadalanan beş polad prinsiplərin üzərində atıldı.

Əziz və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərlik etdiyi Azərbaycan Respublikası yuxarıda göstərilmiş təməl prinsiplərə sadiqliyini dəfələrlə və son dərəcədə yüksək əzmkarlıqla sübuta yetirdi. Buna misal olaraq son 14 ildə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət idarəetməsi sahəsində uğurla həyata keçirilən islahatları, Azərbaycan multikulturalizminin bütün dünyaya tanıdılmasını və s. göstərmək mümkündür. Ərazi separatçılığına qarşı mübarizədə möhtərəm Prezidentimizin bir neçə istiqamətdə əldə etdiyi fövqəladə nailiyyətləri xüsusilə vurğulamaq istərdim.

Birincisi, dövlətimiz xarici siyasət və diplomatiya müstəvisində ərazi separatçılığı fenomenininə qarşı mübarizəni arasıkəsilmədən davam etdirir. Azərbaycan Respublikası ən çətin seçim qarşısında belə beynəlxalq aləmdə ərazi separatçılığına qarşı sərgilədiyi mövqeyi dəyişməmişdir. Məsələn, 2008-ci il ilin fevral ayıında Serbiyadan ayrıldığını bəyan edən Kosovonun müstəqilliyinin tanınması məsələsi beynəlxalq səviyyədə müzakirə olunarkən, dünya dövlətlərinin əksəriyyətinin Kosovanın müstəqilliyini tanımasına baxmayaraq, Azərbaycan Respublikası açıq şəkildə və prinsipal tərzdə ərazi separatçılığına qarşı çıxdı. O dönəmdə dövlətimiz öz mövqeyini Kosovanın müstəqillik aktının beynəlxalq hüquqa zidd olması ilə əlaqələndirmişdi.

İkincisi, Azərbaycan dövləti günü-gündən hərbi qüdrətini artırır və işğal altındakı ərazilərini, nəyin bahasına olursa olsun, geri qaytaracağını heç kəsdən gizlətmir. Heç şübhəsiz, bu mülahizənin ən uğurlu sübutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda 2016-cı aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələr tərəfindən başladılan hücumlara cavab olaraq reallaşdırılan əks-hücum əməliyyatlarıdır. Həmin əks-hücumlar nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonun Gülüstan, habelə Tərtər rayonunun Maqadiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. İşğal altındakı torpaqlarımızın bir qisminin neçə-neçə qəhrəman əsgər və zabitlərimizin qanı bahasına Azərbaycan dövlətinin nəzarətinə qaytarılması, sözün bütün mənalarında, möhtəşəm hadisə idi. Bu təntənəli fakt möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi kompleks strategiyanın artıq öz bəhrəsini verməyə başladığını və Azərbaycan dövlətinin günü-gündən daha da qüdrətləndiyini sübuta yetirir.

Üçüncüsü, Azərbaycan Respublikası ərazi separatçılığı ilə mübarizəni hüquq müstəvisində də davam etdirir. Bu halla əlaqədar “Lapşin işini” diqqətinizə çatdırmaq istərdim. Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının hüquq mühafizə orqanları bu şəxsin əməllərində Azərbaycan dövləti əleyhinə yönələn açıq çağırışlar (Cinayət Məcəlləsinin 281.2-ci maddəsi) və dövlət sərhədini qanunsuz olaraq keçmə (Cinayət Məcəlləsinin 318.2-ci maddəsi) əməllərinin tərkib əlamətlərini aşkarlamışdılar. Beləliklə də, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanılmışdı. Nəticədə İsrail və Rusiya dövlətlərinin ümumvətəndaş pasportlarını daşıyan Aleksandr Lapşin 2017-ci ilin fevral ayında Belarusdan Azərbaycana ekstradisiya edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yüksək humanistlik nümayiş etdirərək 11 sentyabr 2017-ci il tarixində həbsdə olan bloqqer A.Lapşinin əhv edilməsi haqqında sərəncam imzalamışdı. Hazırda da Dağlıq Qarabağ və 7 ətraf rayon ərazilərinə bənzər qaydada səfər edən əcnəbilərə münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xətti ilə mübarizə tədbirləri davam etdirilir.

Dördüncüsü, ölkəmiz separatçılığa qarşı mübarizə sahəsində praktiki beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində də fəallıq nümayiş etdirir. Bir sıra nüfuzlu beynəlxalq platformalardakı fəaliyyətlərdən əlavə 2017-ci ilin noyabr ayında Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan dövlətinin təşəbbüsü ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda forum keçirilmişdir. Tədbir nəticəsində “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının təsis edilməsi barədə qərar qəbul olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının dövlət rəsmilərinin, habelə bir sıra nüfuzlu beynəlxalq ekspertlərin qatıldığı tədbirdə vurğulanmışdır ki, dünyanın müxtəlif regionlarındakı separatçı hərəkatların meydana gətirdiyi münaqişə ocaqları beynəlxalq sülhə, təhlükəsizliyə, sabitliyə və ümumilikdə bəşəriyyətin gələcəyinə ciddi təhdidlər doğurduğundan, həmin təhdidlərin qarşısının alınması istiqamətində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacibdir.

Yuxarıda söylənənlər sübuta yetirir ki, ərazi separatçılığına qarşı mübarizə sahəsində Azərbaycan dövləti kifayət qədər müsbət və bəhrələnilə biləcək təcrübələrə sahibdir. Dövlətimiz bu təcrübəni təmənnasız şəkildə partnyorlarla, tərəfdaşlarla, ümumiyyətlə, beynəlxalq birliyə üzv bütün dövlətlərlə bölüşür. İndi ərazi separatçılığına qarşı səmərəli mübarizənin başlıca şərti “ən yaxşı təcrübələr”in beynəlxalq miqyasda araşdırılması, öyrənilməsi və koordinasiyalı tətbiqidir.

“Ən yaxşı təcrübələr”in təcrübədə tətbiqi problemi

Ərazi separatçılığına qarşı adekvat, ədalətli və iqtisadi cəhətdən səmərəli mübarizənin açarı da, məhz “ən yaxşı təcrübələr”in təcrübədə tətbiqi probleminin uğurlu həllindədir. Bu sahədə milli və beynəlxalq təcrübələrin öyrənilməsi və gələcək işlərdə onlardan istifadə olunması çox önəmlidir. Həmin təcrübələr, ilk növbədə, ərazi separatçılığının qarşısının alınması ilə əlaqədar neytral və soyuqqanlı prioritetləri müəyyənləşdirməyə imkan verə bilər. Məsələn, müasir dövrdə etnik qrupların öz müqəddəratını müəyyənetmə hüququnun yüz minlərlə insanın yaşamaq hüququndan, milyonlarla insanın ən təməl haqlarını təmin etdikləri üçün dövlətlərin ərazi bütövlüyü prinsipindən, xüsusilə də beynəlxalq sülh və təhlükəsizliyin qorunmasının mütləqliyi prinsipindən daha önəmli və vacib olduğunu iddia etmək, sadəcə və sadəcə, “samanlıqda iynə axtarmaq” deyilmi?

Yalnız bu cür prioritetlər həm milli, həm də beynəlxalq səviyyədə müəyyənləşdirildikdən və razılaşdırıldıqdan sonra növbəti istiqamətə keçid almaq məqsədəmüvafiq sayılır. Növbəti istiqamət isə, təbii ki, bir-birinə paralel surətdə milli hüququn və beynəlxalq hüququn ərazi separatçılığına qarşı mübarizə üzrə immunitetinin layiqincə artırılmasından ibarət olmalıdır. Burada söhbət ilk növbədə, ərazi separatçılığı təhdidinə cavab verən yeni hüquqi prinsip və normaların işlənilməsindən, normativ hüquqi aktların qəbulundan gedir.

Nəhayət, ərazi separatçılığına qarşı son dərəcədə dayanıqlı iqtisadi əsasların və sosial bazanın formalaşdırılması üçüncü vacib istiqamət kimi seçilməlidir. “İqtisadi əsaslar” dedikdə, mən təkcə maddi məsələləri nəzərdə tutmuram. Sirr deyildir ki, ərazi separatçılığı ya bir dövləti parçalamaq istəyən xarici ünsürlərin, ya müasir inkişaf səviyyəsindən çox-çox geridə qalmış separatçı “liderlər”in və dairələrin, ya da onların vəhdətinin “son silahı”dır. Hər nə qədər “azadlıq” və “müstəqillik” mübarizəsi kimi qələmə verilsə də, müasir dövrün ərazi separatçılığı cəhdlərinin doğurduğu acı nəticələr bunun tam əksini sübuta yetirir. Belə ki, ərazi separatçılığı separatçı zonaya azadlıqdan daha çox müharibə dəhşətləri, səfillik, hüquqi boşluq, blokada və qeyri-müəyyənlik şəraitində yaşama, beynəlxalq aləmdən təcrid olunma, cinayətkar ünsürlərin əsirinə çevrilmə kimi arzuolunmaz sürprizlər, bir sözlə, qazanılanları qat-qat üstələyən itirilmiş fürsətlər bəxş edir.

Təbii ki, bu əməlin törədilməsi ilə sadəcə separatçı zona deyil, onun yerləşdiyi bütün region çalxalanmağa başlayır. Geniş miqyaslı hərbi əməliyyatlar, dəhşətli faciələr, humanitar fəlakətlər, dərin iqtisadi tənəzzül böyük bir regionu ağuşuna alır. Çünki ərazi separatçılığı davam edən, miqyası getdikcə genişlənən bir cinayət əməlidir. Onunla mübarizədə bütün dövlətlərin yaxşı mənada bir-birilərindən öyrənməsi, əlbəttə ki, ümumi işin xeyirinə olardı. Bu səbəbdən də, “ən yaxşı təcrübələr”in qlobal miqyasda tətbiqini problemdən imkanlara çevirmək həyati önəm daşıyır. Əks təqdirdə, həmin problem bəşəriyyətə yeni-yeni saysız-hesabsız və bir gün heç kimə lazım olmayan “ən yaxşı təcrübələr” qazandıra bilər.

Teqlər: #Separatizm   #Beynəlxalq-Hüquq