Sınma, gül!

  16 Mart 2018    Oxunub: 4242

Tural İsmayılov

Yunan əsatirlərində və fəlsəfəyəqədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən insan obrazları əks olunurdu. Yunan tanrıları isə zəfərin yardımçısı rolunda çıxış edirdilər. Sanki Zevs bütün dünyanın xeyir qarantı və heraklların pisliklər üzərində qələbəsində vasitəçi idi.

Antik mədəniyyətin insanı dəyərləndirməsini olaraq iki qismə bölə bilərik: 1) Fəlsəfəyə qədərki zəif və qorxaq insan, 2) Fəlsəfədən sonrakı özünə inanan və dünyanı dərk etməyə çalışan insan. Fetişist dünyanın bəsitliyindən qurtulan qədim insanlar bununla paralel olaraq özünə əminlik məsələsində ciddi problemlər yaşayırdı.

Güclü insan “Tanrıların yardımıyla” qələbə qazanırdı. Qələbə həm də gülüş idi. Məğlubiyyət isə insanın öz uğursuzluğu və Tanrılar tərəfindən lənətlənməsindən başqa bir şey deyildi.

Şərqdə babillilər Gilqamış obrazı ilə bir növ insan gücünə ilkin heyranlığı büruzə verirdilər. Çin mifologiyasıında isə insanların bütün fəaliyyətlərinə ayrıca nəzər yetirilirdi. Dəniz və çay qıraqlarında gülən çinli obrazı bir kult halını almışdı. “Suya dair izahlar”, “Qaranlıq dastanı” kimi mətnlərdə çinlilər din və fəlsəfəni ayrı-aryrı analiz etməyə cəhd göstərirdilər.

Hind mifologiyası insanın bədbəxtliyini onun tale yolunda əsas mərhələlərdən biri hesab edir. Mimansa məktəbinin tələbələri hind vedalarına istinad edərək, insanları əzabdan qorxmamağa çağırırdılar. Satirik tənqidin ilkin örnəklərini yaradan materialist Çarvak-Lokayata təlimində isə tənqidçilik var idi. Çarvaklara görə, insan həm ağlayaraq, həm də gülərək onu incidən ətraf aləmə müqavimət göstərməlidir.

Bütün ruhlardan və uydurma mifik personajlardan “təmizlənmiş” insan obrazını isə biz ilk dəfə Roma mədəniyyətində görürük. Roma atomisti Tit Lukretsi Kar saraydakı eybəcərlikləri öz kiçik qrafik təsvirlərilə məsxərəyə qoyur və tələbələri arasında fəlsəfi söhbətlərin yekununda məzəli əhvalatlar danışırdı.

Fəlsəfədən sonrakı dünyagörüşündə isə insan obrazı dəyişərək, yeni bir qiyafəyə büründü. Epikür özündən öncəki, insanı həmişə zəif görən bütün baxış formalarına ironiya edirdi. Göstərirdi ki, həyat yalnız xoşbəxtlikdən yox, həm də bədbəxtlikdən ibarətdir və insan öz ağrısıyla barışmamalıdır.

Ağlamaq lazımdır, amma sonrasında bir dəli gülüş olmazsa, insan həyata çox tez yenilər. Fəqət, gülmək primitiv olmamalıdır. Gülərkən də anlamaq və anlatmaq lazımdır. Güldürmək sadəcə şitlik və bayağı lətifələrlə olanda, topluma heç bir yararı toxunmaz. Güldürmək ancaq ruhla və qəlblə birləşəndə gözəl olur.

Mövcud situsiyalara gülən insan heç də ayılmış insan deyil. Əks təqdirdə, halımıza bu qədər gülərkən, eyni səhvləri təkrarlamamalı idik...

Güləndə də, güldürəndə də intellektual olmaq lazımdır. Cəmiyyətdə sanki bir gülüş aclığı var. İnsanlar gülməkdən qorxurlar. Önlərində qorxunc və əzablı bir dünya yaradırlar. Halbuki, edama məhkumları belə, son anlarında gülməyə çalışıblar.

Gülmək üçün cəhd etmək, qaşqabaqdan xilas olmaq lazımdır. Yazarların bəzisi gənclərin gülmədiyini və ya mənasız şeylərə güldüyünü həmişə tənqid edirlər. Amma bu qaş-qabağı baltalayan bir neçə yazar da tanıyıram ki, özlərinin üzündən zəhrimar tökülür küçədə.

İnsan güləndə daha mübariz olur və həyat ona görə dəyərlidir ki, gülən insanlar mövcuddur.

Teqlər: