Reksin işdən qovulmasının pərdəarxası - Politoloqlar şərh edir

Reksin işdən qovulmasının pərdəarxası - Politoloqlar şərh edir
  14 Mart 2018    Oxunub:3660
ABŞ prezidenti Donald Trampın Reks Tillersonu dövlət katibi vəzifəsindən istefaya göndərməsi ciddi müzakirələr yol açıb. Maraqlıdır ki, Tramp Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin edib.
Qalmaqallı addımları ilə diqqət çəkən Trampı bu addımı atmağa məcbur edən nədir? Tillerson niyə gözdən çıxarıldı?

Azərbaycanın tanınmış politoloqları bu suallara cavab tapmağa çalışıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, Tramp və Tillerson arasındakı fikirayrılığı var idi. Münasibətlər son vaxtlar kifayət qədər dərinləşmişdi: “Tillerson özünü bir qədər müstəqil fiqur kimi göstərirdi, xarici siyasətlə bağlı özünün konsepsiyası vardı. Həmçinin Tramp və Tillerson arasında İranla bağlı fikir ayrılığı vardı. Tramp Barak Obama dövründə İranla əldə edilən razılaşmadan imtina edilməsini istəyir. Halbuki Tillerson bəyan edirdi ki, bu razılaşma ABŞ-ın maraqlarına uyğundur. Bu səbəblərdən yana iki şəxs arasında fikir ayrılıqları dərinləşirdi və Tillersonun müstəqil siyasəti Trampın maraqlarına cavab vermirdi. Eyni zamanda ətrafındakı fiqurlar da müstəqil siyasət yürütməyə başlamışdı ki, bu Tillersonun xoşuna gəlməyə bilərdi. Ona görə də Tramp Tillersonu Mayk Pompeo ilə əvəzlədi”.



Politoloq hesab edir ki, Tillersonun Pompeo ilə əvəzlənməsi Türkiyə üçün müəyyən çətinliklər yaradacaq: “Bir müddət öncə Türkiyə ABŞ-ı razı saldı ki, Münbiç və Suriya məsələsində ortaq məxrəcə gəlsinlər. Tillerson Ankarada Çavuşoğlu ilə iki mexanizmin yaradılmasında razılığa gəldi. İndi Pompeodan sonra Ankara məsələni yenidən gündəmə gətirməlidir. Pompeo Tillersondan fərqli olaraq Türkiyəyə münasibətdə tənqidi mövqedədir. Bu məsələlər hələlik açıq qalıb. Hesab edirəm ki, Tillersondan fərqli olaraq Pompeo özünü müstəqil oyunçu kimi göstərməyəcək. O, daha çox Tramp tərəfindən verilən təlimatları yerinə yetirəcək”.

E.Şahinoğlunun sözlərinə görə, Tillerson-Pompeo əvəzlənməsində Rusiya amili yox səviyyəsindədir: “Tillerson Rusiyaya münasibətdə Trampın mövqeyini dəstəkləyirdi və bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi. O, Krımın işğalı, Ukrayna separatçılarının Rusiya tərəfindən dəstəklənməsini çox sərt tənqid edirdi. Bu məsələdə ciddi fikir ayrılığının olmadığını düşünürəm. Əsas fikir ayrılıqları Yaxın Şərq, İran və bir qədər də Türkiyə məsələsində olub. Türkiyə ilə bağlı ABŞ-ın siyasətində xaos yaranıb. Tramp Ərdoğanla görüşür və deyir ki, kürdlərə dəstək verməyəcəyik. Pentaqonun generalları isə bəyan edir ki, kürdlərə silah veriləcək. Tillerson isə Ankara ilə razılığa gəlir. Yəni, bu məsələdə xaotik vəziyyət yaranıb. Tramp-Pompeo cütlüyünün Türkiyə siyasətinin necə olacağını söyləmək çətindir. Amma, məsələ bundadır ki, ABŞ illərin müttəfiqi Türkiyəni itirib və bunda ən böyük günah ABŞ-ın özündədir”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, baş verən proseslər Trampın zəif idarəçiliyindən qaynaqlanır: “Tramp hakimiyyətə gəldikdən sonra bir neçə şəxslə vidalaşıb. Yəni, Trampın komandası formalaşmamış uzaqlaşdırmalar başlayıb. Bu onu göstərir ki, komanda tam formalaşmayıb, ümumi hədəflərə köklənəyib. Tillersonla Tramp arasında dünyadakı problemlərin bir çoxuna fərqli münasibət var idi. İran məsələsində onların mövqeləri xüsusilə uzlaşmırdı. Hətta bu məsələ ilə əlaqədar Tillersonun Trampa “ağılsız” dediyi bildirilir. Bu gün də siyasi şərhçilərin çoxu belə hesab edir ki, Tram və Tillerson ciddi surətdə münaqişə edərək bir-birindən ayrılıblar. Ümumən ABŞ-da yaşananlar onu deməyə əsas verir ki, Trampın komandası hələ də tam formalaşmayıb və baş verənlər onun zəif idarəetməsidir”.



“Tillerson İranla əldə olunan nüvə razılaşmasının ləğvini, ümumən onun dəyişdirilməsini istəmirdi. O, əsas diqqəti rusiyaya yönəltməyə çalışırdı. Çünki, Rusiya hazırda ABŞ və onun müttəfiqləri üçün həddən artıq təhlükə yaratmaqdadır. Londonda 21 nəfəri kimyəvi silahla zəhərləyib öldürüblərsə, bu “SOS” siqnalının çalınmasının vaxtı deməkdir. Rusiyaya qarşı məsələdə Tramp ləng hərəkət edir, çox zaman isə dərin dövlətin ciddi təzyiqi altında müəyyən məsələlərə razılıq verir. Ona görə belə ziddiyətli adamın yeritdiyi siyasətin ABŞ-a uğur gətirəcəyini söyləmək çətindir”, - politoloq bildirib.

Q.Hüseynli qeyd edib ki, Trampın impiçimenti məsələsi də yetişib: “İndiki gərginləşən beynəlxalq şəraitdə, xüsusilə Rusiyanın bütün qırmızı cizgiləri keçərək hərəkət etməsi fonunda bu hal baş verməli idi. Tramp komanda üzvləri arasında uyğunlaşma edə və rəhbərliyi düzgün edə bilmir. Ona görə də ABŞ-ın başına kifayət qədər enerji siyasəti bilən və prinsipial bir adam gəlməlidir. Tramp çevik siyasət yeridə və dünyada gedən proseslərə adekvat reaksiya verməyi bacarmır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ABŞ   Tramp   Tillerson  





Xəbər lenti