Oh, shit! Azərbaycanda şiti çıxarılmış 10 mövzu

Oh, shit! Azərbaycanda şiti çıxarılmış 10 mövzu
  14 Mart 2018    Oxunub:12915
Azərbaycanın sadə xalq dilindəki ən gözəl tapıntılardan biri “Çox da şey eləmə” ifadəsidir. Çünki nəyisə çox da şey eləyəndə əvvəlcə şiti, sonra shit-i çıxır. Məsələn, bir mövzu dəxli oldu-olmadı, hər yerdə deyilir, çürüdülür, başı çıxdı-çıxmadı, haqqı çatdı-çatmadı hamı ondan danışır, yazır... Qazanda bişənin nə olduğunu bildi-bilmədi, hərə əlinə bir çömçə götürüb cumur ki, “mən də varam”. Bircə anbardar Məmmədxanın yeri əskik idi, buyurun, o da gəldi!
Azərbaycanda bir neçə belə mövzu var ki, onları eşitməkdən qulağımızın pərdəsi elastikliyini itirib, görməkdən gözümüzün buynuz qişası korşalıb, bu orqanlardan aldığı informasiyanı analiz etməkdən beynimizin boz maddəsinin qırışları ütülənib. Amma zalım uşağı hələ də onları çeynəməkdən yorulmurlar. Budur, kütlənin çoxdan çürütsə də, heç cür ağzından atmaq istəmədiyi ictimai saqqızların “Top-10”luğu:

1) “Lazım nə vaxt gələcək?”

Şəxsən mənim orqanizmim bu ifadəyə artıq fizioloji səviyyədə, ən qədim müdafiə yollarından biri olan qaşınmaqla reaksiya verir (Bircə dəqiqə, qoyun qaşınım, sonra yazıya davam edəcəyəm).
Axı, nə qədər olar? İllərdir hamı dəxli oldu-olmadı, “lazım gəlsə” mövzusunda nəsə qırıldadır. Feysbukda yazılan hər 10 statusdan 2-də bu söhbət olur. Elə bil, camaat “Bəs sənin lazımın gəlməyi mövzusunda statusun varmı?” yarışına çıxıb. Sanki hər kəs özünü təsdiqləmək, yumor hissinin guya varlığını göstərmək üçün “lazım gəlsə” mövzusunda nəsə guppuldatmalıdır. Bəsdirin də. Bu, artıq məzəli deyil, sadəcə bezdirici və zəhlətökəndir.

2) Erməni kilsəsinə qaz vermək

Havalar soyuyan kimi qazın zəifləməsi, adi çaydanı normal qaynatmaması şəxsən məni də əsəbləşdirir. Amma bu, hər dəfə SOCAR-ın Gürcüstanda qaz verdiyi erməni kilsəsini gətirib söhbətə qatmağa əsas ola bilməz axı. “Evimin qapısına “erməni kilsəsi” yazacağam”, “Damın üstünə xaç taxacağam” – bunlar birinci dəfə bəlkə də zarafat ola bilərdi, ikinci dəfə artıq gülməli deyil, üçüncüdə isə şiti çıxmış söhbətdir. Bir halda ki, şiti çıxıb, gəlin, davam edək: “İtimin adını Vazgen qoyacağam”, “Burnuma silikon vurdurub, erməniyə oxşayacağam”, “Soyadımın axırına “-yan” artıracağam”... ki, SOCAR mənə də qaz versin. Ha-ha.

3) “Mitinqə gələnlərin sayı az göstərilir”

Stəkandakı suyun necə qram olması haqqında mübahisə etmək olar, amma stəkan doludur, ya yox - burada iki varantdan biridir. Eyni qaydada, “Məhsul” stadionuna gələn adamların sayı barədə mübahisə edə bilərik, amma “bu adamlar futbol meydançasını tam doldururmu” sualının qəti və dəqiq cavabı var: Yox! İndiyə qədər keçirilən mitinqlərin heç birində futbol meydançası tam dolmayıb.
Meydanın konkret ölçüləri var: 90m*55m = 4950 kv. metr. Əgər insanlar bir-birlərilə qucaqlaşmırlarsa, (ümid edirəm ki, qucaqlaşmırlar) 1 kvadrat metrdə 1 adam dayana bilər. Yəni əgər stadion tam dolsa, orada 4950 nəfər olacaq. Hansı “on minlər”dən söhbət gedə bilər? Nəzərə alsaq ki, hər dəfə futbol meydançasının təxminən yarısı dolur, mitinqə gələnlərin sayı haqqında rəsmi rəqəmlər həqiqətə çox yaxındır.

4) “Bu, əsl İslam deyil”

Lakmus adlı indikator var, onu İslama vuranda əgər rəngi dəyişsə, deməli, bu, əsl islamdır, yoxsa – yox. Bu metod sizi qane edirmi? Etmirsə, bir fikirləşin: “əsl islam” axı nə deməkdir? Şəriətin 3 mənbəyi var: Quran, hədis və sünnə. Əgər Quranın hər bir ayəsini azı 3-4, peyğəmbərin hər bir sözünü və elədiyi hərəkətləri isə 5-6 şəkildə yozmaq mümkündürsə, bunlardan hansının “əsl” olduğunu necə müəyyən etmək olar? Elə bir metod olsaydı, İslamda 70-dən çox məzhəb meydana çıxmazdı ki...
Nitsşe İsanın haqqında deyirdi ki, “Sonuncu xristian çarmıxda öldü”. Yəni, İsadan sonra nə Pyotr, nə də Pavelin dediyi artıq əsl (İsanın dediyi) xristianlıq deyildi. Eyni fikir İslam dininə də aiddir: Hansısa ayənin, hədisin konkret hansı mənanı verdiyini yalnız bircə adam düzgün izah edə bilərdi: Məhəmməd ibn Abdullah. O da olmadığı üçün, verilən şərhlərin ya heç biri “əsl islam” deyil, ya da hamısı eyni dərəcədə “əsl islam”dır. Məhəmməd peyğəmbərin dediyi hansısa sözün əslində nə məna verdiyini məsələn, Elşad Miridən dəqiqləşdirmək isə axmaqlıqdır. İnciməyin.

5) “Hakimiyyət gündəmi dəyişmək üçün ortaya atıb”

Bir də görürsən, hansısa ictimai problemin trend olduğu vaxtda kimsə axmaq bir hərəkət edir, yaxud status yazır və sosial şəbəkədə bütün gündəm dəyişir. O dəqiqə də bir neçə fövqəlağıllı ortaya çıxıb, bəyan edirlər ki, “Bu mövzunu hakimiyyət bilərəkdən, diqqəti yayındırmaq üçün ortaya atdı”. Ən maraqlısı odur ki, bunu deyənlər elə həmin axmaq mövzuya ilk reaksiya verən adamlar olurlar.
Dost, əgər sənin sarsaq mövzulara xüsusi meylin varsa, lazımsız, mənasız bir şey görən kimi ona reaksiya vermək üçün barmaqlarına tüpürüb, telefonunun ekranını döyəcləməkdən xüsusi həzz alırsansa, burada hakimiyyət neyləsin? Sadəcə, etiraf elə ki, sənə dəxli oldu-olmadı, hər bir səfeh şeyə reaksiya verməyə psixoloji ehtiyacın var və gündəmin dəyişməsinin səbəbi də budur.

6) “Özünü reklam edirsən”

Hansısa fikir deməyə, kiməsə etiraz etməyə peşmansan, çünki cümləni bitirməmiş bir ağıllı çıxıb, qıraqdan qışqırır ki, “Sən bu yolla özünü reklam edirsən”. Mənim əzizlərim, hamı elədiyi hər işlə, dediyi hər sözlə özünü reklam edir. Onda gəlin, status yazmayaq, tvit atmayaq, verilişlərə çıxmayaq, gördüyümüz işləri heç bir formada büruzə verməyək... Bunumu istəyirsiniz? Yox, əgər süni qalmaqallarla gündəmə gəlməyi nəzərdə tutursunuzsa, bu, tamam başqa bir texnologiyadır, qarışdırmayaq.

7) “Ali təhsili var, amma fəhlə işləyir”

Əcəb olub. Tam səmimi sözümdür. Adam ali təhsili ilə gedib fəhlə işləyirsə, deməli, ya ixtisasını bilmir, ya da əmək bazarında heç kimə lazım olmayan bir ixtisas üzrə təhsil alıb. Məqsədi ali təhsil almaq, hansısa ixtisasa yiyilənmək, peşəkar kadr kimi yetişmək yox, “balım nəyə çatsa” prinsipi ilə birtəhər harasa girmək olub. Nəticədə bu gün bir tərəfən əmək bazarında peşəkar mütəxəssislər çatışmır, digər tərəfdən isə diplomlu fəhlələr çoxalır.
Birdəfəlik bilmək lazımdır: Sən, əgər ən yaxşı məsələn, tərcüməçisənsə, həkimsənsə, mühəndissənsə, gedib daş karxanasında işləsən belə, mütləq səni tapıb, özünə layiq olan yeri təklif edəcəklər. Yox, əgər ən yaxşılardan deyilsənsə, ilk növbədə özündən inciməlisən.

8) “Profilimi sındırıblar”

Əvvəllər kimsə “quşladığını” başa düşəndə tez bəyanat yayırdı ki, “Profilimi oğurlamışdılar”. Hamısı ermənilərin, Bilderberq klubunun, “300-lər komitəsi”nin, masonların, “Mossad”ın və “Ettelaat”ın işləri idi. Zalımlar bizim feysbuk istifadəçilərinə göz verib, işıq vermirdilər. Sonradan radikal müxaliflər bəhanənin yeni inkarnasiyasını tapdılar: “Hakimiyyətin hakerləri profilimi oğurlayıb və layklarımı siliblər”. Əvvəl Əli Kərimli “layk”larının silinməsini mifik “hakimiyyət hakerləri”nin üzərinə yıxmışdı, sonra isə estafeti Cəmil Həsənli götürdü. Nə məsələdirsə, həmin “hakimiyyət hakerləri” ələ keçirdikləri səhifələri uzağı 2 saatdan sonra geri qaytrarırlar. Aydındır ki, heç kim onların profilini oğurlamayıb, sadəcə, “feysbuk” xüsusi alqoritmlərin köməyilə səhifələrdən saxta bəyənmələri silir, onlar isə on minlərlə “like”ların niyə yoxa çıxdığını necəsə izah etməlidirlər axı...

9) “Virus gəlir, açmayın”

Hər dəfə bunu yazandan soruşmaq istəyirəm: Özün niyə açmısan? 8 il əvvəlin söhbətidir, feysbukda yenicə profil yaratmışdım, birdən “inbox”uma xanım dostlarımın hansındansa mesaj gəldi: “Vüsal, sənin bir videon yayılıb”. Ağlıma gələn ilk fikir bu oldu: “Axı mən kiməm ki, hələ bir ərinməyib, videomu da yaysınlar!?” Dodaqlarımı büzdüm, çiynimi çəkdim və fikir vermədim. Sonra məlum oldu ki, bu, “dost mesajı” pərdəsinə bürünən ilk viruslardan imiş. O vaxtdan bəri “inbox”uma gələn heç bir linki, türkün sözü, tıklamamışam. Bir dəfə də olsun, profilimə virus düşməyib və bir dəfə də olsun, məndən virus yayılmayıb.

10) “İnanmasan da, hörmət et”

Yüz milyonlarla insanın etiqad etdiyi Hinduizimdə Xanuman adlı allah var. Meymun cildindədir. Hinduizmə görə, Xanuman Günəşi görəndə onu meyvə zənn edərək, udub. Bundan əsəbləşən anası İndra uşağın ənginə nə təhər qoyubsa, çənəsi sınıb. Bu, yekə-yekə, ağıllı-başlı, bığlı-saqqallı adamların ciddi-ciddi inandıqları dindir. Baxın, mən Xanumanın Günəşi udduğuna inanmıram. Amma yüz milyonlarla insan inanır axı! İndi mən nə edim, yüz milyonlarla insanın inancına necə hörmət qoyum? Başıma haranın külünü töküm? Bu “hörmət qoymaq” prosesini siz necə təsəvvür edirsiniz?
Mənə maraqlıdır: müsəlmanların özləri Xanumana, İndraya, Şivaya inanırlarmı, yox əgər inanmırlarsa, inananlara hörmət edirlərmi? Qoymurlarsa, başqalarından niyə tələb edirlər? İnanmayan insanın nəzərində Hinduizm ilə İslamın heç bir fərqi yoxdur. Xanumanın Günəşi udması ilə İslamda olan mələklər, cinlər, Ayın bölünməsi, merac, göy qübbəsinin görünməz sütunların üzərində dayanması, ulduzların göyə qalxan cinləri vurub geri qaytarması, insanın palçıqdan yaranması, ağacqurdunun danışması, insanın balığın qarnında sağ qalması və sair və ilaxır tamamilə eyni səviyyədə olan miflərdirlər. Hörmət qoyuruqsa, gərək hamısına qoyaq, qoymuruqsa, sami miflərini niyə hind miflərindən üstün tutmalıyıq ki?

Vüsal Məmmədov
AzVision.az

Müəllifin oxşar mövzuda digər yazıları:
Azərbaycanda ən mənasız 10 şey – SİYAHI
Azərbaycanda verilən 10 axmaq sual – SİYAHI
Azərbaycanda bu 10 sözə inanmayın



Teqlər:





Xəbər lenti