Ölkəmizdə rus dilinə maraq niyə artıb? - Səbəblər

Ölkəmizdə rus dilinə maraq niyə artıb? - Səbəblər
  22 İyun 2018    Oxunub:10004
90-ci illərdə imperiya əsarətindən çıxmış Azərbaycan məktəblərində rus dilində tədrisə maraq azalsa da, hazırda valideynlər övladlarının rus bölməsində təhsil alması üçün yer tapa bilmirlər. Rus dilində tədrisə yenidən marağın artması nəticəsində böyük şəhərlərdə, xüsusilə Bakı və Sumqayıt şəhərlərinin məktəblərində sıxlıq müşahidə edilir.
Rus dilində pedoqoji kadrların, ləvazimatların azlığı və valideynlərin yeni “dəbə” marağının artması nəticəsində problem günü-gündən böyüyür. Belə ki, şəhər məktəblərinin bəzilərində olan rus bölməsi siniflərində 40-50 şagird (bir sinifdə-red) təhsil almaq məcburiyyətində qalır.

Təhsil eksperti Kamran Əsədov AzVision.az-a bildirib ki, valideynlərin digər dillərdə, xüsusilə rus dilində tədrisə marağının artmasının səbəbi Azərbaycan bölməsində təhsilin keyfiyyətli olmamasıdır.

“Konstitusiyamızın 45-ci maddəsində qeyd olunur ki, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq hüququ var. Lakin bu hüquq orta məktəblərə qəbul zamanı ciddi şəkildə pozulur. İstər ali məktəblərə qəbul, istərsə də buraxılış imtahanlarında apardığımız araşdırmalar göstərir ki, rus bölməsində təhsil alan şagirdlərlə Azərbaycan bölməsində təhsil alan şagirdlər arasında böyük nəticə fərqi var. Maraqlısı odur ki, təkcə Bakıda yox, bütün bölgələrdə son illər rusdilli məktəblərdə təhsil alan azərbaycanlı uşaqların sayı artır. SSRİ dağıldıqdan sonra digər MDB ölkələrində olduğu kimi Azərbaycanda da rus dilində təhsilə tələbat azalsa da, artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində rusdilli məktəblərin nüfuzu yenidən özünə qayıdıb”.



K.Əsədov Azərbaycan bölməsində təhsil alan şagirdlərlə müqayisədə, rus bölməsində təhsil alan şagirdlərin daha dünyagörüşlü və intellektual olduğu söyləyib.

“Rus dilində yazılan dərsliklər mükəmməl olmaqla yanaşı, bu dildə geniş tədqiqatlar var. Rus dilini bilmək şagirdlərə imkan verir ki, ədəbiyyatlardan istifadə edərək biliklərini daha da artırsınlar. Azərbaycan dilində isə belə kitablar azdır. Hesab edirəm ki, təlimi rus dilində aparılan uşaqların daha zəkalı, daha aktiv olmasına səbəb rusdilli məktəblərdə tez-tez tədbirlərin keçirilməsi, valideynlərlə məktəbin daha sıx əlaqəsinin olmasıdır”.

Son 8 ilin statistik rəqəmlərinə nəzər salan təhsil eksperti bildirib ki, 2010-2011-ci illərdə rus bölməsində təhsil alanların sayı 90235 nəfər idisə, 2017-ci ildə bu rəqəm 130 minə qədər artıb.

“Bu, ayrılan plan yerlərinin sayıdır. Əslində rus bölməsində təhsil almaq istəyən, amma yer olmadığına görə Azərbaycan bölməsinə gedənlərin sayı 10 minlərlədir. Təəssüf ki, rus bölməsində dərs deyəcək müəllimlərin də sayı yetəri qədər deyil. Tələbatdan dəfələrlə azdır. Bakı, Sumqayıt, Abşeron və Gəncə şəhər təhsil idarələri tələbatı nəzərə alıb, şagirdlərin konstitusion hüquqlarına hörmətlə yanaşmalıdırlar.



Hesab edirəm ki, bu, təhsildə rəqabət mühiti yarada bilər. Biz şagirdlərə bütün imkanları yaratmalıyıq ki, istədiyi bölmədə təhsil ala bilsin. Bundan sonra Azərbaycan bölməsi də hərəkətə gəlib, təhsilin keyfiyyətinin artmsında maraqlı olacaq”.

K.Əsədov, həmçinin ali məktəblərə qəbul imtahanlarında Azərbaycan bölməsinin məzunları ilə müqayisədə, rus dilində təhsil alanların nəticələrinin daha ürəkaçan olduğunu vurğulayıb. O, bildirib ki, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir.

“Təhsil Nazirliyi tələbatı nəzərə alıb rus bölməsi üzrə siniflərin sayını artırmalı, bu bölməyə müəllim qəbulunu genişləndirməlidir. Rus bölməsi üzrə orta məktəblərdə ixtisaslı kadrlara ciddi ehtiyac var. Hazırda 450 məktəbdə rus bölməsi üzrə müəllim çatışmazlığı var. Bir sıra bölgələrdə rus bölməsi üzrə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə fənni də tədris edir. Əsasən informatika, həyat bilgisi və xarici dillərlə bağlı rus bölməsində müəllim çatışmazlığı var. İxtisaslı kadrların olmaması bu sahə üzrə şagirdlərin tələb olunan səviyyədə bilik və bacarıqlara sahib olmaması ilə nəticələnir. Biz bunu fənlər üzrə qəbul imtahanlarında göstəricilərin aşağı səviyyədə olması zamanı da görürük”, - deyə ekspert qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti