24 yaşlı oğlan nənəsini niyə öldürüb? - “Çox təkəbbürlü qadın idi” (FOTO)

24 yaşlı oğlan nənəsini niyə öldürüb? -  “Çox təkəbbürlü qadın idi” (FOTO)
  07 Noyabr 2018    Oxunub:13158
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakıda ağır cinayət törədilib. Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında yaşayan 78 yaşlı Tamella Axundovanın meyiti evində yanmış vəziyyətdə tapılıb.
Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Məlum olub ki, həyat yoldaşı Yaqub Axundovu işə yola salandan sonra tək olan T. Axundovaya evində ürəyindən iki bıçaq zərbəsi vurulub. Daha sonra isə izi itirmək məqsədi ilə ev yandırılıb.



Araşdırma zamanı qətlin mərhumun nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədildiyi məlum olub. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Azvision.az-ın əməkdaşları hadisə yerinə baş çəkərək mərhumun qonşuları ilə həmsöhbət olublar.

Gülçöhrə xanım deyib ki, Tamilla ilə çox yaxın olublar. Onun sözlərinə görə, belə bir cinayətin baş verəcəyini heç kim ağlına gətirməzdi.



“Onunla çox yaxın idik. Saatlarla bizdə oturardı, söhbət edərdi. Heç kimlə işi yox idi, qapalı insan idi. Kiməsə sirr verməzdi. Dörd qız, bir oğul anası idi. Ancaq övladları ilə münasibətləri yaxşı deyildi. Övladları onun evinə gəlmirdilər. Ümumiyyətlə, evi gedişli-gəlişli deyildi. Həyat yoldaşı Yaqub bir nəfərin şəxsi sürücüsü işləyirdi, çox kasıb ailədirlər. Əri Astaradan, özü isə Bakıdandır”.



Qonşuların sözlərinə görə, yanğın bir neçə dəqiqə ərzində baş verib: “Təxminən 08:15-də Tamilla ərini işə yola salıb. Üstündən 20 dəqiqə keçməmiş ev yanıb. Görünür, yoldaşını yola salandan sonra həmin an evə girərək onu öldürüblər. Çünki, o, yad adama heç vaxt qapı açmazdı. Kimliyini soruşub, sonra qapını açardı. Onu necə öldürüblərsə, heç səsi də gəlməyib. Qışqırıq səsi olsaydı, biz eşidərdik”.



Qonşuların dediyinə görə, T.Axundova kasıb olsa da, qızıl-zinət əşyaları taxmağı xoşlayardı.

“Dəqiq deyə bilmərik ki, nəyin bəlasına tuş gəldi. 78 yaşı var idi, ancaq zinət əşyaları taxmağı, bəzənib düzənməyi sevirdi. Çox təkəbbürlü qadın idi. İstəyirdi ki, qır-qızılını göstərsin. Bir də görürdün ki, bəzənib harasa getdi. Axşam qayıdardı. Hara getdi, haradan gəldi bilmirdik. Borcu var idi. Kimdənsə faizə pul götürmüşdü. Aldığı təqaüdün çoxu borclara gedirdi. Borcla evinə mebel almışdı. Borc yiyələri gəlib ondan pulunu istəyirdilər. Rəhmətlik yaşına baxmayaraq, geyinməyi, bəzənməyi, qızıl taxmağı xoşlayırdı”.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.











Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər:





Xəbər lenti