Dünya gündəminin qəhrəmanı: Esmines nədir?

 Dünya gündəminin qəhrəmanı:  Esmines nədir?
  24 İyun 2021    Oxunub:4618
Dünən Britaniyanın “Defender” esminesi Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Rusiyanın ərazi sularını pozmaqla dünya gündəminin əsas personajına çevrilib. Rusiyanın sahil mühafizəsi gəmiləri və “Su-24M” bombardmançı təyyarəsi gəminin qarşısını alaraq, atəş açıblar. Bundan sonra esmines geri dönüb.
Niyə məhz esmines? Bu hərbi gəmiləri başqalarından fərqləndirən hansı cəhətləridir?

Esmineslər özündə bir sıra keyfiyyəti birləşdirən döyüş gəmiləri sayılırlar. Bu gəmilərdən əsasən savaş zamanı quru qoşunlarını dəstəkləmək və düşmənin sularda olan hərbi vasitələrini məhv etmək üçün istifadə olunur. Bundan başqa, esmineslərin təyinatı dənizdə patrul və kəşfiyyat xidmətləri aparmaq, böyük gəmiləri suüstü, hava və sualtı hücumlardan qorumaq, düşmənin sualtı və suüstü gəmilərini məhv etmək, mina sahələri yaratmaq, desant qoşunlarının sahilə çıxmasını təmin etməkdən ibarətdir.
“Rusiya sularına qəsdən girdik” – BBC-nin müxbiri hadisənin detallarını danışdı

Müasir esmineslər dəniz daşınmasını təmin etmək, sahil zonasındakı quru qoşunlarını atəşlə dəstəkləmək kimi vəzifələri də uğurlu şəkildə yerinə yetirirlər. Güclü raket, torpedo və artilleriya silahlarına malik bu çoxməqsədli döyüş gəmilərinin su tutumu 9 min tona, sürəti 70 km/saata, üzmə məsafəsi 5000 milə çatır.

Hazırda dünyada 5 ən güclü hərbi donanmaya malik ölkə var ki, onların da su sərhədlərini xeyli sayda esmineslər qoruyur. Məsələn, qeyri-rəsmi məlumatlara, hərbi jurnallardan birinin araşdırmalarına görə, ABŞ Hərbi Dəniz Qüvvələrində 70-ə yaxın esmines var.



Çin donanması da bu çoxfunksiyalı gəmilərdən yararlanır. Hərbi mənbələrin yaydığı məlumata əsaslansaq, Çin Milli Donanmasında 30-a yaxın esmines var.



Rusiya ənənəvi olaraq quruda supergüc hesab edilsə də, hərbi dəniz qüvvələrini diqqətdə saxlayır. Ruslar yeni gəmilər istismara verir, köhnələri isə, modernləşdirirlər. Modernləşdirilən gəmi növlərindən biri də esmineslərdir. Rusiya donanmasında 15-ə yaxın esminesin olduğu bildirilir.



Hazırda qalmaqallı “Defender” esminesi ilə dünya mətbuatının gündəminə çevrilmiş Böyük Britaniyanın Kral Donanması kifayət qədər bu tip gəmilərə malikdir. Britaniya Hərbi Dəniz Qüvvələrində 19 freqat və esminesin olduğu bildirilir.



Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələri də esmineslərdən istifadə edir. Gündoğan ölkənin donanmasında 50-yə yaxın bu tip gəmi mövcuddur.



Hazırda ən güclü esmines ABŞ-a məxsus olan “Zumwalt”dır. Uzunluğu 182 metr, sututumu 14 500 ton olan bu esminesin əsas silahı 80 “Tomahawk” qanadlı raketi və 120 km-ə qədər atəş məsafəsi olan artilleriya sistemləridir.

Qeyd edək ki, bir çox hərbi məlumatlarda olduğu kimi, döyüş gəmilərinin sayı və istifadəsilə bağlı məlumatlar da açıq saxlanılmır. Əksər ölkələr donanmanın istifadəsində olan esmineslərin dəqiq sayını bəlli etmirlər.

Tural Tağıyev


Teqlər:   Esmines  





Xəbər lenti