Heydər Əliyevin Zəngəzur haqqında tarixi çıxışı – VİDEO

// “10 kilometrlik məsafəni indi 46 kilometr ediblər”

   Heydər Əliyevin Zəngəzur haqqında tarixi çıxışı –    VİDEO
  13 Dekabr 2021    Oxunub:2226
1998-ci il, yanvarın 14-də Azərbaycan Respublikasının Konstitutusiya Komissiyasının iclasında Ulu Öndər Heydər Əliyev ermənilərin Zəngəzuru necə ələ keçirmələri haqqında çox maraqlı fikirlər söyləyib. Milli lider öncə tarixə ekskurs edərək, ermənilərin Naxçıvanı ələ keçirmək cəhdlərindən danışıb, sonra ermənilərin xəritələri necə saxtalaşdırmasından söz açıb.
AzVision.az çıxışın həmin hissələrini təqdim edir:

- Ermənilər həmişə bizim torpaqları zəbt etməyə çalışıblar. Tarixdən məlumdur, məsələn, 1918-ci ildə Tiflisdə ermənilər, gürcülər, azərbaycanlılar öz müstəqil dövlətlərini yaratmağa çalışarkən əvvəl ümumi bir fikir olmuşdu ki, Zaqafqaziya kimi bir dövlət yaransın. Sonra bu fikir baş tutmadığından, Gürcüstan da, Azərbaycan da, Ermənistan da öz müstəqilliyini elan etmişlər. Ancaq orada çox ciddi, qızğın və çox kəskin danışıqlar, mübahisələr getmişdi.

Məlumdur ki, o vaxtlar Azərbaycan Demokratik Respublikasını yaradanlar Azərbaycan torpaqlarının bir hissəsinin, o cümlədən İrəvanın Ermənistana verilməsinə razı olmuşlar. Azərbaycan Demokratik Respublikasının baş naziri Fətəli xan Xoyskinin Tiflisdən xarici işlər naziri Həsən Hacınskiyə teleqramı bizim arxivlərimizdə vardır. Həmin teleqramda xahiş edir, o çalışsın ki, onlar Tiflisdən gələ bilsinlər. Çünki onlar Tiflisdən gələ bilmirdilər.
Bilirsiniz ki, o dövrdə onların Azərbaycana gəlməsinə imkan verilmirdi. O, eyni zamanda xəbər verir ki, biz artıq ermənilərlə mübahisələri sona çatdırdıq, çünki biz İrəvanı ermənilərə verməyə razılaşdıq. Teleqram rus dilində yazılıb. Orada deyilir: “Mı ustupili Yerevan armyanam” Bu, 1918-ci ilə aid olan sənəddir.

… XIX-XX əsrlər bizim üçün çox əhəmiyyətli bir dövrdür, onu yazmaq lazımdır. Elə indi Naxçıvanla əlaqədar bir neçə arxiv materialları ilə tanış olarkən mən bir daha xatırlayıram, - çünki həmin materialları əvvəl də görmüşdüm, - mən xatırlayıram ki, bizim bugünkü ictimaiyyətimizə, gələcək nəsillərə həqiqəti çatdırmağa nə qədər böyük ehtiyac var.
Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Bilirsiniz ki, Dağlıq Qarabağda referendum keçirilib və Dağlıq Qarabağın da əhalisi onun Azərbaycanın tərkibində olmasına səs verib. Bunlar tarixin səhifələridir. Ancaq eyni zamanda, bu gün biz keçmişdə – Azərbaycanın müqəddəratının həll olunduğu dövrdə Azərbaycanın milli mənafelərini qoruyanların fəaliyyətinə böyük məmnuniyyət hissi ilə yüksək qiymət verərək, deyə bilərik ki, çox sədaqətli, vətənpərvər insanlar da olubdur. Onların fədakarlığı, vətənpərvərliyi nəticəsində Naxçıvan Muxtar Respublikası qorunub saxlanılıb. Naxçıvan Muxtar Respublikasının statusunun iki beynəlxalq müqavilə ilə təyin olunması təsadüfi bir şey deyil. Fikirləşmək lazımdır, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunub? Çünki o vaxtlar Naxçıvana göz dikənlər çox idi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün o, belə beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır.

…Mən bir-iki dəfə demişəm, Sovet İttifaqı dağılandan sonra yeni meydana çıxmış bəzi qüvvələr hesab edirdilər ki, 1920-ci ildən sonra Azərbaycan tamam batıb, ta 1990-cı ilə qədər Azərbaycan bərbad olub və sair. Xeyr, belə deyil, tarix bunu göstərir. 1920-ci ildən 1922-ci ilin dekabrına qədər Azərbaycanda communist rejimi olubdur, sovet hakimiyyəti qurulubdur. Ancaq Azərbaycan Sovet Sosialist Respublikası müstəqil respublika olubdur. Əgər Azərbaycan Rusiya Federasiyası, Ermənistan, Gürcüstan respublikaları ilə və Türkiyə ilə 1921-ci ilin oktyabr ayında Qars müqaviləsini imzalayıbsa və Azərbaycanın adından Behbud Şaxtaxtinski Qarsda bu müqaviləni imzalayıbsa, demək, o vaxt Azərbaycan Respublikası öz müqəddəratını həll etmək yolunda çox müstəqil olubdur. Biz bunu unutmamalıyıq, tariximizi qaralamamalıyıq. Biz tariximizin qara tərəflərini də, ağ tərəflərini də göstərməliyik, faciəni də, nailiyyəti də, uğurları da göstərməliyik. İnsanların çəkdiyi zəhməti itirmək olmaz.

…Xatirimdədir, 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı Baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik. Uzun bir fasilədən sonra Türkiyə Cümhuriyyətinin başçıları, xüsusən Baş nazir Süleyman Dəmirəl bütün mətbuat qarşısında bəyan etdi ki, Moskva və Qars müqavilələrinə görə, Naxçıvan Muxtar Respublikasının statusunda əgər bir dəyişiklik edilərsə, Türkiyə burada səs sahibidir. Bu, həqiqətən də belədir. Çünki həm Qars müqaviləsini, həm də Moskva müqaviləsini imzalayan bir tərəf də Türkiyədir. Türkiyə o vaxt olduğu kimi, indi də dünyanın böyük, müstəqil dövlətidir. Bu baxımdan Türkiyə o vaxtdan Naxçıvan Muxtar Respublikasının qarantı kimi olubdur. Bunlar bizim tariximizin səhifələridir. Eyni zamanda bunlar Azərbaycanın torpaq, ərazi bütövlüyü uğrunda gedən prosesləri və onların nəticələrini əks etdirən faktlardır.


Beləliklə, Naxçıvan çətin bir dövr yaşayıb, sonra Azərbaycanın tərkibində muxtar respublika kimi fəaliyyət göstəribdir. Ancaq burada deyildi, təəssüflər olsun ki, Ermənistan sonralar da Azərbaycanın Ermənistanla sərhəd olan bəzi torpaqlarını ələ keçirməyə cəhd edibdir. Onlar 1929-cu ildə bu sahədə yenə də özlərinin xeyrinə işlər görə biliblər. Bəli, bu həqiqətdir ki, 1929-cu ildə Zaqafqaziya MĠK-in qərarı ilə Naxçıvan Muxtar Respublikasının burada adı çəkilən kəndləri, 657 kvadratkilometr torpağı Ermənistana verilmişdir. Bu həqiqətdir. Ancaq tək bu deyil.Bəhs etdiyimiz ərazi Naxçıvan Muxtar Respublikasından verilmiş ərazidir. Amma bu tərəfdən – indiki Zəngilan, Qubadlı rayonları tərəfindən də torpaqlar verilibdir.

Məsələn, məlumdur ki, Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq.

Yəni o dövrdə və sonralar təkcə Naxçıvanın torpaqları yox, Azərbaycanın başqa hissələrindən də torpaqlar, təəssüflər olsun ki, əldən gedibdir. İndi bizi Naxçıvandan ayıran, sərhəddən dəmir yolu ilə getsək, təxminən 46 kilometr məsafə,- Ermənistanı İrana bağlayan məsafə əldən gedibdir. O vaxt, hətta Zəngəzur Ermənistana verilən zaman da onun ərazisi o qədər deyildi. Dünən biz xəritə ilə baxırdıq, - onun Araza çıxan ərazisi 10 kilometr olubdur. Amma sonradan o tərəfdən, Naxçıvana daxil olan kəndlər əlindən alınıbdır. Ermənilər bu tərəfdən, yəni Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası hesab olunurdu – bir hissəni alaraq, Ermənistana qataraq 10 kilometrlik məsafəni indi 46 kilometr ediblər. Bilirsiniz, bunlar bizim zərərimizə olan proseslərdir. Bunlar bizim torpaqlarımızın bax, beləcə, tədricən əldən getməsi prosesidir.

Bir halda ki, söhbət düşüb, mən bir tarixi faktı da çatdırmaq istəyirəm, -baxmayaraq ki, bu, artıq məlumdur. Bəli, 1968-ci ildə, 1969-cu ildə Ermənistan Azərbaycana qarşı yenə də torpaq iddiaları ilə çıxış edibdir. Onlar Zaqafqaziya Kartoqrafiya İdarəsinin, gərək ki, 1932-ci ildə yaratdığı xəritələrdən o vaxt istifadə etmişdilər. Məlumdur, - gərək ki, bunu Həsən Həsənov da bilir – o vaxt o xəritələri yaradanların da hamısı ermənilər olmuşdular və şübhəsiz ki, həmin xəritələri saxtalaşdırmışdılar. Təəssüf ki, bizim tərəf bu barədə sayıq olmayıbdır. Elə bizim millətimizə zərər vuran xüsusiyyətimiz bir də bundan ibarətdir ki, belə hallarda biz nəinki sayıq olmuruq, çevik də olmuruq. Amma təəssüf ki, müqabil tərəf bizdən sayıq da, çevik də olur, bəzən bizdən güclü də olur. Onlar bu xəritələri götürərək Azərbaycanın cürbəcür hissələrindən, Ermənistanla sərhəd olan hissələrindən torpaqların iddiasına başlamışdılar.

Mənim xatirimdədir, o vaxt mən respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum. Respublikanın o vaxtkı rəhbərləri Ermənistanın rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirdilər. 1968-ci ildə bir protokol da imzalanmışdı. O protocol da indi arxivdə var, dünən onu mənə bir də göstərdilər. Ermənilər Naxçıvanın Ermənistanla sərhədində Sədərək rayonunun ərazisindən bir qisim torpaqları, sonra Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqları, Gədəbəy rayonundakı – mənim xatirimdədir, orada bir Tağlar kəndi var idi, – Tağlar kəndini, sonra Qazax, Qubadlı və Laçın rayonlarından bir neçə hissə torpaqları iddia edirdilər. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri də bununla razılaşmışdılar, protokol da imzalanmışdı. 1969-cu ilin may ayında Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyəti, onun sədri mərhum İsgəndərov fərman imzalamışdı ki, o torpaqlar verilsin. Bunun icrası bir balaca ləngidi. Yaxşı ki, ləngidi. Bilirsiniz ki, 1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxartdılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Bu da məlumdur. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi. 1985-ci ildə Ermənistan tərəfi o qərarın həyata keçirilməsinə nail olmuşdur: Yenidən komissiyalar təyin edilmişdi, yenidən protokollar yazılmışdı, həmin o torpaqları, o cümlədən Naxçıvandan bir qisim torpaqları Ermənistana vermişdilər.

Bunları bilmək lazımdır. Mən hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qayıtmalıdır. Azərbaycanın tarixi torpaqları qayıtmalıdır. Xalqımız da daim bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxt əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qayıtmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar.

AzVision.az

Teqlər: Zəngəzur   Heydər-Əliyev  







Xəbər lenti