Konstitusiyaya təklif olunan dəyişikliklər müzakirə edildi

Konstitusiyaya təklif olunan dəyişikliklər müzakirə edildi
  19 Sentyabr 2016    Oxunub:10725
“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən cari ilin 18 sentyabr tarixində 150 nəfər hüquq tələbəsinin iştirakı ilə “Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərin hüquqi təhlili” mövzusunda ictimai müzakirə təşkil edilib.

Tədbir “Davos Dünya İqtisadi Forumu”nun formatında təşkil edilmiş və spikerlər qismində isə Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış ediblər.



Tədbirdə açılış nitqi il çıxış edən Elşad Nəsirov Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərin xalqdan gələn sifariş olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Respublikamızda konstitusion islahatların davam etdirilməsi bir çox həm daxili və həm də xarici amillərlə şərtlənir: bu ilk növbədə 18 mart 2009-cu ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra həyata keçirilən sosial-iqtisadi islahatlarla, ölkə iqtisadiyyatının inkişaf tempi ilə, habelə bu islahatların uğurla davam etdirilməsini təmin edə biləcək siyasi idarəçilik mexanizminin təkmilləşdirilməsi zərurəti ilə bağlıdır.

Belə ki, həyata keçirilən iqtisadi islahatlar mütəmadi olaraq siyasi sistemin də təkmilləşdirilməsini zəruri edir. Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının surətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, idarəçiliyin elmi-texniki tərəqqinin və informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə yeni forma və metodlarının seçilməsi, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir.

Azərbaycan Respublikası Konstitusiyasına 2002-ci və 2009-cu illərdə edilən hər iki dəyişikliklərdə və Konstitusiyanın təkmilləşdirilməsi üçün yeni dəyişiklikləri nəzərdə tutan hazırki referendum aktında insan hüquq və azadlıqları ilə bağlı məsələlər prioritet olaraq qəbul olunur. Konstitusion dəyişiklikləri zəruri edən mühüm faktorlardan birini də çağdaş dövrümüzdə bütövlükdə dünyada, o cümlədən Yaxın və Orta Şərqdə cərəyan edən hadisələr, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, dövlət təhlükəsizliyi və bundan irəli gələrək Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnun təmini ilə bağlı dövlətin öz öhdəliklərini həyata keçirə bilməsi imkanının inkişaf etdirilməsi istəyi təşkil edir.



Daha sonra isə Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək, Konstitusiyaya təklif edilən dəyişikliklərin dövlətin inkişafının göstəricisi olduğunu vurğulayıb. O, qeyd edib ki, təklif olunan dəyişikliklər dünyada bu gün mövcud olan çağırışlar, geosiyasi proseslər, müharibə vəziyyətində olmağımız, postneft dövrünün iqtisadi çağırışları, ictimai münasibətlərin inkişaf səviyyəsi və mövcud təhlükələr fonunda ölkəmizin gələcək davamlı inkişafını, sabitliyin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

O Konstitusiya islahatının keçirilməsinin hüquqi zərurəti, cəmiyyətiin inkişafında rolu, bununla bağlı beynəlxalq təcrübə, bu dəyişikliklərin gətircəyi yeniliklər, qanunvericlik sistemimizə təsiri və layihədə yer alan konkert maddələrin izahını təqdim edib.



Daha sonra Əliməmməd Nuriyev çıxış edərək bildirib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. O, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışıb.



Əliməmməd Nuriyev həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat verib. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslərin zərurətindən irəli gəldiyini vurğulayıb.

Tədbirin son 1 saatında isə hüquqşünas tələbələrin sualları cavablandırılmış və geniş izahatlar verilib.

Qeyd edək ki, ELSA Azərbaycan 2010-cu ildən fəaliyyət göstərir və vətənpərvər, intellektual və dövlətin siyasətinə fayda verən hüquqşünas tələbələri özündə birləşdirir.


Teqlər:  





Xəbər lenti