Masallı `ASAN xidmət` vətəndaşların xidmətində - Fotolar

Masallı `ASAN xidmət` vətəndaşların xidmətində - Fotolar
  20 Sentyabr 2016    Oxunub:18974
Masallı “ASAN xidmət” mərkəzi bu gündən etibarən Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 839.450-dən çox vətəndaşa xidmət göstərir.
AzVision.az xəbər verir ki, Masallı regional “ASAN həyat” şəhərciyinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.



Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib.



Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib. Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.



Qeyd edək ki, Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir. Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir.Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün həmçinin səyyar avtobuslardan da istifadə olunur.



İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 9 milyondan çox müraciət edilib. Müxtəlif vaxtlarda "ASAN xidmət" mərkəzlərində keçirilmiş 43 rəy sorğusunun nəticəsinə görə, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti