`Emin Hüseynov məndən xahiş etdi...` - İlham Əliyevdən mühüm açıqlama

`Emin Hüseynov məndən xahiş etdi...` - İlham Əliyevdən mühüm açıqlama
  20 Sentyabr 2016    Oxunub:18313
“Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə bizim münasibətlərimizdə ciddi geriləmə yaratdı. Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda bunu çox düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik. Buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq”.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı deyib.

“Məndə bununla bağlı sənəd var. Bilmirəm sizin hamınız bu barədə məlumatlısınız yoxsa yox, yəqin ki, məlumatlısınız. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, lakin düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Yəqin ki, sizin üçün mənim bununla bağlı şərhlərimi öyrənmək yaxşı olar” –deyən İlham Əliyev bildirib: “Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir.

Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir.

Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır.

Bildirilir ki, 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır. Nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, 2006-cı ildən əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan”.

İlham Əliyev daha sonra qeyd edb: “Daha bir məsələ, guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə Prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır.

Burada deyilir ki, Azərbaycan strateji tərəfdaşlığı hədəfləyərək Avropa İttifaqı ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə can atır. Təkcə biz deyil, Avropa İttifaqı da bizimlə münasibətləri dərinləşdirməyə çalışır. Ona görə də düşünürəm ki, bu mətn bizim əməkdaşlığımızın əsl məğzini əks etdirmir. Bizim Avropa İttifaqı ilə əməkdaşlığımız qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Yeri gəlmişkən, ümumiyyətlə, bizim Avropa İttifaqı ilə çox yaxşı münasibətlərimiz var. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqı, üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var”.

Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini dedi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirdi, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strarteji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını dedi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı. Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi. Dövlətimizin başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırdı.

Görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edildi, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini dedilər.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımların atıldığını, gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini dedi, bu sahədə “ASAN xidmət”in fəaliyyətinin səmərəli olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


AzVision.az



Teqlər:  





Xəbər lenti