`Azərbaycanla əməkdaşlıqda maraqlıyıq` - Linhart

`Azərbaycanla əməkdaşlıqda maraqlıyıq` - Linhart
  22 Sentyabr 2016    Oxunub:904
Sentyabrın 21-də xarici işlər nazirinin müavini Xələf Xələfov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan-Avstriya münasibətlərinin müsbət dinamikaya malik olduğunu diqqətə çatdıraraq, iki ölkə arasında siyasi dialoqun intensiv xarakter daşıdığını vurğulayıb. Avstriya nümayəndə heyətinin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edən Xələf Xələfov əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkan olduğunu bildirib. Ticari-iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin inkişaf tempindən məmnunluq ifadə edən nazir müavini Avstriyada Azərbaycan mədəniyyət mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə iki ölkənin yaxından əməkdaşlıq etdiyini bildirib. Hər iki ölkədə məskunlaşmış Azərbaycan və Avstriya diasporunun fəaliyyətinə toxunan nazir müavini diasporların ikitərəfli əlaqələrin inkişafında rolunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə gündəlikdə duran məsələlərin nəzərdən keçirilməsi baxımından Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının əhəmiyyətini qeyd edən Xələf Xələfov, Azərbaycan-Avstriya Ticarət Palatasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, nazir müavini ölkəmizdə həyata keçirilən investisiya layihələrində Avstriya şirkətlərinin iştirakında Azərbaycanın maraqlı olduğunu qeyd edib. Xələf Xələfov Azərbaycan və Aİ arasında viza prosedurlarının sadələşdirilməsinin vacibliyinə toxunaraq, bunun iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Son illər Azərbaycanın yaxından iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat layihələrindən söz açan Xələf Xələfov enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, alternativ enerji, turizm sahələrinin, habelə regionların inkişafı kimi məqsədlərin Hökumət proqramlarında öz əksini tapdığını diqqətə çatdıraraq, bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edib.

Nazir müavini Xələf Xələfov xüsusi olaraq Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkərək, bu münaqişənin region üçün ciddi təhlükə mənbəyi olduğunu, eləcə də regionun inkişafına maneələr yaratdığını bildirib, münaqişənin həllinin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında mümkün olduğunu vurğulayıb. ATƏT-in, bu sahədə fəaliyyətinin ürəkaçan olmadığını deyən Xələf Xələfov münaqişənin həlli istiqamətində qəti mövqe nümayiş etdirilməsinin zəruriliyini qeyd edib.

Avstriya nümayəndə heyətinin rəhbəri Mixael Linhart Azərbaycanın regionda Avstriya üçün mühüm əhəmiyyətə malik, ən böyük iqtisadi tərəfdaşı olduğunu bildirərək, iki ölkənin infrastruktur, kənd təsərrüfatı, dəmir yolu və digər sahələr üzrə birgə layihələr çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb. Mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıqdan danışan M.Linhart iki ölkənin universitetləri arasında tələbə mübadiləsi proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb. M.Linhart ikitərəfli siyasi əlaqələrin inkişafından danışaraq, ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi radikalizm və beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Sədrlik dövründə Avstriyanın həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişə nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti