Azərbaycandan Venesiya Komissiyasına sillə kimi cavab

Azərbaycandan Venesiya Komissiyasına sillə kimi cavab
  22 Sentyabr 2016    Oxunub:3086
Ötən gün xəbər verdiyimiz kimi, Venesiya Komissiyası Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verib.

Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev ötən gün keçirdiyi mətbuat konfransında Venesiya Komissyasının rəyinin düzgün olmadığını, bunun siyasi sifariş olduğunu bildirib.

“Bu rəy Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb: “Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur”.

Azərbaycan hökumətinin Venesiya Komissiyası ilə əməkdaşlıq etdiyini vurğulayan Ş.Əliyev deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsinizz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.

PA rəsmisi qeyd edib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: “Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. ABŞ-ı hamı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır.

Venesiya Komissiyası rəyi heç bir ölkənin təcrübəsinə əsaslanmır. Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentn səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var”.

Venesiya Komissiyası rəyini şərh edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir: “Venesiya Komissiyasının referenduma bir neçə gün qalmış rəy bildirməsi qərəzə söykənir, bu baxımdan da həmin rəyi şərh etməyə ehtiyac yoxdur. Konstitusiyaya əlavə və dəyişikliklər xalqın iradəsi əsasında həyata keçirilir və xalq da öz iradəsini referendumda ifadə edəcək. Bu, xalqın iradəsidir. Hakimiyyətin mənbəyi xalqdır. Ona görə də hansısa komissiyanın, hansısa ekspertin rəyi bizim üçün əsas ola bilməz. Çünki qərarı qəbul edən xalqdır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin fikrincə, Venesiya Komissiyasının qərarına ermənipərəst dairələr tərəfindən müdaxilə olunub: “Hesab edirəm ki, komissiyanın rəyi qərəzlidir. Çünki, bu Azərbaycana qarşı düşmən mövqedə olan insanların və qrupların yaratdığı şərait, erməni işğal siyasətini dəstəkləyən qüvvələrin atdığı addımlardır”

Millət vəkili vurğulayıb ki, Azərbaycan verdiyi qərarlarda müstəqildir: “Azərbaycan müstəqil dövlətdir. Ona görə də öz ərazisində hər hansı qərarı qəbul edirsə, buna biz özümüz qiymət verə bilirik. Referenduma çıxarılan konstitusiyaya əlavə və dəyişikliklərin əsas hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zamanın tələbindən irəli gəlir. Bu dəyişikliklər ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, Azərbaycanın sürətli inkişafına xidmət edir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı vurğulayıb ki, Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərin tamamilə yalnış izahını verməyə çalışır: “Venesiya Komissiyası tərəfindən Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə bağlı iradların söylənilməsi olduqca yersizdir və heç bir hüquqi əsasa malik deyil. Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklik mərkəzi hakimiyyətin fəaliyyətinin çevikliyini təmin etmək məqsədi daşıyır, lakin Venesiya Komissiyası bu yanaşmanı kənara qoyaraq bunun tamamilə yalnış formada izahını verməyə çalışır”.

F.Ağamalı təəssüflə qeyd edib ki, Venesiya Komissiyası Azərbaycana qarşı ayrıseçkilik ənənəsini davam etdirir: “Belə bir rəyin verilməsi zaman etibarı ilə gecikdirilib. Artıq referenduma saylı günlər qalıb. Belə bir vəziyyətdə düşünərək gecikdirilən rəyin verilməsi Azərbaycana qarşı qərəzli mövqeyin forması kimi izah edilməlidir. Venesiya Komissiyasının referendumun 2 ay müddətində keçirilməsi ilə bağlı iradı da yersizdir. Çünki referendum aktı dərhal Konstitusiya Məhkəməsinə təqdim edilib və Konstitusiya Məhkəməsindən rəy alındıqdan sonra ictimai rəyə təqdim olunub və geniş ictimai müzakirələr açılıb.

Bəlli olduğu kimi referendumla bağlı üç təşviqat qrupu yaradılıb və bu təşviqat qruplarının Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınması imkan verir ki, referendum aktı daha geniş şəkildə auditoriyalarda müzakirə olunsun və xalq tərəfindən yetərincə mənimsənilsin. Vətəndaş Cəmiyyəti təşəbbüs qrupunun bir vəkili kimi deyə bilərəm ki, indiyə qədər aparılan müzakirələr zamanı da Azərbaycan xalqının referenduma ciddi marağının olmasının şahidi olmuşuq. Hətta bir ay müddətində belə referendum aktının müzakirə olunması imkanları zaman baxımından da Venesiya Komissiyasının dediklərini tamamilə təkzib edir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti