`ABAD`ın ölkəmiz üçün əhəmiyyəti nədir?

`ABAD`ın ölkəmiz üçün əhəmiyyəti nədir?
  24 Sentyabr 2016    Oxunub:14410
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır.

Fərmana əsasən pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılıb.

“ABAD”ın Azərbaycan üçün əhəmiyyəti nədir?

Millət vəkili Vahid Əhmədov AzVision.az-a bildirib ki, “ASAN Xidmət” şəffaf xidmət növüdür və burada bürokratiya və korrupsiya qətiyyən yoxdur.

Deputat qeyd edib ki, “ABAD” publik hüquqi şəxsin “ASAN Xidmət”in tərkibində yaradılması müsbət haldır: “Bu, kiçik və orta sahibkarlığa və ailə təsərrüfatının inkişaf etdirilməsinə təkan verəcək. Banklardan fərqli olaraq insanlar “ABAD”dan rahat şəkildə faydalana biləcəklər. Hesab edirəm ki, “ABAD”ın yaradılması iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək. Prezidentin bu addımını yüksək qiymətləndirirəm”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bildirib ki, ailə sahibkarlığı bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır.

Deputat vurğulayıb ki, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayır: “Ailə təsərrüfatları dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bir çox ölkələrdə ailə təsərrüfatları bazardakı təsərrüfatların 70%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 75%-i ailə təsərrüfatlarıdır və onların ÜDM-də payı 65%-ə çatır. Ailə təsərrüfatlarını xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda sərbəstlik, bazarda çeviklik, yüksək motivasiya, qənaətçillik, dövlətdən dəstək alma imkanlarıdır. Ailə sahibkarlığı mikrobiznes ilə özməşğulluğun sərhədində yerləşən bir formatdır”.

Deputat hesab edir ki, ailə biznesinin dəstəklənməsi öz əməyini digər əmək münasibətlərində reallaşdıra bilməyən insanlara, kiçik və orta sahiblarlıq sferasında kəmiyyət baxımından üstünlük təşkil edən biznesin kiçik formalarına birbaşa dəstəkdir: “Adətən ailə təsərrüfatları daha çox kənd təsərrüfatı, ticarət və xidmət sahəsində geniş yayılır. Məsələn, Latın Amerikası ölkələrinə ailə təsərrüfatları büdcə daxilolmalarnın 50% ni təmin edir. Dünya təcrübəsi göstərir ki, dövlət dəstəyi olmadığı zaman ailə biznesləri yalnız özməşğulluq formatında qalır və milli iqtisadiyyatda əhəmiyyətli dərəcədə sosial-iqtisadi rol oynaya bilmir”.

T.Mirkişili, həmçinin əlavə edib ki, Azərbaycanda insanların, ailələrin sahibkarlıq təşəbbüsləri hər zaman yüksək olub və onlar müqayisəli üstünlüklərə malikdirlər:

“Azərbaycanda ailə biznesinə dövlət dəstəyinin təmin etmək məqsədilə “ABAD” publik hüquqi şəxsin yaradılması ailə təsərrüfatların hərtərəfli dəstəklənməsi məqsədi daşıyır. Biznes planların tərtib olunmasından başlayaraq son məhsulun satışınadək və eyni zamanda maliyyə dəstəyinin göstərilməsinin dəstəklənməsi dövlətin bu sahəyə yüksək qayğı gəstərəcəyini nümayiş etdirir.

Hesab edirik ki, ailə təsərüfatlarının inkişafı Azərbaycanda daha çox məşğulluqu artıracaq, büdcə daxilolmalarını diversifikasiya edərək yüksəldəcək. Bu öz növbəsində əhalinin gəlirlərini yüksəldəcək Bu o deməkdir ki, ailə təsərrüfatları milli iqtisadiyyatda mühüm sosial-iqtisadi rol oynayacaq. Ailə biznesinin inkişafını təmin edən əsas faktor sürətlilikdir. Bu baxımdan tələb olunaun prosedurların ASAN-laşdırılması və “ASAN Xidmət” Mərkəzlərinin özünü yüksək səviyyədə doğrultması, insanların bu mərkəzlərə yüksək inamı başlanğıcın uğurlu olmasını şərtləndirir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti