`Ölkəmizə gələn ərəblərin sayı 8 dəfə artıb` - Nazir

`Ölkəmizə gələn ərəblərin sayı 8 dəfə artıb` - Nazir
  27 Sentyabr 2016    Oxunub:2000
"Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 8 dəfə çox olub".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda "Turizm işçiləri günü" peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, dövlət başçısı tərəfindən bu günün təsis edilməsi turizm sahəsinə göstərilən qayğıdır: "Azərbəycan bir sıra beynəlxalq turizm təşkilatlarına üzvdür. Ölkəmiz turizmin inkişafı yolunda qətiyyətli addımlar atır. Hazırda bu sahədə böyük inkişaf var. Turizm sahəsi artıq dövlətin prioritet inkişaf sahəsinə çevrilib. Bütün dövlət orqanlarının turizm sahəsinin inkişaf etdirilməsi üçün vahid konsepsiya çərçivəsində fəaliyyət göstərməsi müsbət nəticə verir. Turizmin inkişafı ilə bağlı artıq bir sıra layihələr Komissiyanın iclasında müzakirə olunub, hazırlanıb Milli Məclisə təqdim olunacaq”.

Nazir eyni zamanda yeni strateqiyanın hazırlandığını vurğulayıb: “Bu strategiyanın artıq bəzi bəndlərini nazirlik həyata keçirməyə başlayıb. Viza rejimin sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayında xeyli artım var. Bəzi ölkələrlə viza rejimi demək olar ki, ləğv edilib. Elə ölkələr var ki, onlardan gələn turistlərin sayı 20% artıb. Rusiya, Qazaxıstan və İrandan gələn turistlərində sayında artım var. Rusiyada nümayəndəliyimizin açılması da artıma müsbət təsir göstərib".

Ə.Qarayev bildirib ki, Azərbaycana gələn turistləri milli dəyərlərimizə, mədəniyyətimizə uyğunlaşdırmalıyıq: “Çünki ölkəyə gələn turistlərin xərclədiyi vəsaitlər hesabına ölkənin büdcəsinə böyük məbləğdə vəsait daxil olur. Qeyri-neft sektorunun inkişafında turizm sektorunun rolu böyükdür. Bundan başqa, "Tax Free" sisteminin tətbiqi edilməsi də turistlərin cəlbində böyük rol oynayır", deyə nazir qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti