Ölkə başçısı görüşlər keçirdi

Ölkə başçısı görüşlər keçirdi
  28 Sentyabr 2016    Oxunub:1120
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahini qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan dövlətimizin başçısı ilk dəfədir Afrika İttifaqından olan nümayəndələrin Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahinin Azərbaycana ilk səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev səfərin, həmçinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Azərbaycan ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, təmsil etdiyi qurumun bu əlaqələrə xüsusi önəm verdiyini dedi. Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən qonaq Bakının çox gözəl şəhər olduğunu söylədi. Səfərindən öncə ölkəmizin tarixi ilə maraqlandığını deyən Aişə Abdullahi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bütün sahələrdə, o cümlədən davamlı inkişaf, düzgün idarəçilik, sülhün təmin olunması kimi məsələlər baxımından müasir və nümunəvi bir ölkəyə çevrildiyini qeyd etdi. Aişə Abdullahi bu sahələrdə də Afrika İttifaqı ilə qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyini vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib. Dövlətimizin başçısı Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın bu səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Azərbaycan ilə Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birilərini tanımalarının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını dedi. Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd etdi.

Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artdığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini dedi və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğuladı. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanlarına dair söhbət etdiyini də diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı Tacikistan Respublikası Ali Məclisinin nümayəndələr palatasının sədri Şukurcon Zuxurovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin uğurlu olacağına və uzun illər davam edən əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev bu yaxınlarda Bişkekdə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşünü və bir sıra məsələlərlə bağlı fikir mübadiləsi apardıqlarını məmnunluqla xatırladı. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını bildirən dövlətimizin başçısı ölkələrimizin bütün məsələlərdə bir-birinə dəstək verdiklərini vurğuladı. Azərbaycan ilə Tacikistanın uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırdı.

Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Prezident Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ümumi tarixi və mənəvi dəyərlərə əsaslanan Tacikistan-Azərbaycan ikitərəfli əlaqələrinin, əsrlər boyu dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ölkəmizə həm də rəsmi səfərə gəldiyini vurğulayan Şukurcon Zuxurov Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə reallaşan V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti