Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir
  30 Sentyabr 2016    Oxunub:1727
Vergilər Nazirliyinin səlahiyyətləri artırılır.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Komitə sədri qeyd edib ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.

Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib.

Z. Səmədzadə qeyd edib ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səs qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti