Azərbaycanın baş prokurorları - Onlar kimlərdir?

Azərbaycanın baş prokurorları - Onlar kimlərdir?
  01 Oktyabr 2016    Oxunub:3018
Bu gün - 1 oktyabr tarixi Azərbaycanda prokurorluq əməkdaşlarının peşə bayramı günüdür.
Prokurorluq işçilərinin bayramı mərhum dövlət başçısı Heydər Əliyevin 17 iyul 1998-ci ildə imzaladığı sərəncamla təsis olunub. Azərbaycanda fəaliyyət göstərən digər rəsmi qurumlar kimi prokurorluq orqanları da özünəməxsus tarixə malikdir. İndiyədək bu sistemdə müxtəlif təyinatlar aparılıb, yeniliklər həyata keçirilib.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib.

1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edilib.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olublar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycan müstəqillik əldə etdikdən Baş prokuror postuna 6 dəfə dəyişiklik edilib.

AzVision.az indiyədək Azərbaycanda Baş prokurour postuna yiyələnmiş şəxsləri təqdim edir:

Müstəqil Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov olub. O 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. İxtisasca hüquqşünas olan Qayıbov cəmi bir il vəzifədə qala bilib. İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Mərhum Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ikinci Baş prokuroru Murad Babayev olub. İsmət Qayıbovun faciəli ölümündən sonra Baş prokuror postuna təyinat alan M.Babayev vəzifədə çox qala bilməyib. Babayev cəmil bir illik fəaliyyətdən sonra 1992-ci ildə vəzifədən gedib. M.Babayev dünyasını dəyişib.

Daha sonra bu postda İxtiyar Şirinov təyin olunub. 1992-ci ildə vəzifəyə gələn Şirinov bir ildən sonra kreslosunu Əli Ömərova təhvil verməli olub. Baş prokuror vəzifəsində Əli Ömərovun da işi uzun sürməyib. O, 1994-cü ildə vəzifədən uzaqlaşdırılıb.

Əli Ömərovun gedişi ilə bu posta Eldar Həsənov təyinat alıb. 1995-ci ildə fəaliyyətə başlayan Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsilə vidalaşıb.

Azərbaycanın hazırkı Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti