`İranla münasibətlər uğurla inkişaf edir` - İlham Əlyev

`İranla münasibətlər uğurla inkişaf edir` - İlham Əlyev
  03 Oktyabr 2016    Oxunub:2055
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Prezidentlər səviyyəsində mütəmadi görüşlərin keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu ilin avqust ayında Azərbaycana və özünün İrana son rəsmi səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da yüksək səviyyəyə qaldırılmasının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı xüsusilə Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd etdi. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Əbdülrza Rəhmani Fəzli dedi: “Prezident Həsən Ruhani bildirdi ki, iki tərəf arasında əldə olunan razılaşmalara əsasən işlərin daha da genişləndirilməsi və irəliləməsi üçün bütün səylər göstərilməlidir. Cənab Ruhani bu işlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi”.

Əbdülrza Rəhmani son illər ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və çox yaxşı nəticələr əldə olunduğunu vurğuladı.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti