Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır

Azərbaycanda əhalinin 8 faizi talassemiya daşıyıcısıdır
  05 Oktyabr 2016    Oxunub:3183
“Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb və əhalinin 8 faizi talassemiya daşıyıcısıdır”.
AzVision.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. Onun sözlərinə görə, xəstələrin müayinə və müalicəsi müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir.

Z.Əlimirzayeva qeyd edib ki, talassemiyalı xəstəliyinin profilaktikası, xəstə sayının azalması üçün yeni ailə qurmağa hazırlaşan cütlüklərin müayinəsinin aparılmasına başlanıb:

“Artıq bu müayinələr də öz nəticələrini verməkdədir. Bu müddət ərzində 197554 şəxs tibbi müayinədən keçib, onlardan 9131 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Eləcə də 71 cütlükdə - yəni hər ikisində, talassemiya daşıyıcılığı üzə çıxıb. Cütlüklərdə talassemiya aşkarlansa, hamiləliyin 12-18-ci həftəsində döldən material götürülür və Hematologiya İnstitutunda molekulyar, genetik müayinə aparılıb. Bu vaxta kimi üç döldə talassemiya xəstəliyi aşkarlanıb və həmin cütlüklər hamiləliyin pozulmasına qərar veriblər. Talassemiya xəstəliyi aşkar olunan 5-6 cütlük isə ailə qurmaqdan imtina edib”.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində (RPM) “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfrans keçirilib. Respublikanın baş hematoloqu, baş neonatoloqunun və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssislərinin iştirak etdiyi konfransda bir sıra maraqlı mövzularda təqdimatlar keçirilib. Təqdimatlar “RPM-də aşkarlanan genetik xəstəliklər”, “Amniosentez və CVC-nin perinatal diaqnostikada rolu”, “Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı”, “Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi”, “Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlar” barədə olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti