Şeyx Kadırovun andiçmə mərasimində - FOTO
Yenidən Çeçenistanın rəhbəri seçilmiş R.Kadırovu Qafqaz müsəlmanları, o cümlədən Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edən şeyxülislam Allahşükür Paşazadə onu özünün qardaşı hesab etdiyi sabiq Prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnun olduğunu, uğurlarına hər zaman sevindiyini diqqətə çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə Qroznıda Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev və digər müftilərlə görüşüb.
Görüşdə müfti İ.Berdiyev şeyxülislamı sentyabrın 26-da ölkəmizdə uğurla keçirilən referendum münasibətilə təbrik edib, bunu Azərbaycandakı davamlı inkişaf və sabitliyin yüksək səviyyəsinin bariz nümunəsi kimi dəyərləndirib. O, referendumun nəticələrinin Azərbaycan xalqının rifah və səadətinə xidmət edəcəyinə əminliyini ifadə edib. Müfti, həmçinin Azərbaycanda mövcud olan yüksək səviyyəli dövlət-din münasibətlərini qeyd edib.
Şimali Qafqaz Müftilərini Əlaqələndirmə Şurasının sədri Qafqazın dini-mənəvi həyatına dair bütün məsələlərin həllində şeyxülislam Allahşükür Paşazadənin müdrik ağsaqqal mövqeyinə hər zaman ehtiyac olduğunu vurğulayıb.
Şeyxülislam A.Paşazadə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Qafqaz müftilərinə çatdırıb. Görüşdə ümumqafqaz əhəmiyyətli dini-mənəvi məsələlərin müzakirəsi aparılıb.
AzVision.az