AŞPA-nın payız sessiyası başlayır
AŞPA-nın iclasları 5 gün davam edəcək, bir sıra aktual məsələlərə baxılacaq. Öncə bu ilin 15 iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq. AŞPA-nın son 6 aydakı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə 2015-2016-cı illərdəki fəaliyyətinə dair məruzələr dinləniləcək. Belarusda və İordaniyada keçirilmiş son parlament seçkiləri müzakirə olunacaq. Hakimlərin seçkisinə dair səsvermə zamanı Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edəcək hakimə də münasibət bildiriləcək.
Müzakirələrdə sosial ədalətin təmin edilməsi, hər kəs üçün idman, qadınların problemləri, uşaq hüquqlarının müxtəlif məqamları, Ukraynadakı böhranın siyasi nəticələri, Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq, Avropa əhalisinin dinamikasının miqrasiya siyasətinə təsirləri və s. kimi aktual mövzular gündəmdə olacaq. Milli Məclisin deputatları iclaslarda fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Qeyd edək ki, AŞPA sessiyası işinə oktyabrın 14-də yekun vuracaq.
Anar Kəlbiyev
AzVision.az