Azərbaycanda qrip təhlükəsi - Nazir əmr imzaladı

Azərbaycanda qrip təhlükəsi - Nazir əmr imzaladı
  11 Oktyabr 2016    Oxunub:2046
Səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsinə dair əmr verib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, əmr 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə imzalanıb.

Əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təminatı tapşırılır. Daha sonra lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadənin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqətin yetirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması da əmrdə əksini tapıb.

Ölkənin şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi, məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə tibbi müşahidə və qrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməsi də tapşırılır.

Əmrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təminatına dair göstərişlər verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti