Pakistanın baş naziri İrəvana mesaj göndərdi: `Qarabağdan çıxın`

Pakistanın baş naziri İrəvana mesaj göndərdi: `Qarabağdan çıxın`
  14 Oktyabr 2016    Oxunub:5440
“Xalqlarımızın tarixi əlaqələri var, ölkələrimiz qədim ticarət yollarının üzərində yerləşir”.

AzVision.az-ın məlumatına görə, bunu bu gün Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycanda diqqətəlayiq sabitliyin, ictimai həmrəyliyin və inkişafın olduğunu deyən Nəvaz Şərif prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişafın ölkəsində diqqətlə izlənildiyini bildirib. O, vurğulayıb ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq yolu ilə həll olunmalıdır.

“Kəşmir və Dağlıq Qarabağ məsələsində qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin üst-üstə düşdüyünü sübut edir” - deyən N. Şərif vurğuladı ki, Pakistan işğal olunan Azərbaycan torpaqlarının tam azad olunması, oradan erməni silahlı qüvvələrinin çıxarılması və qaçqınların doğma torpaqlarına qaytarılmasının tərəfdarıdır.

Kəşmir məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Pakistan hökumətinin başçısı ölkələrimiz arasındakı ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini bu sahədə canlanmaya ehtiyacın olduğunu diqqətə çatdırıb. O, bildirdi ki, sıx siyasi münasibətlərimiz bütün sahələrdə real əməkdaşlığa təkan verməlidir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti