Arım, balım, pətəyim... - Reportaj + Fotolar

Arım, balım, pətəyim... - Reportaj + Fotolar
  15 Oktyabr 2016    Oxunub:10409
El arasında belə bir deyim var: `Dil var bal gətirər, dil var bəla gətirər`.

Elə bizi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkasına gətirən arıçıların şirin dili və satdıqları bal kimi balları oldu.

Arı qəhrin çəkib, satdığı balın qədrini bilən arıçılar növbənöv balları piştaxtalara düzüb şirindillə, gülərüzlə alıcı ovuna çıxmışdılar.



Hansı satıcıya yaxınlaşırdınsa, əlinə bir qaşıq götürüb:`Sən bir bunun dadına bax, belə baldan həyatın boyu yeməmisən, hələ bir qaşıq dad` deyirdilər.

Bir sözlə, satıcılar bal kimi dilləri ilə şəhərə gətirdikləri kilolarla balı satmağa çalışırdılar.



Biz isə ilk olaraq büdcəmizi düşünüb, satılan balların qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, Zaqataladan, Naxçıvandan, İsmayıllının İvanovka kəndindən və digər bölgələrdən gətirilmiş istər `May balı`, istər`Dağ-Cökə balı`, istərsə də növbənöv digər ballar, şanılar 20-30 manat arasında satılır.



Müştərilərə təmiz balı necə ayırd etməyi öyrədən satıcılar iki daşın arasında müştəri azlığından, bu il rütubətin çox olması nəticəsində az məhsul əldə etmələrindən şikayətləndilər.



Yarmarkada diqqətimizi çəkən məqamlardan biri də ölü arıların satışa çıxarılması idi. Satıcılar bildirib ki, bu bir çox xəstəliklərin dərmanıdır və bunu fərqli üsullarla istifadə edirlər.



Ən maraqlısı isə pətəyin üzərindəki arı qaymağı idi. Arıçılar deyir ki, qaymaq mədədə olan qızartını, yaranı sağaldır.



Arının digər məhsulu olan Vərəmumun 1 qramını isə 20- 30 qəpiyə almaq olar.



Satıcılar bal qədər qiymətli propolis, çiçək tozu və şanın min bir dərdin dərmanı olduğunu alıcıların nəzərinə çatdırırdılar.



Bu yolla arıçılar həm məsləhətlərini verir, həm də müştəriləri şirin `tora` salırdılar.



Elə biz də o `tora` düşüb, hər piştaxtanın qarşısında dayandıqca bir qaşıq bal dadıb, yarmarkanı tərk etdik.





















Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti