Azərbaycanda ciddi sürüşmə təhlükəsi yaranıb

Azərbaycanda ciddi sürüşmə təhlükəsi yaranıb
  18 Oktyabr 2016    Oxunub:3259
Ölkə ərazisinə şimal qərbdən daxil olan rütubətli hava kütlələri bütün sürüşmə sahələrində ifrat rütubətlənməyə səbəb olub.

Bu barədə AzVision.az-a AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O qeyd edib ki, yağış nəticəsində doymuş suxur layları bir çox regionlarda hərəkətə gəlib: “Ölkə ərazisində hal-hazırda sürüşmə sahələrində xeyli fəallıq nəzərə çarpır. Xüsusilə, İsmayıllı rayonunda Basqal qəsəbəsi və ətraf zonasında, Şamaxı, Ağsu zonalarında, Qobustan-Şamaxı arasındakı ərazilərdə, Bakı-Şamaxı yolunun kənarlarında, Siyəzən, Şabran, Xəzər rayonlarında, qismən Qusar, Quba rayonlarında, həmçinin Lənkəran və Astara yolunun kənarlarında, Yardımlı rayonunda, Gədəbəy, Daşkəsən rayonlarında sürüşmə sahələrində gözəçarpan fəallıq nəzərə çarpır. Fəallıq gündən günə artır”.

E.Əlizadənin sözlərinə görə, aramsız yağışlar Bakı şəhərinin sürüşmə sahələrində də aktivliyə səbəb olub: “Xüsusilə, Zığ massivi zonasında və Masazır, Qaraçuxur qəsəbələrində, Badamdar və Bayıl massivində gözərə çarpan fəallıq müşahidə olunur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti