`Kerrinin bəyanatı yersizdir` - Prezident etirazını bildirdi

`Kerrinin bəyanatı yersizdir` - Prezident etirazını bildirdi
  18 Oktyabr 2016    Oxunub:2768
“ABŞ Dövlət Katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri diplomatik insidentdir və bu yersiz bəyanata bizim Xarici İşlər Nazirliyi, o cümlədən mən də münasibət bildirmişəm”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib.

Ölkə başçısı Kerrinin Qarabağ bəyanatı ilə bağlı suala cavabında bildirib: “Oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında bununla bağlı fikrimi bildirdim. Dedim ki, münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır. Bu bəyanat ABŞ-ın mövqeyinə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edib. Birdən-birə dövlət katibi deyir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu nə siqnaldır və onu kimə göndərir? Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilmir, təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə bir qədər təcavüzkarın dəstəklənməsi siyasəti aparılır. Bax, bu bizim problemimizdir. Bizə deyirlər ki, münaqişə təkcə sülh yolu ilə həll olunmalıdır və sülh yolundan başqa yol olmamalıdır.

Biz də deyirik ki, yaxşı, gəlin həll edək. Axı beynəlxalq hüququ pozmaqla yanaşı, başqa ölkənin ərazisini zəbt etmək, əhalini oradan qovmaq və bu əraziləri nəzarətdə saxlamaq ədalətsizlikdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan ordusu bir çox məsələlərin həlli üçün ciddi hərbi potensiala malikdir. Bizə deyirlər sülh yolu, biz deyirik - yaxşı, biz gözləyirik. Biz isə təcavüzkara qarşı təzyiq göstərmək əvəzinə bu cür bəyanatlar eşidirik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti