Qarabağda müharibə qaçılmazdır? - ŞƏRH

Qarabağda müharibə qaçılmazdır? - ŞƏRH
  19 Oktyabr 2016    Oxunub:5301
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır”.

Belə bir bəyanatla Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində çıxış edib. Dövlət başçısı bildirib ki, bu mövqe daha çox beynəlxalq dəstək qazanır: “Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Prezident vurğulayıb ki, bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan ordusunun gücünü bir daha göstərdi: “Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”.



Çıxışdan aydın olur ki, dövlət başçısının münaqişənin həlli ilə bağlı prinsipial mövqeyi dəyişilməz olaraq qalır. Yəni, işğal olunmuş Azərbaycan əraziləri düşməndən azad olunacaq. Ancaq, son zamanlar münaqişənin həllinə dair həmsədr dövlətlərin bədbin bəyanatları, Ermənistanın ipə-sapa yatmaması bu qənaəti gücləndirir ki, münaqişənin yeganə həll varinatı hərbi güc tətbiq etməklə mümkündür. Millət vəkilləri, siyasi ekspertlər də bu fikirdədir ki, münaqişə məhz ordunun gücü ilə həll olunmalıdır.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, müharibə qaçılmazdır: “Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri müxtəlif bəyanatlarla başımızın altına yastıq qoymağa çalışır, arxayınlaşmağımıza səy göstərirlər. Lakin, bu baxımdan sonu görünməyən bir dəhlizdəyik. Bu dəhlizdən çıxmaqla bağlı vəzifə isə Azərbaycan Milli Ordusunun üzərinə düşür. Odumuzun qəhrəmanlığı sayəsində sonu görünməyən dəhlizdən çıxa bilərik.

Bu səbəbdən ölkə başçısı ordumuzun güclənməsinə çox böyük diqqət yetirir. Heç bir halda Ermənistanla Azərbaycan arasında yaranmış ciddi fərqin bu və ya digər şəkildə dəyişməsinə imkan vermir. Bu yaxınlarda Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycan səfəri, bu ölkə ilə hərbi əməkdaşlığın genişləndirilməsi, hərbi sənayemizin inkişafına böyük diqqət yetirilməsi söylədiklərimə sübutdur”.



F.Ağamalı, həmçinin qeyd edib ki, Azərbaycan tərəfi vaxtilə üç həmsədr dövlətin başçısının “status-kvo dəyişməlidir” fikrinə nikbin yanaşır: “Rusiya, Fransa, ABŞ prezidentlərinin bəyanatı kifayət qədər ciddi idi. Lakin Ermənistan buna zərrə qədər əhəmiyyət vermədi, status-kvo isə dəyişilməz olaraq qalır. Aprel döyüşlərində Azərbaycan Ermənistana ciddi dərs verdi. Bundan sonra Ermənistanı himayə edən dövlətlər təşviş içərisində əməliyyatların dayandırılmasına səy göstərdilər və biz buna məcbur olduq. Ümid vardı ki, Ermənistan bundan nəticə çıxaracaq. Doğrudur, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində ümid qığılcımları yarandı. Ancaq, aprel döyüşlərindən 7 aya yaxın bir vaxt keçməsinə baxmayaraq, dəyişən heçnə yoxdur. Hazırda danışıqlar dalana dirənib. Ona görə də bizim yeganə əlacımız hərbi yolla torpaqlarımızı işğaldan azad etməkdir. Ölkə başçısının siyasi xətti məhz bu istiqamətə yönəlib. İnanıram ki, ordumuz öz sözünü deyəcək”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, sülh danışıqlarının dalana dirənməsi, münaqişənin hərbi yolla həllini qaçılmaz edir: “Azərbaycan sivil bir dövlət kimi münaqişənin diplomatik yolla həllinə çalışır. Amma, biz müxtəlif vasitələrdən də istifadə etməyə hazırıq. Bu baxımdan hərbi və iqtisadi potensialımızı artırmalıyıq. Heç kəsin şübhəsi olmasın ki, Azərbaycan Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyindən nə vaxtsa, əl çəkəcək və Ermənistana güzəştə gedəcək. Bu, birmənalı mövqedir. Əgər münaqişənin həlli sülh yolu ilə mümkünsüz olarsa, əlbəttə, Azərbaycan hərbi güc yolu ilə işğal olunmuş torpaqlarını işğaldan azad edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti