`Baxmışam, hər şey təmiz, səliqəlidir` - Prezidentin sakinlərlə söhbəti

`Baxmışam, hər şey təmiz, səliqəlidir` - Prezidentin sakinlərlə söhbəti
  20 Oktyabr 2016    Oxunub:2840
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qazaxda səfərdə olarkən “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

AzVision.az həmin söhbəti təqdim edir:

Prezident İlham ƏLİYEV: Mən sizi salamlayıram. Bu gün Qazax rayonunda kəndli fermer təsərrüfatının işi ilə tanış oldum. Burada görülən işlər çox yaxşı təəssürat bağışlayır. Yaxşı iş görmüsünüz. Ölkəmizin, kənd təsərrüfatının inkişafı üçün belə təsərrüfatların çox böyük faydası var. Çünki bu gün ölkəmiz, bütün regionlar hərtərəfli inkişaf edir. Kənd təsərrüfatı bu gün prioritet sahədir. Qısa müddət ərzində burada görülən işlər onu göstərir ki, əgər güclü iradə varsa hər bir işi görmək olar. Bu gün mənə göstərildi ki, vaxtilə suvarılmayan torpaq sahələrində indi suvarma işləri aparılıb, ən müasir texnologiyalar tətbiq olunub və beləliklə yüzlərlə hektar torpaq sahəsi artıq əkinə cəlb edilib.

Rayon sakini Yeganə OSMANOVA: Əziz Prezident, bizim kəndimizə xoş gəlmisiniz. Çox sağ olun ki, bizim üçün belə şərait yaradırsınız. Siz bununla ikinci dəfədir ki, bizim kəndimizdə olursunuz. 2009-cu ildə orta məktəbin açılışında iştirak etmisiniz.

Mən də bu müəssisədə çalışıram. Əvvəllər Ağstafa rayonunda işləyirdim. Yolum uzaq olduğu üçün burada işə düzəldim. Çox sağ olun. Kəndimizdə qazdan, işıqdan, sudan korluğumuz yoxdur. Kəndimiz şəhərə bənzəyir. Sağ olun, Sizdən çox razıyıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Yeganə OSMANOVA: Yoldaşım da işləyir, özüm də işləyirəm, ailəmizi saxlayırıq. İş saatımız da çox gözəldir. Maaşımız da düzəlib.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Neçə saat işləyirsiniz?

Yeganə OSMANOVA: Saat 9-dan 6-dək.

Prezident İlham ƏLİYEV: Hər gün işləyirsiniz?

Yeganə OSMANOVA: Bəli, hər gün.

Prezident İlham ƏLİYEV: Bu kənddə yaşayırsınız?

Yeganə OSMANOVA: Bəli, bu kənddə yaşayıram.

Prezident İlham ƏLİYEV: İndi kənddə iş yeri yaradılıb. Əvvəllər Ağstafaya getməli olurdunuz.

Yeganə OSMANOVA: Çox sağ olun, Allah Sizi pənahında saxlasın.

Prezident İlham ƏLİYEV: Mən görürəm ki, burada qadınlar da işləyir. Bu da çox vacibdir.

Rayon sakini Elnarə QASIMOVA: Cənab Prezident, xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq. Sevincimizin həddi-hüdudu yoxdur. Çox sağ olun ki, belə bir şərait yaratmısınız. Bizim kəndin camaatı belə gözəl işlə təmin olunub.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Elnarə QASIMOVA: Elə mənim özüm də əvvəllər işləmək üçün yoldaşımla Bakıda kirayədə qaldım. İşləyə bilmədim, çətinlik çəkdik. İndi, şükür, öz kəndimizdə belə bir şərait yaranıb. Çox sağ olun, var olun. Allah Sizi, ailənizi qorusun. Allah Sizi bu millətə, bu xalqa çox görməsin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm. Mən çox şadam ki, burada insanlar işə cəlb olunub. Qadınlar da işləyir. Burada iş şəraiti də yaxşıdır. Baxmışam, hər şey təmiz, səliqəlidir. Yəni, iş şəraiti yaxşı olmalıdır ki, insanlar daha da böyük həvəslə işləsinlər.

Türkiyəli mütəxəssis Kamal AŞKIN: Mən Türkiyədən gəlmişəm. Sizə Türkiyədən ehtiram və salamlar gətirmişəm. Burada kartofçuluq üzrə məsləhətçi olaraq işləyirəm. Mən 35 ildir bu sahədə çalışıram. Daha əvvəl də Azərbaycanda olmuşam. Həqiqətən ölkənizin, xüsusilə Qazax bölgəsinin bol suyu və torpağı kartofçuluq üçün çox münasibdir. Çox gözəl bir yerdir.

Prezident İlham ƏLİYEV: Kartofçuluq burada yaxşı inkişaf edir.

Kamal AŞKIN: Burada hədəfimiz hər hektardan 60 ton kartof götürməkdir. İnşallah, buna nail olacağıq.

Prezident İlham ƏLİYEV: İndi hektardan nə qədər yığılır? Hektardan 60 ton olacaq, amma bu gün nə qədərdir?

Kamal AŞKIN: Bu gün təxminən 40 tondur. Aqrotexnika, təkmilləşdirilmiş bu avadanlıq və suvarma sistemləri ilə buna nail olacağımıza inanıram.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Kartofçuluq çox faydalı kənd təsərrüfatı sahəsidir. Fermerlər üçün yaxşı gəlir gətirir və ölkəmiz üçün çox lazımdır. Düzdür, biz özümüzü kartofla təmin edirik və müəyyən dərəcədə ixrac da edirik. Ancaq az ixrac edirik. Daha çox ixrac edə bilərik. Bizdə ildə təxminən bir milyon tona qədər kartof yığılır. Bəzən bir milyon, bəzən 900 min ton, ildən-ilə dəyişir. Ancaq biz mütləq kartofun istehsalını artırmalıyıq. Çünki dünyada bu məhsula böyük tələbat var. İkincisi, bizim kartofumuzun keyfiyyəti çox yaxşıdır, təbiidir, insan orqanizmi üçün xeyirlidir və ətrafımızda bazarlar var.

Kamal AŞKIN: Çox böyük Rusiya bazarı var. Rusiya 40 milyon ton kartof istifadə edir.

Prezident İlham ƏLİYEV: Bəli, biz də o bazarlara çıxmalıyıq. Biz Rusiyaya kartof ixrac edirik, amma az. Biz daha da çox ixrac edə bilərik. Bax, belə fermer təsərrüfatlarının təşkili bu imkanı yaradacaq.

Bir məsələ də var. Hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Misal üçün, Qazax rayonunda kartofçuluq çox gəlirli bir sahədir. Həm iqlim, həm də torpaq uyğundur. Ona görə bu sahəyə daha çox diqqət vermək lazımdır. İndi biz subsidiyalarda da dəyişikliklər edirik. Subsidiyalar son məhsula görə veriləcək. Əlbəttə fermerlər də, özləri müəyyən etməlidirlər ki, nə əkəcəklər, becərəcəklər. Eyni zamanda, dövlət bu məhsulların ixracı ilə də məşğuldur, kömək göstəriləcək. Bu yaxınlarda ərzaq məhsullarının tədarükü və təchizatı üzrə dövlət qurumu yaradılıb. Onun da işi fermerlərə kömək etməkdir. Çünki məsələn burada, yaxud da ki, başqa bir rayonda fermer xarici bazarlara çıxmaq üçün əziyyət çəkir, problemlər yaranır. Fermer gərək məhsulunu tarlada satsın, pulunu alsın və yaxşı yaşasın.

Kamal AŞKIN: Bu gözəl müəssisəyə uğurlar diləyirəm. Çox qısa zamanda böyük işlər gördük. Bu soyuducu anbarları genişləndirsək, saxlama şəraitini yaxşılaşdırsaq, o zaman işlər daha da irəliyə gedəcək.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. İndi hər bir rayon üzrə xüsusi inkişaf planı tərtib edilməlidir. Düzdür biz üç dəfə regional inkişaf proqramı qəbul etmişik. Ancaq bu gün hər bir rayon öz imkanlarına, torpaq fonduna, su resurslarına, texniki təminatına daha da ciddi baxmalıdır ki, bir qarış boş torpaq qalmasın. İcra başçısı mənə məruzə edir ki, təxminən 30 min hektar suvarılmayan sahələr var. Biz buraya gərək su gətirək. İnsanlar daha çox işləyəcəklər, daha çox pul qazanacaqlar. Yəni, bu işi dövlət görəcək. İndi Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülür. Ancaq bu işlər daha konkret plan - texnika, gübrələr, suvarma, toxumçuluq əsasında görülməlidir.

Aqronom Rahid QASIMOV: Cənab Prezident, mən də kəndli fermer təsərrüfatında Sizi salamlayıram. Biz çox sevinirik. Sizin kənd təsərrüfatına diqqətinizin nəticəsidir ki, belə bir təsərrüfat yaranıb. Mən də burada öz ixtisasıma uyğun işlə təmin olunmuşam.

Prezident İlham ƏLİYEV: Harada oxumusan?

Rahid QASIMOV: Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmişəm. İndiyədək öz ixtisasıma uyğun iş tapa bilməmişdim.

Prezident İlham ƏLİYEV: Sən hansı sahə üzrə mütəxəssissən?

Rahid QASIMOV: Meyvə-tərəvəz, üzümçülük. Qazax rayonunda da meyvə-tərəvəzçilik, üzümçülük geniş yayılmışdır.

Prezident İlham ƏLİYEV: Bəli, düzdür. Çox yaxşı.

Rahid QASIMOV: Cənab Prezident, bu gözəl rayonumuzu inkişaf etdirdiyiniz üçün, bu sahəni yaratdığınız üçün Sizə öz minnətdarlığımızı bildiririk. İş yerləri ilə təmin olunmuşuq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ ol. Belə təsərrüfatlar çox olmalıdır. Hər bir yaşayış məntəqəsində buna oxşar müəssisələr yaradılmalıdır. Bu müəssisə yox idi, bax, bu insanlar işsiz qalmışdılar.

Sakinlər: Çox sağ olun. İndi işləyirik. Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Prezident İlham ƏLİYEV: Mən Sizdən də çox sevinirəm. Sağ olun.

Sonda xatirə şəkli çəkdirilib.


Teqlər:





Xəbər lenti