Həmsədlərin səfəri kimə lazımdır? - ŞƏRH

Həmsədlərin səfəri kimə lazımdır? - ŞƏRH
  24 Oktyabr 2016    Oxunub:3845
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regiona səfərə gəliblər. Azərbaycana səfər zamanı həmsədrləri prezident İlham Əliyev qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, işğal olunmuş torpaqlar Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.

Uorlik ABŞ dövlət katibi Con Kerrinin Qarabağla bağlı bəyanatına münasibət bildirib. Həmsədr Kerrinin açıqlamasından sonra yaranan gərginliyi aradan qaldırmağa və onu müdafiə etməyə başlayıb.

Bildirib ki, Con Kerri tərəflərlə işləyərək münaqişənin sülh yolu ilə həlli işinə öhdəliyini nümayiş etdirib: “Bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb. Cənab Kerri bir neçə ay əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər”.

Həmsədrlərin regiona növbəti səfərini AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirov hesab edir ki, həmsədrlərin regiona növbəti səfəri öz hesabatlarını zənginləşdirmək məqsədi daşıyır.

“Həmsdərlərin regiona səfərlərində əsas niyyət ondan ibarətdir ki, əvvəlcə xarici işlər nazirləri, sonra isə prezidentlər səviyyəsində görüş təşkil etsinlər. Artıq ilin yekunlaşmaq üzrə olduğunu nəzərə alsaq, həmsədrlər ciddi cəhdlə çalışırlar ki, heç olmasa bircə dəfə də prezidentlər səviyyəsində görüş təşkil olunsun. Hansı ki, bu, daha çox öz fəaliyyətlərinə qiymət vermək üçün həmsədrlərə lazımdır. Ancaq, reallıq onu göstərir ki, həmsədrlər il ərzində üçüncü dəfə prezidentlər səviyyəsində görüşə nail olsalar belə müsbət nə isə gözləməyə dəyməz. Bu səbəbdən ki, artıq ABŞ dövlət katibi Con Kerrinin bəyanatı hər kəsə bəllidir və Azərbaycan prezidenti İlham Əliyev bu bəyanatı yumuşaq dillə desək “insafsız” bir mövqe kimi qiymətləndirib”.



Millət vəkili qeyd edib ki, danışıqların səmərəsiz olacağını Ermənistanın yeni formalaşan hökumətinin proqramı da təsdiqləyir: “Ermənistanda formalaşan yeni hökumət fəaliyyət proqramında Dağlıq Qarabağ münaqişəi ilə bağlı heç bir güzəştə getməyəcəyini açıqlayıb. Bu, onun göstəricisidir ki, Ermənistanla danışıqlardan və nəticədən söhbət gedə bilməz. Hesab edirəm ki, indiki halda münaqişənin həlli ilə bağlı prosesdə yenidən biz dalanla dirənmənin şahidi oluruq. Ermənistanın yeni hökumətinin proqramında əksini tapan belə bir bənd əslində danışıqlar prosesinə arxadan endirilən zərbə kimi dəyərləndirilməlidir.

Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllini istəyir. Ermənistan da guya bunu dəstəkləyir. Amma, işğalçı dövlətin bütün addımları ona yönəlib ki, danışıqlar baş tutmasın və ya baş tutacağı təqdirdə irəliləyiş olmasın. Yəni, Ermənistanın mövqeyi bunu deməyə əsas verir. Belə olan vəziyyətdə həmsədrlər nəyə ümid bəsləyirlər? Ona ümid bəsləyirlər ki, növbəti görüş və ondan sonra öz hesabatlarına görüşün təşkil olunması ilə bağlı yeni bir bənd əlavə edəcəklər. Onların məqsədi öz hesabatlarını “fəaliyyətləri” ilə zənginləşdirməyə yönəlib. Həmsədrlər bilir ki, prezidentlər səviyyəsində keçirilən hər görüşdən sonra müəyyən bir pauza yaranır. Guya özlərinin “fəaliyyəti” sayəsində münaqişənin müharibəyə çevrilməsinin qarşısını alırlar”.

E.Nəsirov vurğulayıb ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər: “Aprel döyüşləri onu göstərdi ki, münaqişə istənilən halda müharibəyə çevrilə bilər. Görünür, nə Ermənistan, nə də həmsədrlər bundan lazımı dərs ala bilməyiblər. Bu isə Nobel mükafatı laureatlı məşhur amerikalı yazıçı Bernard Şounun “Tarixdən dərs almaq lazımdır. Lakin insanlıq tarixi göstərir ki, onlar heç bir zaman dərs almırlar” fikrini xatırladır. Reallıq budur və bu gün də biz bunun şahidiyik”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir və belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır: “Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər ki, vəziyyət nəzarət altındadır. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər.



Görüş Ermənistan hakimiyyətinə ona görə lazımdır ki, status-kvonu uzada bilsinlər. Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirmək fikri ilə yekunlaşdırdı. Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daima nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını daima təzyiq altında saxlamasına ziddir. Bunun nəticəsidir ki, apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Bu bizə lazım deyil. Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzunmasını təminat altına alır”.

E.Şahinoğlu xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb: “Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Minsk Qrupu həmsədrləri işğal atındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirirlər. Bu haqda ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilıməsi ilə şərtləndirilməsi münaqişənin “paket həllidir” ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfərlərlə imtina edib”.

Politoloq vurğulayıb ki, həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe tutsalar da, apreldəki döyüşlərin bir daha təkrarlanmaması üçün fəallıq nümayiş etdirməyə məcburdurlar.

“Onların bölgəyə səfərləri və prezidentəri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu Azərbaycanın məqsədinə tərs düşür. Danışıqlarda irəriləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə “torpaqların boşaldılmasından söhbət bele gedə bilməz” deyirlərsə, bu prosesə “yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyasıyla sadəcə hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Məşhur filmdə deyildiyi kimi “artıq düyməyə basılıb və mexanizm işə düşüb, bunun qarşısını kimsə ala bilməz”. İndi apreldə də düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı “torpaqların işğal azad edilməsidir””.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti