Xorvatiya Azərbaycan qazının nəqlini gözləyir

Xorvatiya Azərbaycan qazının nəqlini gözləyir
  25 Oktyabr 2016    Oxunub:1527
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
AzVision.az xəbər verir ki, SOCAR-ın prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın təbii qazını Avropaya nəql edəcək “Cənub” Qaz Dəhlizinin seqmentlərini təşkil edən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin icra vəziyyəti barədə məlumat verib.

SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumunun imzalandığını deyən R.Abdullayev bildirib ki, bu sənəd regionun enerji təhlükəsizliyi və şaxələndirilməsi baxımından mühüm addımdır.

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ölkəsinin təşəbbüskarı olduğu İon-Adriatik qaz boru kəməri layihəsinin Avropanın, xüsusilə də Balkan ölkələrinin enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətini qeyd edib.

Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin tamamlanaraq İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmaqla Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözlədiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti