İlham Əliyev: `Bu vəziyyətdən minimal zərərlə çıxacağıq`

İlham Əliyev: `Bu vəziyyətdən minimal zərərlə çıxacağıq`
  25 Oktyabr 2016    Oxunub:3112
“Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur”.

AzVision.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib. Ölkə başçısının sözlərinə görə, regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub:

“Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir. Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik”.

İlham Əliyev əlavə edib ki, neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb və builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: “Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.

Prezident bildirib ki, Azərbaycan postsovet məkanında adam başına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub: “Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

“Nəqliyyat sahəsində layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan qlobal nəqliyyat qovşağına çevriləcək. Şərq-Qərb nəqliyyat dəhlizi artıq yekunlaşır. Həmin nəqliyyat dəhlizi Çindən Xəzər dənizi üzərindən, Azərbaycandan keçməklə Avropaya uzanır. Ümid edirəm ki, bir neçə aydan sonra biz həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Bil il başqa bir layihənin də icrasına başlanıb. Bu, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, 10 milyon tonlarla yükü öz üzərimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır” deyə prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda sabitlik hökm sürür və bütün sərmayələr dövlət tərəfindən qorunur: “Azərbaycan öz ehtiyatlarına arxalanan, özünü təmin edən, davamlı inkişafı bərqərar edən bir ölkədir. Biz neft qiymətlərini unutmaq əzmindəyik. Mən Azərbaycana daha çox xorvat sərmayələrinin qoyulmasını istərdim. Amma bu, qarşılıqlı maraq, fəaliyyət üzərində qurulan bir prosesdir. Sərmayələr, şirkətlər iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Ümid edirəm ki, biznes dairələrimizin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti